“Rabitə nazirliyi digər xərcləri aşağı salmasa, biz qiyməti saxlamalıyıq”

01-09-2009 / 15:57

Bu sözləri Azadlıq radiosuna yerli provayderlərdən biri olan AvirTel-in baş direktoru İsmayıl Şabani bildirib.

Xeberler.az bildirir ki, avqustun 31-də «İnternetin inkişafı üzrə koordinasiya şurası»nın növbəti iclasında Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, sentyabrın 1-dən ölkədə internetin qiyməti təxminən 3 dəfəyədək endirilir. Onun sözlərinə görə nazirlik digər provayder şirkətlərlə əməkdaşlıq edərək ölkədə internetin keyfiyyətinin yüksəlməsi, qiymətin aşağı düşməsi istiqamətində ardıcıl işlər aparır.

Yəni provayderlər indiyədək «Delta Telecom»dan aldıqları 1 MB/san internet üçün 275 manatın ödəyirdilərsə, sentyabrın 1-dən təxminən 110 manat ödəyəcəklər.

Bəs provayderlər 1 Mb/san. interneti istifadəçilərə neçəyə verəcəklər, ümumiyyətlə qiymətlərin bu şəkildə aşağı salınması onları qane edirmi?

Bu suala cavab almaq üçün AvirTel-in baş direktoru İsmayıl Şabani ilə söhbət etdik. Cənab Şabani dedi ki, ümumiyyətlə qiymətləri belə tez-tez aşağı salmaq çox müsbət haldır və heç bir ölkədə bu intensivlik müşahidə edilmir. Amma əgər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də özünə aid məsələlərdə endirim etməsə, trafikin qiymətinin aşağı salınması vəziyyətə ciddi təsir etməyək. Çünki provayderlər texniki məsələlərlə bağlı aylıq, birdəfəlik ödəmələr edir, kirayə xərcləri və sair verir ki, bunlar da az vəsait deyil. Ona görə də provayderlərə birdən birə qiyməti aşağı salmaq çətindir: «Delta Telekom trafikin qiymətini aşağı saldı. İndi biz gözləyirik görək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müxtəlif kirayə haqları ilə bağlı hansısa endirim edəcək, ya yox. Yəni hər iki məsələdə qiymətin aşağı salınması bizə arxayın xidmət göstərməyə şərait yarada bilər. Əgər belə olmasa, biz qiyməti saxlamalıyıq. Çünki keyfiyyətli xidmət üçün kompaniya maliyyə sərf etməlidir. Ona görə də bizim qiyməti nə qədər aşağı salacağımızı bu məqam müəyyən edəcək».

Rəsmi tərəf və mütəxəssislər deyir ki, qiymətlərin aşağı düşməsini istehlakçılar sentyabrın 1-dən yox, bir müddət sonra hiss edəcəklər. Çünki bunu reallaşdırmaq üçün vaxt lazımdır.
Azərbaycan İnternet Forumun rəhbəri Osman Gündüz isə deyir ki, əslində trafikin qiymətinin aşağı salınmasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə heç bir dəxli yoxdur.

«Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi öz ATS –ləri tərəfindən provayderlərdən tutulan qeyri qanuni haqları ləğv etməli, qanuni haqları isə bir neçə dəfə aşağı salmalıdır. Bu olar nazirliyin qiymətlərin düşməsi istiqamətində atdığı addım. Ancaq hələ ki, bu edilmir»

Osman Gündüz deyir ki, ölkədə sonuncu belə endirim bu il fevralın 1-də edilmişdi. Əvvəl bu müsbət hal kimi dəyərləndirilsə də, sonradan provayderlər tərəfindən internetin keyfiyyətinin aşağı salınması, bu addımın əhəmiyyətini xeyli azaltmışdı.

«Yəni bəlli oldu ki, provayderlər əslində qiyməti yox, sürəti iki dəfə aşağı salıblar. Ümidvarıq ki, bu qiymət endirimi yenidən 2-ci səviyyəli provayderlər tərəfindən internetin keyfiyyətinin pisləşdirilməsinə yönəlməyəcək».

Azərbaycan İnternet Forumun rəhbəri hesab edir ki, əslində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi öz resurslarından istifadə haqqı ilə bağlı hansı endirimləri etməsi və özəl provayderlərin hələ də regionlara niyə gedə bilməməsi barədə məlumat versəydi daha yaxşı olardı.

Bununla belə o Delta Telekom-un Wi-Max texnologiyasının tətbiqinə başlamasını müsbət dəyərləndirir və bunu əhəmiyyətli addım kimi dəyərləndirir.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.