Sahibkarlıqla bağlı yeni yaradılan agentlik nə iş görəcək?

29-12-2017 / 11:47

 İlham Əliyev Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması barədə Fərman imzalayıb.

Məsələni Xeberler.az-a şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Dr.Namiq Şalbuzov bildirib ki, KOS-un İnkişafı Agentliyi kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi məqsədilə ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyəcək:

"KOS subyektlərinə bir sıra xidmətlər göstərəcək, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirəcək və tənzimlənməni həyata keçirəcək. Yeni yaradılan Agentlik İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə fəaliyyət göstərəcək".

N.Şalbuzov bildirib ki, bəzi KOS subyektləri qanunvericiliyin tələblərindən, biznes risklərindən, mövcud sektordakı vəziyyətdən xəbərsiz şəkildə fəaliyyətə başlayırlar ki, bu da bəzən onların uğursuzluqla üzləşmələrinə səbəb olurdu:

"KOS subyektlərinin məsləhət xidmətlərinə marağının az olmasının səbəblərindən biri onların bu barədə məlumatsızlığı, digəri isə biznes məsləhət xidmətlərinə çıxışın mürəkkəbliyidir. Azərbaycanda hazırda müxtəlif dövlət orqanları öz səlahiyyətləri çərçivəsində KOS subyektlərinə müxtəlif xidmətlər (o cümlədən məsləhət xidməti, satış və digər istiqamətlər üzrə dəstək) göstərirlər. Bununla belə, beynəlxalq təcrübəyə əsasən, KOS subyektlərinə belə xidmətlərin vahid mərkəzdən göstərilməsi onların həmin xidmətlərdən daha səmərəli istifadəsinə və beləliklə, inkişafına daha yaxşı imkan yaradır. Buna görə də KOS-un İnkişafı Agentliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir".

Onun sözlərinə  görə, yaradılan yeni Agentlik vasitəsilə KOS-lara eyni zamanda bir neçə istiqamətdə xidmətlərin göstərilməsi planlaşdırılır ki, bunun da nəticəsində idarəetmənin təkmilləşdirilməsi, paralelliyin aradan qaldırılması, KOS-ların fəaliyyətinin səmərəliliyinin artırılması gözlənilir:

"Burada xüsusilə vurğulanmalıdır ki, Agentliyin fəaliyyətinin funksional baxımdan da effektiv olacağı gözlənilir. Belə ki, qabaqcıl dünya təcrübəsinə əsaslanması və ölkənin bütün regionlarını əhatə etməsi effektiv fəaliyyətin təmin ediləcəyini söyləməyə əsas verir. Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində kiçik və orta sahibkarlara bir sıra xidmətləri (təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən “Kiçik və orta sahibkarlıq evi” yaradılacaq və onların fəaliyyəti ASAN xidmət mərkəzləri, ASAN xidmət mərkəzləri olmayan regionlarda isə İqtisadiyyat Nazirliyinin regional bölmələri vasitəsilə həyata keçiriləcək".

Namiq Şalbuzov onu da qeyd edib ki, KOS-un İnkişafı Agentliyi biznes assosiasiyaları ilə birlikdə müvafiq sektorlardakı müəssisələrin problemlərinin mütəmadi təhlilini həyata keçirəcək, onları müvafiq qurumlarda səsləndirəcək və həlli yollarını axtaracaqlar:

"KOS Agentliyinin ÜDM-ə təsiri 2020-ci ildə 200 milyon manat olacaq. Strateji yol xəritələrinə görə 2020-ci ildə KOS-un ÜDM-də payı 15 faizə, məşğulluqda payı 20 faizə və qeyri-neft ixracındakı payı isə 10 faizə çatdırılmalıdır".

N.Şalbuzovun sözlərinə görə, KOS agentlikləri Cənubi Koreya, Polşa, Türkiyə, Almaniya, Estoniya və bir sıra ölkələrdə uğurla fəaliyyət göstərir.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə