Şagirdlər arasında beynəlxalq informatika müsabiqəsi keçirilir

30-11-2016 / 15:37

Azərbaycan ACM Bölməsinin təşkilatçılığı ilə informatika üzrə beynəlxalq Bebras müsabiqəsi çərçivəsində “Bebras Həftəsi” bu il 28 noyabr - 4 dekabr tarixlərində keçirilir.

Xeberler.az-ın məlumatına görə, Təhsil Nazirliyinin dəstəyi ilə ADA Universiteti ACM Tələbə Bölməsi ilə birgə təşkil olunan müsabiqədə iştirak ödənişsizdir və maraqlanan məktəblər buradan qeydiyyatdan keçə bilər.

Beynəlxalq Bebras müsabiqəsi (Bebras International Contest on Informatics and Computational Thinking) şagirdlərin alqoritmik və məntiqi təfəkkürlərini proqramlaşdırma bilikləri tələb etmədən qiymətləndirmək üçün hazırlanıb.

Onlayn rejimdə keçirilən müsabiqə zamanı 1-11-ci sinif şagirdləri 40 dəqiqə ərzində öz yaş qruplarına uyğun 15 əyləncəli məsələni həll edir.

Azərbaycan ACM Bölməsi təşəbbüs qrupunun üzvü, layihə rəhbəri Adil Əliyev Xeberler.az-a bildirib ki, alqoritmik düşüncə bu gün inkişafın zəruri faktoruna çevrilən proqramlaşdırma bacarıqlarının əsasıdır:

“ Ümid edirik ki, bu müsabiqədə üzə çıxan istedadlı şagirdlər, gələcəkdə Beynəlxalq İnformatika Olimpiadası kimi yarışlarda ölkəmizi layiqincə təmsil edə biləcək”.

Azərbaycan beynəlxalq “Bebras Həftəsi” ndə ilk dəfə 2014-cü ilin dekabrında Bakı, İsmayıllı, Laçın, Lerik, Mingəçevir, Sumqayıt və Qaxdan olmaqla 82 məktəb və 4 184 şagirdlə qoşulub.

Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən həftədə 109 nəfər ADA Universitetində təşkil olunmuş final mərhələsinə vəsiqə qazanıb.

Finalda ən yüksək nəticə göstərmiş 20 şagird isə müxtəlif hədiyyələrlə təltif olunub.

Müsabiqə ilə maraqlanan məktəblərin müəllimləri müsabiqənin veb-saytı vasitəsilə koordinator kimi qeydiyyatdan keçməyə dəvət olunur.

Təsdiq olunmuş koordinatorlar şagirdləri qeydiyyatdan keçirir və həftə ərzində yarışı öz məktəblərində təşkil edir. Hazırda 35 rayondan artıq 210 məktəb qeydiyyatdan keçib və bu il əvvəlki illərə nisbətən daha çox şagirdin iştirakı gözlənilir.

Beynəlxalq Bebras müsabiqəsinin başlanğıcı 2004-cü ildə qoyulub, hazırda dünyanın 50-dən artıq ölkəsində, o cümlədən Avstriya, Almaniya, Fransa, Kanada, Yaponiya, ABŞ-da keçirilir. Bebras müsabiqəsi Avropa regionunun infromatika üzrə təhsil və tədqiqat mərkəzlərini bir araya gətirən “İnformatics Europe” təşkilatının 2015-ci il Təhsildə Ən Yaxşı Təcrübə Mükafatına  layiq görülüb.

Daha geniş məlumatı müsabiqənin veb-saytından əldə etmək olar.

ACM (Association for Computing Machinery – “ey-si-em” – Hesablama Maşınları üzrə Assosiasiya) informatika sahəsində ən qədim, ən mötəbər və ən böyük peşəkar təşkilatdır. Əsası 1947-ci ildə qoyulmuş assosiasiya informasiya texnologiyalarının sənət, elm, mühəndislik və tətbiqi istiqamətlərini irəli aparmaq amalı daşıyan, informasiyanın azad mübadiləsinə şərait yaratmaq və ən yüksək etik peşə standartlarını təbliğ etməklə həm peşəkar, həm də ictimai maraqlara xidmət edən beynəlxalq elm və təhsil təşkilatıdır. 

Azərbaycan ACM Bölməsi Qafqazda ilk və yeganə peşəkar ACM bölməsi olaraq 24 fevral 2012-ci ildə təsis olunub. Hazırda ADA Universiteti və Azərbaycan Texniki Universitetində ACM tələbə bölmələri də fəaliyyət göstərir.

 Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.