“Qara siyahılar” abunəçinin hesabından pul silinməsinin qarşısını alacaqmı ?

01-05-2015 / 10:20

Mobil operatorların kontent provayderləri çox vaxt məlumat vermədən tələb olunan məbləği abunəçinin hesabından silirlər.

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların reklam xarakterli SMS-ləri, mobil operatorlarla müqavilə əsasında fəaliyyət göstərən kontent operatorların fəaliyyəti  insanlarda ciddi narazılıq doğurmaqda davam edir. Müşahidələrimiz göstərir ki, bu barədə müxtəlif yazılar yazılıb, araşdırmalar  aparılsa da problem hələ də həllini tapa bilmir.

Yeri gəlmişkən, Xəbərlər bir müddət öncə bununla bağlı araşdırma apardı. Məlum oldu ki, bu məsələdə həm mobil operatorlar, həm də reklam SMS-ləri göndərən şirkətlər məsuliyyət daşıyır. Və aidiyyatı dövlət qurumlarının da bu sahəyə nəzarəti yetərincə deyil.  Çünki  məsələ ilə bağlı məsul qurumlar öz tərəflərindən məsələyə yanaşırlar və mobil istifadəçiləri nəzərı almırlar. Mobil operatorlar və şirkətlər qeyd edirlər ki, istifadəçilər özləri reklam kampaniyalarına qoşulur. Lakin istifadəçilərin əksəriyyəti onlara gələn qısa nömrələrdən xəbərsiz olduqlarını bildirirlər.

 Görünür, məsələyə məsul olan dövlət qurumları da problemin həlli istiqamətində heç bir fəaliyyət göstərmirlər  ki,  problem hələ də həll olunmayıb.

Son günlərdə isə məsələ daha ciddiləşib. İstifadəçilərin əksəriyyəti  reklam SMS-ləri almaqdan yorulduqlarını, onlardan xəbərsiz balanslarından pul silindiyini bildirirlər  və məsələnin geniş ictimaiyyətdə müzakirə olunub həllini tapmasını tələb edirlər.

Qeyd edək ki, məsələ Milli Məclisdə də müzakirəyə çıxarılmışdı. Deputatlar Milli Məclisə qanun dəyişikliyi ilə bağlı təklif veriblər. Reklam haqqında Qanuna dəyişiklikdə bunun tənzimlənməsi nəzərdə tutulub.

Sahil İT şirkətinin direktoru Vahid Qasımov  öz Facebook səhifəsində qeyd edib ki, mobil operatoruna gələn SMS-lərdən  narahat olaraq Bakcell-in  müştəri xidmətləri ilə əlaqə saxlayıb. Ona məlumat verilib ki,  AGNA kontent provayderi tərəfindən hesabımdan bu ay ərzində 4 dəfə pul çəkilib.

Məsələni aydınlaşdırmaq üçün AGNA ilə əlaqə saxlayan Vahid Qasımova hesabından  pul çəkdiklərini təsdiqləyiblər və bildiriblər ki, o, onların partnyoru olduğu saytdan video, oyunlar yükləyib. Lakin  onların qeyd etdikləri  həmin saytın adını və ya ünvanını deməkdən imtina ediblər.

Bu məsələdən narahat olan Vahid Qasımiv bildirib ki, hazırda AGNA şirkətini məhkəməyə vermək  istəyir.  Çünki o, heç bir saytdan video, oyun  yükləməyib və bu xidmətlərə  ödənişli abunə olmayıb. 

Vahid Qasımov problemin  hüquqi yolla həlli ilə bağlı sosial mediada müzakirələr aparır.

Məsələyə münasibət bildirən əksər istifadəçilər qeyd edir ki, onlar da hər gün bu problemlə qarşılaşırlar və hesablarından pulları silinir. Bu problemlə qarşılaşanlar  məsələnin media vasitəsi ilə geniş müzakirə olunmasını tələb edirlər.

İstifadəçilər qeyd edirlər ki,  mobil operatorların və reklam SMS-ləri göndərən şirkətlərin  və onların fəaliyyətlərinin qanuniliyi  araşdırılmalıdır.

Onların sözlərinə görə, Bakcell-in əməkdaşlıq etdiyi AGNA  şirkəti insanların ciblərinə girir.  

Digər istifadəçilər isə deyirlər ki, bu problem yalnız Bakcell mobil operatorunda yox, bütün mobil operatorlarında müşahidə olunur.

Məsələyə münasibət bildirən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib ki, bu, çox ciddi və aktual məsələdir. Onun sözlərinə görə, məsələni yenidən gündəmə gətirmək lazımdır.

“Həm də düşünürəm ki, bu problem artıq hamıya, istifadəçilərə də, operatorlara da, qərar qəbul edən və bu qərarlara nəzarət edən şəxslərə də məlumdur.

Mən özüm şəxsən və həmçinin rəhbərlik etdiyim qurumlar və Xeberler.az  tərəfindən də bununla bağlı xeyli informasiyalar vermişəm. Elə millət vəkillərinin bəziləri bu problemi qaldırıblar”.

Osman Gündüz qeyd edib ki,  hələlik həm ictimai, həm də dövlət nəzarətinin yetərli olmaması faktından istifadə edərək bəzi şəxslər bu yolla “biznes” qura bilirlər. 

Onun sözlərinə görə, bu məsələyə  mobil operatorların cavabdehlik daşıması və onların məsuliyyət daşıması daha məntiqlidir:

“Çünki onlar bu tip şirkətlərlə müqavilə bağlayanda gərək onlara qarşı ciddi tələbləri olsun, şəffaflıq, onların hər an əlçatımlı olması şərtləri irəli sürülsün. Əgər bu tip şirkətlər əlçatan deyilsə, tapmaq olmursa, burda məsuliyyəti həm də mobil operatorlar daşıyır”.

Osman Gündüz bu məsələdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyini də günahlandırır:

“Mobil operatorlara lisenziya verən və lisenziya şərtlərinə əməl edilməsinə nəzarət edən də RYTN-dir. Deməli bu tip qanunsuzluqlarda RYTN də məsuliyyət daşıyır. RYTN  tənzimləmə səlahiyyətlərindən yetərincə istifadə edə bilmir və ya buna səy göstərmir”.

Forum rəhbəri onu da qeyd edib ki,  bu məsələdə istifadəçilər də diqqətli olmalı və maariflənməlidirlər.

İstehsalçıların hüquqlarına gəlincə isə Osman Gündüz qeyd edib ki,
İnternet, İKT və Mobil sahədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin hər hansı aktiv fəaliyyəti gözə dəymir.

“Konkret hallar üçün yeganə çıxış yolu məhkəmədir  və ictimai qınağın da faydası hədsizdir. Sosial mediada, İnternet mediada bu problemi gündəmdə saxlamaq da problemin həllinə kömək edə bilər” –  deyə Osman Gündüz  vurğulayıb.

Osman Gündüz qeyd edib ki, məsələnin tam şəkildə həll olunması üçün mobil operatorlara, məsul  dövlət qurumlarına rəsmi müraciətlər göndərmə və həmçinin  Milli Məclisdə bu problemin həlli ilə bağlı yekun nəticəni və yeni qaydaları diqqətdə saxlamaq lazımdır:

“Əgər mobil operatorlar arzulasa və normal informasiya sistemləri qursalar, problemi  həll etmək mümkündür”.

Qeyd edək ki bu istiqamətdə RYTN və Antiinhisar qurumu bu yaxınlarda toplanarq məsələni müzakirə edib. Milli Məclisə qanun dəyişikliyi ilə bağlı təklif veriblər. Reklam haqqında Qanuna dəyişiklikdə bunun tənzimlənməsi nəzərdə tutulub.

Bakcell şirkətindən məsələyə münasibət bildirərkən qeyd edilib ki, reklam və digər xarakterli qısa mesajların göndərilməsi prosesində adətən bir neçə tərəfin iştirakı tələb edilir. Bildirilib ki, abunəçilərə göndərilən “kütləvi SMS”lər adətən Bakcell tərəfindən deyil, digər şirkətlər tərəfindən göndərilir.

Məlumata görə, kütləvi SMS-lərin isə 3 növü var:  operator tərəfindən yeni tarif və ya məhsullar barədə göndərilən məlumat, üçüncü tərəflər (yəni məzmun və xidmət təchizatçıları) tərəfindən təqdim olunan xidmətlər, dükan, bank və digər şirkətlərin reklam xarakterli mesajları.

Bakcell şirkəti bildirir ki, şirkətin  aldığı  şikayətlərin əksəriyyəti reklam xarakterli mesajların göndərilməsi ilə bağlıdır. Buna səbəb isə abunəçilərimizin ticarət və satış nöqtələrində və həmçinin banklar və digər obyektlərdə müəyyən məhsulların əldə edilməsi zamanı satıcılara (və ya satış nümayəndələrinə) öz mobil nömrələrini təqdim etməsidir.

Bildirilib ki, bu kimi mesajlara Bakcell tərəfindən nəzarət edilmir, çünki bu SMS-lər həmin şirkətlərin öz müştərilərinə göndərdiyi məlumatlardır və onların tərəfimizdən bloklaşdırılması müqavilənin şərtlərinin pozulması kimi qəbul olunacaq. Həmçinin qeyd etmək lazımdır ki, müəyyən şirkətlər və ticarət nöqtələri öz müştərilərinə reklam xarakterli mesajların göndərilməsi üçün üçüncü tərəflərlə (xidmət və məzmun təchizatçıları) ilə müqavilə bağlayır. Bu halda həmçinin, müştəri barədə məlumat (telefon nömrəsi və s.) elə müştərinin özü tərəfindən satıcılara təqdim edilir (məsələn reklama cavab verməklə və yaxud güzəşt və s. kimi kartların əldə edilməsinə dair ərizə formasını doldurmaqla).

Bakcell tərəfindən göndərilən SMS-lərə gəldikdə isə, bildiriblər ki, müəyyən SMS-in göndərildiyi nömrəyə “STOP” sözünü göndərməklə mesajların göndərilməsinə qadağa qoymaq olar. Bundan əlavə, istənilməyən mesajlar məsələsinin həllinə dair məlumat Bakcell tərəfindən müntəzəm olaraq şirkətin rəsmi sosial media kanalları vasitəsilə abunəçilərə çatdırılır.

Onu da qeyd ediblər ki, ödənişli xidmətlər abunəçinin yalnız özü tərəfindən SMS və yaxud müəyyən İnternet səhifələri vasitəsilə aktivləşdirilə bilər. Digər provayderlər isə çox vaxt məlumat vermədən tələb olunan məbləği abunəçinin hesabından silirlər:

 “Şirkətimiz tərəfindən göndərilən SMS-lər ödənişli deyil və müştərinin balansına təsir etmir. Bakcell şəbəkəsində qısa mesajların alınması pulsuz olan bir xidmətdir. Ödənişli xidmətlərdən istifadə üçün isə qoşulma tələb olunur. Bəzi hallarda isə müştərilər yeni SİM və yaxud tarif paketinin hissəsi olaraq müəyyən xidmətlərə qoşulmuş olurlar, bu isə yeni paketin şərt və qaydalarında qeyd edilir və yalnız Bakcell xidmətlərinə aiddir”.

Məlumatda o da qeyd olunub ki, Bakcell şirkəti yaxın günlərdə kütləvi SMS-lərin idarə olunması üçün yeni platforma istifadəyə verəcək. Yeni xidmət sayəsində abunəçi özünün “ağ siyahı”sını formalaşdıracaq, SMS almaq istədiyi mağazanın, şirkətin, bankın və s. obyektlərin adını daxil edəcək və beləliklə də yalnız özünün arzuladığı reklam və informasiya xarakterli SMS-ləri alacaq. Bunun üçün abunəçi xüsusi nömrəyə SMS göndərməli olacaq.

AzeriCom şirkətinin baş direktoru Vüqar Əliyarov  deyir ki, şirkətlər bu məsələdə daha diqqətli olmalıdırlar. Abunəçinin icazəsi, istəyi olmadan ona reklam və ya servis SMS-ləri göndərmək düzgün deyil. Şirkət rəhbəri deyir ki, bəzən AzeriCom-a da servis mesajları ilə bağlı şikayətlər daxil olur:

“Bütün xidmətlərimizdə çalışırıq ki, müştərilər abunə olduqları  xidmətlərlə bağlı ətraflı məlumat ala bilsinlər ki, sonradan belə problem olmasın. Müştəri bilməlidir ki, xidmətlərimizdə qeydiyyatdan keçdikdən sonra onlara hansı SMS-lər gələcək və balanslarından nə qədər xidmət haqqı tutulacaq? Həmçinin bilməlidirlər ki,  istədikləri zaman servis SMS-lərinə qadağa qoya bilərlər”.

Vüqar Əliyarov deyir ki,  bəzən abonentlər özləri də bilmədən hanısa saytda reklam linkinə  keçid edirlər, qeydiyyatdan keçirlər və sonra  nömrələrinə servis mesajları göndərilir:

“Ola bilər ki, abunəçinin özü yox, evdə hər hansı bir yeniyetmə gənc telefonla oynayarkən xidmətlərə qoşula bilər. Yaxud onun yaxınlarından kimsə bilərəkdən xidmətlərimizə qeydiyyatdan keçə bilər. Bu zaman həmin abunəçiyə   qeyd olunduğu saytdakı xidmətlərlə bağlı  ödənişli servis mesajları təbii ki göndəriləcək”.

 Vüqar Əliyarov qeyd edib ki, şirkətin  təcürbəsində bu kimi hallarla rastlaşıblar və hətta bəzən  məsələ ciddi formada böyüyüb.  Məsələni araşdırarkən məlum olub ki, abunəçi özü istəyərək xidmətlərə daxil olub, nömrəsini qeydiyyatdan keçirib.

Onun sözlərinə görə, məsələnin həll olunmasının müxtəlif yolları var:

 “Hazırda Operatorlar tərəfindən sistem  formalaşdırılıb. Belə ki,  hər hansı istənilməyən xidmət mesajına  qadağa qoymaq olur. Bunun üçün şirkətdə  hər bir xidmətlərlə bağlı qısa nömrələr yaradılıb. İstəmədiyiniz xidmətin qısa nömrəsinə STOP yazıb göndərmək kifayətdir ki, sizə həmin  şirkətin servis mesajları gəlməsin”.

Vüqar Əliyarov onu da qeyd edib ki, qısa nömərəyə  SMS göndərəndə nömrəniz qara siyahıya daxil edilir. Bundan sonra abunəçilər yalnız məlumat xarekterli mesajlar  ala bilərlər:

“Həftədə bir dəfə şirkətimizə Operator tərəfindən “qara siyahı” gəlir. Onu bazamıza yükləyirik. Və partnyor olduğumuz saytların xidmətlərindən məlumat almaq istəyən müştərilər məlumat mərkəzi ilə əlaqə saxlamladırlar. Əks halda onların nömrəsi qara siyahıda olduğu üçün  əlavə dəyərli xidmətlərdən istifadə edə bilmirlər”.

 Vüqar Əliyarov qeyd edir ki, belə məsələlərdə müştərilər diqqətli olmalı, onlara təqdim olunan xidmətlər barədə ətraflı məlumat almalıdırlar:

 “Müştərin şikayəti olarsa, o, ilk növbədə Operatora müraciət edir. Operator isə onu xidmətlə bağlı olan şirkətə yönləndirir. Əgər şirkət məlumat verməkdən yayınırsa, yenidən Operatora müraciət edir və araşdırma aparılır. Müştərilərə ətraflı məlumat verilərsə, belə problemlər  yaşanmaya bilər”.

Şirkət direktoru vurğulayıb ki, son günlərdə Operatorlarda şirkətlərə bu kimi məsələlərlə bağlı ciddi xəbardarlıq göndərilib və qaydalar daha da sərtləşdirlib:

“Hər bir şirkətin Operatorla bağladığı müqavilə var və orada bununla bağlı bütün qaydalar müəyyən edilib və hətta  cərimələr də  var. Operatorla bağlanan müqavilədə qeyd olunub ki, daxili bazada olan nömərələr 3-cü tərəfə təqdim olunarsa şirkəti böyük məbləğdə cərimə gözləyir. Həmçinin qeyd olunub ki,  bütün xidmətlərlə bağlı müştərilərə tam məlumat  verilməlidir. Əks halda  şirkətə xəbərdarlıq gəlir, yenidən bu problem təkrarlanarsa,  hətta müqavilə ləğv oluna bilər”.  

 Məltəm Talıbzadə 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə