“Reklama yalnız pul xərcləməklə effektli etmək olmur”-Müsahibə

13-03-2018 / 16:17

Bu gün çox rahatlıqla deyə bilərik ki, sosial media dünyanı öz əhatəsinə alıb.

Bunu istifadəçilərin sosial mediada keçirdiyi vaxt və fəliyyətlər barədə statistikalar da təsdiq edir.

Sosial medianın auditoriyası onun reklam üçün istifadə olunmasına da gətirib çıxardı. Belə ki, hazırda dünyanın aparıcı firmaları, şirkətləri Sosial mediada reklamlarla bağlı maraqlı işlər görür, layihələr hazırlayır və böyük gəlir əldə edir.

Orkhanrza.com-un açıqladığı yeni statistikada qeyd edilir ki, hazırda Azərbaycanda aktiv Facebook istifadəçilərinin sayı 1.73 milyon təşkil edir. Bunların 68.2%-ni (1.18 milyon) kişi, 31.8%-ni (0.55 milyon) qadınlar təşkil edir.

Məhz reklam işlərinin onlayn mediaya keçməsi yeni peşə sahələrinin yaranmasına səbəb oldu.

Məsələn, Azərbaycanda son illərda yaranan, hazırda əksər vakansiyalarda gördüyümüz SMM (Sosial Media Menecer) də bu peşələrdən ən məşhurudur.

Görəsən, bu sahə ölkəmizdə necə inkişaf edir? Yeni medianın ənənəvi mediadan üstünlükləri nələrdir? Yeni mediada reklamla bağlı prosseslər necə dövr edir?

Bütün bunlarla bağlı ətraflı sosial media üzrə tanınmış mütəxəssis Orxan Rzayevlə söhbət etdik.

Müsahibəni təqdim edirik:                                 

- Orxan bəy, elə birbaşa reklamlardan danışaq. Azərbaycanda Sosial mediada reklama nə dərəcədə əhəmiyyət verilir?

- Azərbaycanda sosial mediada reklam çox sürətlə inkişaf edir. Biz bunu gündəlik sosial media istifadəçisi olaraq müşahirə edirik. Deyə bilərəm ki, hazırda daha çox kiçik və orta şirkətlər bu platformada reklamdan istifadə edir. Həmçinin, artıq böyük şirkətləri də digər ənənəvi reklam kanalları ilə yanaşı sosial mediaya da ciddi yatırım edir. Məsələn, banklar, holdinqlər, şirkətlər sosial mediaya kifayət qədər pul xərcləyir.

- Yeni texnologiyalar reklam sektorunda nə kimi imkanlar yaradır?

- Ümumiyyətlə, sosial mediadakı reklamı ənənəvi reklamdan fərqləndirən bir çox məqam var. Belə ki, sosial mediada seqmentasiya imkanı genişdir. Bu, ənənəvi kanallarda çox dar çərçivədə olur. Məsələn, sizin televiziyada reklam etmək istədiyiniz idman malları, məhsulları ilə bağlı bir şirkətiniz olsa, futbol verilişinin əvvəlində və ya ortasında reklam verirsiniz ki, təxmini auditoriyanı – idmansevərləri hədəfləyə biləsiniz. Sosial media isə imkan verir ki, izləyiciləri sinifinə, yaşına, cinsinə, maraq dairələrinə görə seçə biləsiniz. Sosial medianın təqdim etdiyi bir fərqli məqam isə qiymət məsələsidir. Ənənəvi kanallarda deyək ki, hər 1000 nəfərə reklam görstərməyin qiyməti 40-50 dollar arası dəyişirsə, sosial mediada bu rəqəm təxmini 1-2 dollardır. Sosial medianın digər üstünlüyü isə kontentlə bağlıdır. Belə ki, kontentin maraqlı olması baxış sayının bir o qədər çox ola bilməsi deməkdir. Mənə görə, Azərbaycanda hər bir sahibkar ən azı 100 dollarlıq büdcə ilə sosial media reklamını test etməlidir. Bu, Facebook-da və ya Instagram-da ola bilər, Çünki hazırda həm qiymətin ucuzluğu, həm də populyarlığı baxımından ölkədə Facebook və Instagram var.

- Azərbaycanda bu sahə necə inkişaf edir? Məsələn, sosial media resurslarında, Google-da Azərbaycan dilində reklama icazə verilməsi üçün hansı tələblər var? İstənilən Şəxs Google-da reklam verə bilirmi?

-Google-da reklam vermək istənilən şirkətdə mümkündür. Sadəcə olaraq, Google-un müəyyən standartları var. Yeri gəlmişkən, bu yaxınlarda Google-da Azərbaycan dili ilə bağlı müəyyən məhdudiyyətlər oldu. Hazırda tam istədiyimiz şəkildə kontenti reklama verə bilməsək də, orada müəyyən şərtlər var ki, onlara riayət etməklə reklam yayımlamaq olur.

- Ölkəmizdə sosial media reklamlarında örnək göstəriləcək şirkətlər varmı?

-Bu gün sosial mediada reklamın effektiv olması üçün Sizin hazırladığınız məzmun və verdiyiniz mesaj çox önəmlidir. Çünki reklama yalnız pul xərcləyib insanlara göstərməklə effektli etmək olmur. Ona görə Sizin yaradıcı tərəfiniz yüksək olmalıdır ki, onların hazırladığı məzmun ödənişli reklam edildikdə daha çox insanın diqqətini cəlb etdin. Məlumdur ki. bu gün insanların dostluğundakı dost sayı bir neçə mindir, izlədiyi səhifələrin sayı bəlkə də 1000-i keçib. Həmçinin, o, ödənişli reklamları da görür. Bu reklamların da diqqəti cəlb etməsi üçün maraqlı və yaradıcı olması lazımdır. 

-Son dövrlər Facebook reklamla bağlı yeni qaydalar, məhdudiyyətlər tətbiq edir. Bu, sosial media reklamlarına necə təsir edir?

-Facebook-un tətbiq etdiyi bütün qaydalar daha çox gəlir əldə etmək üçündür. 2015-ci ildə Facebook-un reklam gəliri 7 milyard dollar, 2016-cı ildə 27 milyard dollar idisə, 2017-ci ildə bu 40 milyard dollar oldu. Yəni, bütün edilən dəyişikliklər, yeni alqoritmin tətbiqi daha çox pul qazanmağa yönəlib. Çünki bu bir biznesdir. Bununla yanaşı, Facebook bildirir ki, istifadəçi və şirkətlərin hüquqlarını qorumağa çalışır. Ona görə də şirkət tez-tez parametrlərdə dəyişikliklər və əlavələr edir ki, həm istifadəçiləri narahat edən amillər olmasın, həm də şirkətlər daha çox gəlir əldə etsin. Biz də məcburuq ki, bu dəyişiklikləri izləyək və hansı faydalıdırsa, onları istifadə edək.

-Ümumiyyətlə, bu sahənin yaxın dövrdəki gələcəyi ilə bağlı hansı proqnozu vermək olar?

- İnternet dünyasının daha da inkişaf edəcəyi aydındır. Hesab edirəm ki, daha çox rəqəmsal texnologiyalar, alətlərin həyatımıza daxil olacaq. Həmçinin, sosial media da həyatımızın bir parçası olmağa davam edəcək. Ola bilər ki, yaxın zamanda başqa sosial media “parıldasın” və Facebook-u geridə qoysun. İstisna etmirəm ki, yaxın 2, 5 il ərzində yeni platforma yarana da bilər. Və yaxud da Facebook indiki kimi davam edə bilər. Çünki Facbook-da olduğu kimi, video, foto tipli paylaşım formaları gündəlik həyatımızda öz yerini qorumağa davam edəcək. Buna görə də həm şəxsi , həm də biznes həyatımızda bunlardan düzgün və effektiv istifadə etməyi bacarmalıyıq. Biznes həyatında hansı platforma bizim müraciət etdiyimiz bazarda aktiv, populyardırsa və reklam imkanları vardırsa, bunları araşdırıb onlardan istifadə etməliyik.

 

Elnarə İzel

Elşən Abdulkərimov


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.