Qlobal İT şirkətlərdə necə işləmək olar?

25-08-2017 / 17:21

Qlobal, məşhur texnologiya şirkətlərində işə qəbul ilə bağlı araşdırmalarımız davam edir.

İndiyə qədər IBM, Apple, T-Mobile kimi şirkətlər barədə yazı yayımlamışıq.

Bu dəfə isə hazırda Cənubi Koreyada Samsung Electronics şirkətinin baş ofisində veb platformalar qrupunda mühəndis (proqram təminatı üzrə) olaraq çalışan həmyerlimiz Adil Əliyev ilə iş imkanları barədə söhbət etdik.

İxtisas üzrə biliklərə malik olmaq lazımdır

Adil Əliyev deyir ki, ümumiyyətlə, qlobal şirkətlərdə proqram təminatı ilə bağlı vakansiyalara qəbul bir qədər çətin hesab olunur:

“Amma əslində məsələ ondan ibarətdir ki, əsas ixtisas üzrə biliklərə malik olmaq lazımdır. İnformatika ixtisası bir qədər gənc elm sahəsi olduğu üçün universitetlərdə öyrədilənlər bir çox hallarda fərqlənir. Lakin şirkətlər real məhsul istehsalçılarıdır yəni bu ixtisasın praktiki tərəfi ilə məşğul olurlar. Ona görə də praktiki bilikləri olan namizədlərə üstünlük verilir”.

Bu imtahan və ya müsahibə ən çətin hissədir

Onun sözlərinə görə, adətən namizədin alqoritmlər üzrə ümumi bilikləri yoxlanılır. Bu imtahan və ya müsahibə ən çətin hissədir. Bundan başqa seçilən vakansiyadan asılı olaraq digər spesifik məsələlərə toxunulur. Gənc məzunlar və təcrübə keçənlər üçün alqoritmlərə daha çox önəm verilir. Spesifik məqamları isə iş zamanı öyrənirlər. Yəni, ən çox önəm verilən məsələ alqoritmik biliklər, onun nəzəri əsasları və praktikada o alqoritmləri realizasiya etməkdir.

Şirkətlər bu seçimlərdə önəm verdiyi məsələlərə gəlincə öyrənirik ki, bu, şirkətdən asılıdır:

Namizədin şirkətdən gözləntiləri heç də hər zaman reallıqla üst-üstə düşmür

“Mən öz təcrübəmdə bundan əvvəl bir neçə yerə qəbul olmuşdum. Eyni zamanda, bu proseslərlə tez-tez maraqlanıram. Son zamanlar belə bir tendensiya da var ki, alqoritmik biliklərdən başqa həm də namizədin kollektivə uyğunlaşması, onun psixoloji keyfiyyətləri, yaradıcılığı və s. də nəzərə alınır. Bu məqamları rəsmi olaraq heç bir şirkət adətən qeyd etmir. Amma faktiki olaraq müşahidə olunur. Əslində anlaşılandır, çünki mən çox müşahidə etmişəm ki, namizədin şirkətdən gözləntiləri heç də hər zaman reallıqla üst-üstə düşmür. Şirkətlər öz işçiləri ilə uzunmüddətli əməkdaşlıq etmək istəyir. Əsasən gənc əməkdaşlar üçün gərgin iş rejimi, uzun müddət eyni layihədə çalışmaq, bir işi başlayıb sona çatdırmaq və s. kimi məsələlər darıxdırıcı gəlir. Ona görə şirkətlər adətən bu cür məqamları nəzərə almağa çalışırlar. Həm də şirkətlər yaradıcı insanlarla çalışmaq istəyir, bəzən insanların texniki bilikləri yüksək olsa da yaradıcılıqları o qədər də qənaətbəxş olmur. Bu cür işçilərlə çalışmaq çətin olur”.

Bu qaydalara xarici İT şirkətlərdə ciddi şəkildə əməl edilir

Həmyerlimiz deyir ki, belə şirkətlərin işə qəbul zamanı Sizə vədlər müxtəlif olur.

O əlavə edib ki, amma inkişafla bağlı qlobal şirkətlərdə qaydalar standartdır:

“Müqayisə üçün deyim ki, Azərbaycanda yerli şirkətlərin bir çoxunda maaş artımı, vəzifə artımı və s. ilə bağlı bir çox hallarda işçi təşəbbüs etməli olur, müdür də baxır vəziyyətə. Bəlkə bəzi dostlar mənimlə razılaşmaya bilər, amma bir çox şirkətlərdə belədir. Qlobal şirkətlərdə isə bu cür məsələlər avtomatik həll olunur. İşçi dəqiq bilir ki, filan vaxtdan sonra göstəricilərindən asılı olaraq bunun vəzifə artımı olacaq, yaxud maaş artımı olacaq, yaxud filan vaxtdan sonra bunun treyninqləri olacaq və s. Yəni bu qaydalar əvvəlcədən bəlli olur və çox ciddi şəkildə istisnasız olaraq əməl edilir”.

“Azərbaycanda məndən qat-qat daha güclü mütəxəssislər çoxdur”

Cənubi Koreyada məşhur İT şirkətlərdə işə qəbuldan danışan həmyerlimiz deyir ki, orada təhsil çox güclüdür və texnoloji ixtisaslara böyük önəm verilir:

“Ona görə namizəd sayı da çox olur. Amma bu o demək deyil ki, çox çətindir. Əgər mən gələ bilmişəmsə, deməli başqaları da gələ bilər. Düşünürəm ki, Azərbaycanda məndən qat-qat daha güclü mütəxəssislər çoxdur. Ona görə işə müraciət etməkdən çəkinməsinlər”.

Qalib olmaq şərt deyil...

İT mütəxəssis xarici böyük şirkətlərdə işləmək istəyənlərə tövsiyyələrini də bildirib:

“Məsləhətim odur ki, ilk olaraq alqoritmik biliklərə üstünlük versinlər. Universitetdə bunun necə keçilməsindən asılı olmayaraq müstəqil şəkildə hazırlaşsınlar. Bunun üçün onlayn kurslar var. Coursera, Edx, Udacity və s. kimi platformalardan istifadə etməklə Stanford, Harvard, MİT, Princeton kimi universitetlərin kurslarında onlayn iştirak etmək olar. Bundan başqa, Introduction to Algorithms (Charles E. Leiserson, Clifford Stein, Ronald Rivest, and Thomas H. Cormen) kitabını oxumağı tövsiyyə edirəm. Vaxtaşırı olaraq HackerRank sistemində məsələ etsinlər. Google Code Jam, Facebook Hacker Cup kimi müsabiqələrdə iştirak etsinlər. Qalib olmaq şərt deyil, əsas odur ki, iştirak etməklə bir çox şeylər öyrənmək olar”.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.