Rəqəmsal yayımı kimlər qəbul edə bilməyəcək?

04-09-2015 / 18:08

Məlum olduğu kimi, uzun müddətdir ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkədə rəqəmsal yayıma keçidlə bağlı müxtəlif tədbirlər görülür.

İlin sonuna kimi Azərbaycanda anoloq yayımın dayandırılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə işlər davam edir.

Analoq yayımın ölkədə dayandırılması və tamamilə rəqəmsal yayıma keçid məsələsinə isə cəmiyyətdə birmənalı yanaşma yoxdur.

Ekspertlər hesab edir ki, rəqəmsal yayıma keçid ölkə üçün çox əhəmiyyətli hesab olunur və üstünlükləri olsa da, rəqəmsal televiziyaya keçid bölgələrdə yaşayan əhali üçün bəzi çətinliklər yaradacaq.

İddia olunur ki, hazırda ölkədə rəqəmsal yayıma keçmədən əvvəl mövcud vəziyyəti nəzərə almaq lazımdır ki, rəqəmsal yayımı qəbul edə bilməyən vətəndaşlar televiziyanın xidmətindən necə istifadə edəcək. Belə ki, köhnə model televizorların rəqəmsal yayımı qəbul etmək imkanı yoxdur. Yəni, rəqəmsal yayımı qəbul etmək üçün vətəndaşlar köhnə televizorlara quraşdırmaq məqsədilə dekoder adlanan avadanlıq almalıdır.

Ekspertlər mövzunu Xeberler.az-a şərh edib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Xeberler.az-a
rəqəmsal yayıma keçidin əhəmiyyətindən, istifadəçilər üçün üstünlüklərindən danışıb. O, rəqəmsal yayıma keçidin çox əhəmiyyətli olmasını bildirib:

“Rəqəmsal yayımın keyfiyyəti daha yüksəkdir, eyni zamanda bir tezlik üzərindən bir neçə kanal yayımlamaq olar, bu tezlikdə digər xidmətlər də göstərmək mümkündür.Analoq yayım zamanı istifadə olunan tezlik resursları boşalacaq və bu tezlik resurslarından daha effektiv istifadə etmək mümkün olacaq”.

Osman Gündüzün sözlərinə görə, rəqəmsal yayımının üstünlükləri olsa da, bu fəaliyyətə keçiddə ehtiyatlı olmaq lazımdır:

“Hazırda istifadədə olan televizorların bir qismi rəqəmsal yayımı dəstəkləməyəcək. Rəqəmsal yayımı dəstəkləmək üçün köhnə tip televizorda dekoder cihazı olmalıdır. Bu texnologiylar bu müasir televizorların bir çoxunda var. Lakin əvvəldən istifadə olunan televizorlar ki var, həmin televizorlarda rəqəmsal yayımı dəstəkləyəcək dekoderlər yoxdur. Analoq yayım bağlandığı zaman köhnə televizorlar yerli kanalları qəbul edə bilməyəcək. Əgər kimsə peyk antenasından istifadə edirsə,  kabel televiziyasından yayımı qəbul edirdisə, həmin vətəndaşlar yerli kanalların qəbulunda heç bir problemlə qarşılaşmayacaq. Lakin peyk antenası, kabel televiziyası olmadan əvvəlki analoq yayımla kanalları qəbul edən televizorlar rəqəmsal yayıma keçid zamanı bu prosesi dəstəkləməyəcək”.

Osman Gündüz bildirib ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) rəqəmsal televiziyanı dəstəkləməyən televizorların sayını araşdırmalıdırlar:

“Dekoderin təxmini qiyməti 25 - 40 AZN arasında dəyişir. Düşünürəm ki, aztəminatlı ailələrin əksəriyyəti bölgələrdə yaşayan əhalidir. Və bu istifadəçilərin bir hissəsinə (aztəminatlı ailələrə) xüsusi güzəştlər təklif edilə bilər. Bu avadanlıqlar həm xaricdən alına bilər və ya elə bizdə hazırlamaq olardı.

İstənilən halda informasiyanın əldə olunması, informasiya azadlığı baxımından, bu problemi nəzərə almadan rəqəmsal yayıma keçmək, fikrimcə düzgün olmazdı”.

Media üzrə hüquq eksperti Ələsgər Məmmədli Xeberler.az-a rəqəmsal yayıma keçidlə bağlı iki məsələni xüsusilə vurğulayıb:

“Bu iki tərəfli məsələdir. Burada ötürücü və qəbuledicinin ayrı-ayrı hüquq və vəzifələri var. Əgər qəbuledicilər, yəni vətəndaşlar müasir televizor standartlarında olan avadanlığa sahib deyillərsə deməli rəqəmsal televiziya yayımında hansısa öhdəliyi qəbul etməli olmayacaqlar”.

Ələsgər Məmmədli Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin çıxışına nəzər salaraq bildirib ki, burada inhisarçı yanaşma var: “MTRŞ sədri çıxışında rəqəmsal televiziyaya keçid zamanı daxilində dekoder qurğusu olmayan televizorlar üçün vəsait ayrılacağı təşəbbüsü ilə çıxış edib. Sədr qeyd edib ki, ölkəyə müəyyən dekoderlər gətiriləcək və rəqəmsal yayıma keçid üçün həmin dekoderlərdən istifadə etmək zəruridir. Dərhal hiss olunur ki, burada inhisarçı yanaşmalar var”.

Ələsgər Məmmədli qeyd edib ki, bu tip tənzimləmələr öz-özlüyündə müəyyən problemlər yaradır:

“Düşünürəm ki, rəqəmsal yayıma keçmədən öncə televiziyalar öz auditoriyalarını müəyyən etməlidir. Və onlar bu məsələdə vətəndaşlara dəstək verməlidirlər. Əgər əsas məsələ kimi vətəndaşların informasiya alması ön plandadırsa real olaraq görünən budur ki, Azərbaycan televiziyalarının vətəndaşların informasiya təminatındakı yeri çox aşağıdır. Və bu reytinqin aşağı olması vətəndaşları Türkiyə  və digər xarici kanallara yönəldir”.

Ələsgər Məmmədli bu məsələnin həlli yolu kimi bildirib ki, indiki halda vətəndaşlara dekoderlərin dövlət tərəfindən büdcə yükü olaraq alınması normal yanaşma deyil:

“Bu məsələyə yanaşma konsepsual olaraq dəyişməlidir. Bunun qarşısını almaq üçün sadəcə vətəndaşları həmin avadanlıqla təmin etmək kifayət etmir. Rəqəmsal yayıma keçid texnologiyanın inkişafı ilə əlaqədar məcburi bir addımdır”.

Ələsgər Məmmədli bildirib ki, əgər rəqəmsal yayıma keçmək televiziyalara texniki tələbdirsə, həmin kanallara baxmaq istəyən qəbuledicilər buna vəsait ayıracaqlar:

“Azərbaycanda olan mobil telefonların sayı əhalinin sayından artıqdırsa deməli hər kəsin dekoder alıb dəyişmək gücü var. Kimisə dekoderlə təmin etmək dövlətin vəzifəsi deyil. Dövlət yayımı tənzimləyir, yayımın keyfiyyətini artırır. Televiziyalar əgər öz auditoriyalarını qorumaq istəyirlərsə bu prosesi özləri həyata keçirə bilərlər. Bu biznes layihəsi olmalıdır, büdcə yükü kimi yanaşmaq düzgün deyil”.

Qeyd edək ki, analoq yayımın ölkədə dayandırılması və tamamilə rəqəmsal yayıma keçid Milli Televiziya və Radio Şurası tərəfindən tənzimlənir.

Milli Televiziya və Radio Şurasından isə məsələ ilə bağlı  Xeberler.az-a bildirilib ki, rəqəmsal yayıma keçidlə bağlı artıq ölkə ərazisində kabelləşmə prosesi başa çatmaq üzrədir. Rəqəmsal yayımda kabel xidmətindən istifadə edən vətəndaşlar heç bir problemlə qarşılaşmayacaq.

Vətandaşların rəqəmsal yayıma keçid zamanı qarşılaşacaqları problemə də aydınlıq gətirilib:

“Hazırda ölkənin yaşayış məntəqələrinin 99 faizi rəqəmsal TV ilə əhatə olunub. Rəqəmsal yayıma keçid prosesi 2004-cü ildən başlanıb, 2011-ci ildə isə bununla bağlı Nazirlər Kabinetinin qərarı qəbul olunub. Həmin ildən 4 il müddətinə rəqəmsal yayıma keçidlə bağlı teleradio şirkətləri, vətəndaşlarla maarifləndirmə işləri aparılır”.

Köhnə televizorlara dekoderlərin quraşdırılmasına gəlincə isə Şuradan bildirilib ki, bununla bağlı təkliflər Nazirlər Kabinetinə göndərilib. Təkliflərə isə hələlik cavab verilməyib.

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə