Saytların bağlanması necə həyata keçiriləcək?

09-03-2017 / 14:13

Məlumat verdiyimiz kimi, Milli Məclisə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinin hazırlanması təklif edilib.

Yeni layihədə Azərbaycanda internet resursları, o cümlədən sosial şəbəkələri, bloggerlərin fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanması təklif olunur.

Dəyişiklikdə "Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahı"sının hazırlanması nəzərdə tutulub.

Qeyd edilir ki, internet informasiya ehtiyatı siyahıya daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər internet informasiya ehtiyatına müraciəti məhdudlaşdırmalı və bu barədə internet informasiya ehtiyatının sahibinə məlumat verməlidir.

Xeberler.az-ın məlumatına görə, qeyd edilən qanunlara dəyişikliklər sabah Milli Məclisdə 1-ci oxunuşda müzakirəyə çıxarılacaq.

Təklif edilən yeni qanunlar həm istifadəçilər, həm də ictimai sektorda birmənalı qarşılanmayıb.

Sosial şəbəkələrin fəaliyyətinin də qanunla tənzimlənməsi internet istifadəçilərinin ciddi narazılığına səbəb olub. Bu barədə günlərdir sosial şəbəkələrdə müzakirələr davam edir.

Ekspertler arasında da məsələyə müxtəlif yanaşmalar var.

Bəzi ekspertlər hesab edir ki, təklif olunan mətnlərdə xeyli anlaşılmaz müddəalar yer alıb.

Onların sözlərinə görə, bütün dünyada olduğu kimi Azərbaycan internetində informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və yayılması qadağan olunan informasiyaların açıqlanması istiqamətində müəyyən problemlər var.

Təkliflərdə bu kimi halların qarşısının alınması ilə bağlı müddəaların yer almasına baxmayaraq eskpertlər tərcümələrdə xətalara yol verildiyini, terminlərin düzgün izah olunmadığını qeyd edib.

Onlar hesab edir ki, dünyanın müxtəlif ölkələrindəki serverlərdə yerləşən milli resurslarımızdakı informasiyaların saytdan yığışdırılması üçün və məhkəmə baxışı üçün bu dəyişikliklərlə müəyyən olunan müddət reallığa uyğun deyil.

Bununla yanaşı, dəyişikliklərdə bütövlükdə saytın özünün, yoxsa saytdan yalnız qanunsuz hesab olunan səhifənin yığışdırılacağı aydın təsvir olunmayıb.

Ekspertlər bu məqamda qeyd edir ki, məhkəmə qərarı olmadan icra orqanının qərarı ilə bağlanan saytların bu qərardan şikayət hüququ öz əksini tapmayıb. Ona görə də qanunun bu formada qəbul olunmağı onun icrasında, məhkəmə baxışlarının gerçəkləşməsində xeyli problemlər yaradacaq.

Qeyd edək ki, inidki mətndə olan əsaslandırma ilə yetərincə peşəkar olmayan bir icra məmuru üçün məhkəmə qərarı olmadan istənilən saytı bir anda bağlamaq mümkün ola bilər.

Onlar təklif edir ki, məhkəmənin qərarı olmadan saytların fəaliyyətinin dayandırılmasının daha konkret müddəalarla işlənməsinə ciddi ehtiyac var.

Ekspertlərin proqnozuna görə, qanunlar onlayn mühitdə informasiya istehsal edən və informasiya yayan, həmçinin də internet xidməti göstərən hüquqi və fiziki şəxslərin hamısına, bütövlükdə Azərbaycan internet seqmentinə şamil olunacaq.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.