Rəqəmsal Ticarət Qovşağı təqdim edilib-Foto

30-06-2017 / 13:26

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə Rəqəmsal Ticarət Qovşağının təqdimatı mərasimi keçirilib.

Xeberler.az-ın məlumatına görə, İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı açılış nitqi ilə çıxış edərək bildirib ki, Rəqəmsal Ticarət Qovşağı Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişməsində keyfiyyətcə yeni rolunu müəyyən edir:

“Azərbaycan faktiki olaraq müsəlman və türk aləmində ilk rəqəmsal ticarət qovşağını təqdim edir. Böyük Britaniya, Estoniya, Malayziya və başqa ölkələrin qabaqcıl təcrübəsi nəzərə alınıb. Cənab Prezidentin rəhbərliyi ilə aparılan kompleks iqtisadi islahatların tərkib hissəsi kimi Rəqəmsal Ticarət Qovşağı regional əhəmiyyət daşıyır.”

Daha sonra Azexport portalının rəhbəri Zaur Qardaşov Rəqəmsal Ticarət Qovşağının elektron versiyasının təqdimatını edib.

Zaur Qardaşov bildirib ki, Rəqəmsal Ticarət Qovşağı elektron pul kisəsi və elektron imza, o cümlədən ASAN imzanı qeyri-rezidentlərə təqdim etməklə sahibkarların xarici tərəfdaşlarla əlaqələrini daha da asanlaşdıracaq. Bundan başqa Qovşaq qeyri-rezidentlərə elektron imza, o cümlədən, ASAN imzadan istifadə edərək, Azərbaycanda müəssisə, bank hesabları açmağa, idxal-ixrac əməliyyatları həyata keçirməyə imkan verəcək. Portal vasitəsi ilə bu əməliyyatların elektron qaydada reallaşdırılması qaydaları sahibkarlara təqdim olunub.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev qeyd edib ki, Azərbaycan Rəqəmsal Ticarət Qovşağının fəaliyyətə başlaması ölkə iqtisadiyyatında ixracın genişləndirilməsi, investiyaların cəlbi baxımından əhəmiyyətlidir.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev isə bildirib ki, sahibkarların qlobal bazarlara çıxması və yeni texnologiyalardan faydalanması baxımından Rəqəmsal Ticarət Qovşağı vacib rola malikdir.

Rəqəmsal Ticarət Qovşağının təqdimat mərasimində Azexport portalı, Rəqəmsal Ticarət Qovşağı ilə bağlı bir neçə tanıtım çarxı nümayiş etdirilib. Bunlardan biri sahibkarların Azexport portalına cəlb edilməsi məqsədi daşıyıb.

Rəqəmsal Ticarət Qovşağının təqdimatı mərasiminin sonunda iştirakçıların təqdimatla bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə yaradılan Rəqəmsal Ticarət Qovşağının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.