Qənimət Zahid: “Virtual seçki yeni texnologiyalardan kənarda qalan vətəndaşların siyasi proseslərdən kənarda saxlanması demək olardı”.

20-10-2010 / 15:30

Azərbaycanın ən müstəqil İKT portalı olan Xeberler.az-ın Seçki və İKT layihəsi davam edir. Müsahibimiz namizədliyi AXCP-Müsavat bloku tərəfindən 17 saylı Yasamal 3-cü seçki dairəsindən irəli sürülmüş Qənimət Zahiddir.

- Qənimət bəy, seçki marafonunda internet və yeni medianın imkanlarından necə istifadə edirsiz?

- Fəal istifadə edirəm. Bu, konkret olaraq bir seçki dairəsinə hesablanmasa belə, seçkiyə qoşulan insanlarda mənəvi-psixoloji üstünlük yarada bilər ki, bu da həm namizədin özü, həm də onun seçki qərargahı üçün ruh yüksəkliyi yaradan amildir.

- Azərbaycanda internet son illərdə kütləviləşməyə başlasa da, hələ də elə insanlar var ki, internet haqda anlayışları yoxdur. Sizcə internetdəki təbliğatın effekti olacaqmı?

- Azərbaycan texnoloji baxımdan geridə qalan ölkələrdəndir. Azərbaycan kompüterləşmə baxımından olduqca seyrək ərazidir. Amma buna baxmayaraq, ictimai fikrin formalaşmasında iştirak edən insanların əksəriyyəti bu texnologiyaya sahibdir. Deməli, birbaşa da olmasa, dolayı effekt var.

- Ümumiyyətlə, maraqlanmısız ki, sizin dairədən olan insanların neçə faizi internetin imkanlarından yararlanır?

- Mənim təqribi hesablamama görə bu göstərici 10 faizdən aşağıdır.

- Sosial şəbəkələr və bloqlar. Sizcə təbliğat üçün hansı daha üstündür?

- İndi sosial şəbəkələr daha üstün sayıla bilər. Onlar daha populyardır.

- Seçicilərlə görüşlərinizi bloqunuzda və ya youtube-də yayımlamaq fikiriniz varmı?

- Yəqin ki, mənim seçki qərargahım bu barədə düşünür.

İnternet portallara reklam verirsinizmi? Verəcəksizsə hansı şərtləri ödəyən saytlara üstünlük verirsiz?

- Yəqin ki, verməyəcəyəm. Pulsuz reklam yerləşdirmək istəyən portallar olsa, əməkdaşlıq edərəm. Amma bu, yalnız ona görə deyil ki, əlavə pula xəsislik edirəm. Sadəcə olaraq, seçki üçün ayrılan çox qısa zamanda  eyni işə görə həm pul, həm  vaxt, həm də enerji itirmək istəmirəm. Bunlardan hansınasa qənaət etmək lazımdır.

- Bəziləri düşünür ki, Azərbaycanda siyasi vəziyyət mürəkkəbləşsə facebook, youtube, tvitter kimi saytlara qadağa qoyulacaq. Sizcə belə bir hal ola bilərmi? Əgər olsa nə kimi tədbirlərə əl atacaqsınız?

- Tamamilə mümkündür. Siyasi vəziyyətin daha da gərginləşməsi Azərbaycanda inzibati xuntanın tamamilə və bütünlüklə bərqərar olması demək olardı. Xunta isə belə zərif texnologiyaları secməz; onun öz dəyərləri var.

Bu yaxınlarda deputatlığa namizədlərdən biri belə bir təklif irəli sürdü ki, seçkilərdən əvvəl virtual seçki keçirilsin. Onun fikrincə bu addım seçkiləri daha da şəffaf edər. Siz bu fikirlə razısınızmı? Sizcə belə bir şeyə ehtiyac varmı?

- Virtual seçki yeni texnologiyalardan kənarda qalan vətəndaşların siyasi proseslərdən kənarda saxlanması demək olardı. Bu, seçki yox rəy sorğusu ola bilər ki, təxmini reytinq göstəriciləri müəyyənləşsin, o qədər...

- Namized.com saytında virtual seçki keçirilir. Və hazırda siz orda lidersiz. Sizcə bu nəticə 7 noyabrda da təkrarlanacaqmı?

- Şübhəsiz!

- Xeberler.az-ın yeni layihəsi olan “Seçki və İKT” haqqında nə deyə bilərsiniz?

- Bütün yeni və mütərəqqi layihələrdə müdriklik payının olduğunu düşünürəm.

 

 


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə