Qadınların informatikada rolu müzakirə ediləcək

20-03-2017 / 10:58

Azərbaycan ACM Bölməsi və ADA Universiteti ACM Tələbə Bölməsi aprelin 15-də “Ada mirası: informatikada qadınlar” mövzusunda 2-ci ACM tədbiri keçirəcək.

Xeberler.az-ın məlumatına görə, informatikada qadınların iştirakını təbliğ edən beynəlxalq tədbir  “womEncourage 2017” konfransı ərəfəsində ACM-W Avropanın dəstəyi ilə keçiriləcək.

“Ada mirası: informatikada qadınlar” ilk kompüter proqramçısı hesab olunan ingilis riyaziyyatçısı Ada Lavleysin (Ada Lovelace, 1815-1852) tarixi rolunu qeyd edir.

Artıq 2-ci il keçirilən tədbirin məqsədi texniki sahələrdə təhsil alan və ya işləyən xanımları bir araya gətirərək, beynəlxalq “womEncourage 2017” konfransında iştirak etməyə həvəsləndirməkdir.

Ötənilki tədbirdən sonra 5 azərbaycanlı tələbə səfər təqaüdü qazanaraq ilk dəfə bu beynəlxalq konfransda iştirak edib. Bu dəfə onlar tədbir iştirakçıları ilə konfrans təcrübələrini bölüşəcəklər.

 Bu il informatika sahəsinsində məşhur alim, bir qədər əvvəl Stanford Mühəndislik Fakültəsinin dekanı seçilmiş Professor Cennifer Uidom (Jennifer Widom) tədbirin qonağı olacaq.

Dəvət olunmuş digər qonaqlarla birlikdə texniki sahələrdə qadınların iştirakı barədə panel müzakirəsi keçiriləcək. Daha sonra panelçilər konfrans üçün təqdim olunan tədqiqat işlərini qiymətləndirəcək, təqdimatçılara məsləhətlər verəcəklər.

Tədbirin işçi dilləri Azərbaycan və ingilis dili olacaq.

Beynəlxalq “womEncourage” konfransının sponsoru ACM-W, informatika üzrə mötəbər elm və təhsil təşkilatı olan ACM-in qadınlar üzrə şurasıdır.

Builki konfrans 6-8 sentyabr Barselona şəhərində, Kataloniya Politexnik Universitetində keçiriləcək. Məqsəd xanım tələbələri, tədqiqatçı və peşəkarları informatikada öz nailiyyət və təcrübələrini bölüşmək üçün bir araya gətirməkdir.

ADA Universitetində baş tutacaq konfrans barədə daha ətraflı buradan məlumat əldə etmək olar.

Xeberler.az

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.