Rusatom və Milli Nüvə Tədqiqatları Mərkəzi arasında protokol imzalanıb

16-04-2019 / 17:21

Soçidə keçirilən “ATOMEKSPO-2019” beynəlxalq forumu çərçivəsində “Rusatom – Beynəlxalq şəbəkə” (Rusiya) və Azərbaycanın “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC arasında atom enerjisinin dinc məqsədlərlə istifadə olunması sahəsində kadrların hazırlanmasına dair niyyət protokolu imzalanıb.

Xeberler.az  bildirir ki, Rusiya tərəfindən sənədi “Rosatom” Dövlət Korporasiyasının nümayəndəsi, “Rusatom – Beynəlxalq şəbəkə” sahə kompleksinin prezidenti Aleksandr Merten, Azərbaycan tərəfindən isə “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nın sədri Adil Qəribov imzalayıblar.

İmzalanmış sənəd atomun dinc məqsədlərlə istifadəsi ilə bağlı sahələrdə ikitərəfli əməkdaşlığın əsasını qoyur. Xüsusən, protokolda nüvə fizikası sahəsində azərbaycanlı mütəxəssislərin Rusiyanın ali məktəblərində təhsil alması və atom enerjisindən dinc məqsədlərlə istifadə olunması üzrə müxtəlif sahələrə dair inzibati, elmi və texniki personal üçün ixtisasartırma kurslarının keçirilməsi nəzərə tutulur.

Tərəflər, həmçinin birgə elmi tədqiqatların – fundamental və tətbiqi araşdırmaların aparılması, simpoziumların, seminarların, ekspertlər arasında görüşlərin, texniki turların və məsləhətləşmələrin keçirilməsi, habelə birgə layihələrin hazırlanması barədə razılıq əldə ediblər.

Qeyd edək ki, atom enerjisi beynəlxalq regional şəbəkəsinin inkişafını təmin edən və özəl müəssisə olan “Rusatom – Beynəlxalq şəbəkə” kompleksi “Rosatom” atom enerjisi dövlət korporasiyasının strukturuna daxildir. Şirkət 2014-cü ildə yaradılıb və onun əsas vəzifəsi Rusiyanın atom enerjisi sahəsi üzrə məhsulların və xidmətlərin qlobal bazara çıxarılmasıdır.

“Rosatom” şirkəti ilə Azərbaycan arasında kadrların hazırlanması sahəsində məhsuldar əməkdaşlıq mövcuddur. Artıq üçüncü ildir ki, Rusiyanın ən yaxşı ali məktəblərində “atom” ixtisasları üzrə azərbaycanlı tələbələrin təhsil almasına imkan yaradılıb. 2017-2018-ci illərdə Milli Nüvə Tədqiqatı Universitetində (MİFİ) təhsil almaq üçün Azərbaycan Milli Nüvə Tədqiqatları Mərkəzi tərəfindən təqdim edilmiş beş nəfər bu ali məktəbə qəbul olunub. Bu il Milli Nüvə Tədqiqatları Mərkəzi MİFİ-yə daxil olmaq üçün daha üç nəfərin namizədliyini irəli sürüb.

“Azərbaycan Nüvə Tədqiqatları Mərkəzi” QSC Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində yaradılıb. Mərkəzin yaradılmasında məqsəd müasir nüvə elmi mərkəzinin yaradılması vasitəsilə nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək və nüvə texnologiyalarını sənaye, kənd təsərrüfatı və digər sahələrdə tətbiq etməkdir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.