“Sənayenin tələb etdiyi qaydalara uyğun mühəndis hazırlayırıq”-Müsahibə

25-04-2018 / 15:05

Son dövrlər ölkənin təhsil sahəsində texnologiyalara, İT ixtisaslara ciddi maraq müşahidə edilir.

Belə ki, təhsil müəssisələri də bu sahəyə diqqət ayıraraq, İT-ni tələbələr arasında daha populyar etməyə, bu sahədə onlarda həvəs yaratmağa çalışır.

Universitetilərin bu istiqamətdə müxtəlif maraqlı tədbirlər etdiyi müşahidə edirik.

Həmçinin, ali təhsil müəssisələri startap sahəsinin də tədrisə daxil olmasına çalışır, bu sahədə də müxtəlif tədbirlər həyata keçirir. Bu inkişafa dəstək olmaq üçün universitetlər daxilində artıq inkubasiya mərkəzləri və texnoparklar da yaradılmağa başlayıb.

İKT-yə marağı ilə seçilən universitetlərdən biri də Qərbi Kaspi Universitetidir.Təhsil müəssəsində yeni Texnoparkın quruluması istiqamətində işlər davam edir.

Bu yaxınlarda Qərbi Kaspi Universitetində keçirilən Startap Günləri də həm tələbələr, həm də ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı.

Universitetdə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi mühəndislər yetişdirməyi hədəfləyir.

Xeberler.az olaraq Qərbi Kaspi Universitetində bu istiqamətdə görülən işlərə universitetin rektoru Andris Leitasla müsahibədə aydınlıq gətirdik. 

Müsahibəni təqdim edirik:

-Cənab rektor, Qərbi Kaspi Universiteti son vaxtlar İKT-yə ciddi marağı ilə seçilir. Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi nə zamandan fəaliyyət göstərir? Hazırda əsas fəaliyyət istiqamətləri hansılardır?

-Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi kafedra şəklində 1991-ci ildə "Riyaziyyat və Kompüter texnologiyaları” adı ilə fəaliyyətə başlayıb. Kafedra öz fəaliyyəti dövründə İnformatika və hesablama texnikası istiqaməti , İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi və Kompüter mühəndisliyi ixtisasları üzrə mütəxəssislər hazırlayıb. 2017-ci ildən isə kafedra Yüksək texnologiyalar və innovativ mühəndislik məktəbinə çevrilib.

-Məktəbdə hansı ixtisaslar var?

-Hazırda 9 ixtisas üzrə tədris həyata keçirilir. Bunlara kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, ekologiya mühəndisliyi, cihazqayırma mühəndisliyi, mexatronika və robototexnika mühəndisliyi, təkrar emal və bərpa texnologiyaları mühəndisliyi, poliqrafiya mühəndisliyi və meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi daxildir.

-Əksər xarici ölkələrdə abituriyentlər bal topladıqdan sonra universitet seçməzdən öncə gedib istədiyi universitetin dərslərində oturur, qəbul olmaq istədiyi ixtisası araşdırır. Sizin Universitetdə də bu mümkündürmü?

- Hər ay məktəblilər, valideynlər və ictimaiyyət nümayəndələri üçün “Açıq qapı” günləri təşkil olunur. Bu, universitet həyata ilə tanış olmaq baxımından məktəblilər üçün əla fürsətdir. Biz onları bütün laboratoriyalarımız, mərkəzlərimiz, auditoriyalarımızla tanış edirik.

- İKT ixtisasları üzrə fənlər tələbələrə hansı formada tədris edilir? Tələbələr əsasən hansı bilik və bacarıqları qazanırlar ?

-Bütün auditoriyalar ən son texnologiyalarla - komputer, internet, proyektor və multimedia avadanlıqları ilə təchiz olunub. Dərslər interaktiv şəkildə, internet resurslarından da online istifadə imkanları ilə innovativ üsullarla tədris edilir. Müəllimin fənnin tədrisi ilə əlaqəli ən son yenilikləri çatdırmaq imkanı olduğu üçün məlumatlar daim həm yeni, həm də əvvəlkilərlə müqayisəli tədris edilə bilir.

- İxtisas seçimində tələbə sərbəstdirmi? Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbində ixtisaslaşma nə zamandan, neçənci kursdan  başlayır?

Artıq tələbələr birinci kursdan etibarən ixtisas dərslərinə girişlə başlayırlar.

- Buraxılış işlərinin, kurs işlərinin mövzuları necə müəyyən olunur ?

- Tələbələrə kurs işi müvəffəqiyyətinə görə verilir. Belə ki, tələbələr Universitetdən məzun ola bilmək üçün ya buraxılış işi, yaxud da dövlət imtahanını seçir. Buraxılış imtahanı üçün tələbənin ortalama balı 85-dən yuxarı olmalıdır. Mövzular isə kafedraların özü ilin əvvəlindən təyin edir.

- Mövzular nəyə əsasən hazırlanır? Texnologiyada baş verən yeniliklər də nəzərə alınırmı?

-Öncə mövzular kafedranın profilinə uyğun olaraq seçilir. İndi mümkün qədər çalışırıq nəzəri yox, praktik tərəfi olan mövzular olsun. Belə ki, praktikada bir faydası ola biləcək mövzulara diqqət ayırırıq. Əsas məqsədimiz sadəcə nəzəri biliklərlə mühəndis hazırlamaq yox, sənayenin tələb etdiyi qaydalara uyğun mühəndis hazırlamaqdır.

İş dünyası və sənayenin tələb etdiyi məqamlara diqqət edirik ki, seçilən mövzuları gələcəkdə layihə kimi də istifadə edə bilək. Bu kimi elmi işlər gələcəkdə sənayeyə təklif edilə bilər. Buraxılış işindən çıxıb layihəyə çevrilə bilər. Elə innovasiyalar da bu şəkildə yaranır. Universitetdə texnopakrın qurulmasında da məqsədimiz budur. Çünki kafedra tədris və tədqiqat ilə məşğuldur. Texnopark isə müəllimləri, tələbələri, iş düyasını birləşdirərək sənayeni həyata keçirəcək.

- Müdafiə prosesi necə təşkil olunur ?

-Müdafiə prosesi və dövlət imtahanın Müdafiə Komitəsində Təhsil Nazirliyindən bir nəfər təyin edilir. Bundan başqa, praktik əhəmiyyətli işlərdə Universitetin səlahiyyəti var ki, sənayedən mütəxəssislər cəlb etsin. Çünki bu məqamları işin içərisində olan daha yaxşı bilir.

-Müşahidələrimiz göstərir ki, kafedranın işlərinə kənardan da ekspertlər, İT şirkətlərin rəhbərlərini cəlb edirsiniz. Xaricilər də bu işdə iştirak edirmi?

-Ümumiyyətlə, Qərbi Kaspi Universitetinin beynəlxalq təcrübədən istifadə edilməsində çoxillik, zəngin ənənəsi var, belə ki, həm ingilis dilinin tədrisində, həm yeni ixtisas sahələrində, hansı ki, bizim tədris sistemimizə son dövrlərdə daxil olub - xarici mütəxəssislərdən geniş istifadə edilir. Bu təcrübə həm universitetin idarəetməsi, həm də tədris prosesində yer almaqdadır.

-Məktəbinizdə hansısa elmi tədqiqatlar aparılırmı ? Elmi tədqiqatlara biznes sektoru da cəlb olunurmu?

- Əlbəttə, kafedralarımızda ciddi elmi tədqiqatlar aparan əməkdaşlarımız var. Bir neçə layihə üzərində də işlər gedir, hazırda bir beynəlxalq layihəyə hazırlıq mərhələsindəyik. Bir çox yerli və xarici şirkətlərlə əməkdaşlıq sayəsində universitet-sənaye işbirliyinə çox əhəmiyyət veririk. Çünki bir yaxşı mühəndis sənayedən kənar yetişdirilə bilməz, o ancaq olsa-olsa yaxşı nəzəriyyəçi olar.

- Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbində hansısa laboratoriyalar, kompüter mərkəzləri yaradılıbmı?

-Məktəbin nəzdində 4 kompüter, Ümumi kimya, Fizika, Biologiya və genetika, Geomatika, Mexanika, Poliqrafiya, Mexatronika, Robototexnika laboratoriyaları fəaliyyət göstərir. Hazırda isə Üzvi kimya, Ətraf mühitin kimyası, Elektrik Elektronik Dövrələr Laboratoriyası, Avtomatik nəzarət laboratoriyası, Mütərəqqi bərpa texnologiyaları laboratoriyası, Materialların müqaviməti laboratoriyası qurulur.

Balaxanı Sənaye Parkında “Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi” və “Ekologiya mühəndisliyi” ixtisasları üçün təcrübə-laboratoriya fəaliyyəti üçün “Tullantıların təkrar emal kompleksi” yaradılmağa başlayıb. Ümumiyyətlə, məqsədimiz tədqiqat universieti olmaqdır. Onun üçün texnopark, bir neçə elmi tədiqat mərkəzi yaradılıb. Fakültənin özünün nəzdində ayrıca tədqiqat mərkəzi yaratmağı da düşünürük. Buraya beynəlxalq mütəxəssislər də cəlb ediləcək. Praktik əhəmiyyətli işlər olmalıdır ki, iş dünyası da bunu qəbul etsin.

-Tələbələrin təcrübə keçməsini necə təşkil edirsiniz?

- Təcrübə üçün yerli xarici çox şirkətlə müqavilələr bağlanır . Hazırda son kurs tələbələri ölkənin özəl və dövlət sektorundakı şirkər, qurumlarda təcrübə keçir. Bu yaxınlarda Universitetdə 40-dan çox şirkətin iştirakı ilə əmək sərgisi keçirdik. Xeyli tələbəmizin CV-ləri alındı. Şirkətlərlə söhbətimiz zamanı da qeyd etdilər ki, tələbələrin müraciətlərini böyük maraqla qarşılayıblar. Ümid edirik ki, onlara müsbət cavab veriləcək.

Qərb Kaspi Universitetində fəaliyyət göstərən Karyera Mərkəzi tələbələrin uğurlu karyera qurması istiqamətində tədbirlər həyata keçirir. Tələbələrə uğurlu karyeranın əsas şərtləri, iş axtarma üsulları öyrədilir. Bununla yanaşı, tələbələr üçün işədüzəlmə müsahibəsində müvəffəqiyyət qazanmaq üçün müxtəlif təlimlər keçirilir.

Universitetdə 1999-cu ildən Tələbə Xidməti Mərkəzi fəaliyyət göstərir. Mərkəzin əsas missiyası tələbələrin intellektual və mədəni inkişafının və peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün layihələr həyata keçirməkdən və universitetin məzunları ilə daim əlaqə saxlamaqdan ibarətdir. Mərkəz tələbə və məzunlara ixtisaslarına uyğun iş yerləri tapmaqda yardım edir. Universitetin tələbələri haqqında hərtərəfli məlumat informasiya bazasına toplanır. Hər il yeni qəbul olunan tələbələr haqqında məlumatlar yenilənir. Mərkəzin təşəbbüsü ilə tez-tez təşkilatların, şirkətlərin, xarici ölkələrin nümayəndələri ilə tələbələrin görüşləri keçirilir. Yarandığı gündən bəri mərkəz yüzlərlə məzun və tələbəyə işə düzəlməkdə yardımçı olub.

-Kafedralarda dərs cədvəlləri və bu kimi digər xidmətlər elektron qaydada, yoxsa ənənəvi formadadır?

-Hazırda bu işlər həm ənənəvi, həm də elektron formada həyata keçirilir. Azərbaycanın tanınmış İT şirkəti ilə əməkdaşlığa başlamışıq, Qərbi Kaspi Universitetində elektron baza yaradılır. Yəni, bu sistemi tam elektronlaşdırmağa çalışırıq.

-Tədris prosesinin distant texnologiyalar əsasında təşkili, ümumiyyətlə, distant təhsil təşkili ilə bağlı işlər necədir, hansı işlər nəzərdə tutulur?

 

-Maraqlı sualdır. Elə hazırda bununla bağlı yeni istiqamətlər müəyyən etmişik. Bizdə hazırda tədris prosesində, xsusilə də əalvə əhsildə distant exnologiyalar tətbiq olunur. Ümumiyyətlə müəllimlərimiz ədris prosesində exnologiyalardan eekiv isiafə edirlər. Hazırda isə distant, qiyabi və əlavə təhsil üzrə Mərkəzin yenidən qurulması prosesinə start vermişik. Əlavə təhsil prosesinin qanunvericilikdə nəzərdə tutulan bütün mərhələlərini özündə cəmləşdirən , distant formada tədris prosesinin qurulmasına imkan verən elektron informasiya sistemi və müvafiq saytı hazırlanması üzərində işlər aparılır Bununla da əlavə təhsildə qəbul üçün müraciətlər yalnız elektron formada həyata keçiriləcək. Daxil olan müraciətlər elektron formada Universitetin məsul şəxslərinə yönləndirilir. Tədris olunacaq bütün fənlərin proqramları, sillabuslar, tədris vəasitləri elektron formada sistemdə yerləşdiriləcək və təhsilalanlar üçün əlçatımlığı təmin ediləcək. Tələbə-müəllim münasibətləri elektron formada qurulacaq, video materaillardan istifadə imkanları, təhsil alan tələbələrin sərbəst mövzularının elektron sənəd formasında qəbul, imtahanların test formasında onlayn olaraq aparılması imkanı yaradılacaq.

-Mühəndislik və İT ixtisasları üzrə təhsil alanların içərisində kimlər çoxluq təşkil edir, qızlar yoxsa oğlanlar ?

- Adətən universitetlərdə İT üzrə daha çox oğlanlar üstünlük təşkil edir. Bizdə də elədir. Xanımlarımız da aktivdir. Mühəndis olan xanımlar öz həmyaşıdlarından fərqlənir.

-Məktəbin texnologiyalarla, İnternetlə təminatı necədir ? İKT-dən tədris prosesinin qurulmasında necə istifadə olunur ?

-Bütün audiortiyalarda multimedia imkanları yüksək səviyyədə təşkil edilir. Tələbələrə də dərs tapşırıqları üçün xüsusi parol ilə internet verilir.

-Bu yaxınlarda Universitetdə Startap Günləri də keçirildi. Belə tədbirlərin keçirilməsi tələbələrdə sahəyə marağı artırımı? Nəticələrini necə dəyərləndirərdiniz?

-Siz də şahidi oldunuz ki, qısa müddətdə startapa maraq yarandı, layihələr meydana çıxdı. Hətta Startap Günləri qurtarandan sonra tələbələr bu gün də mənim yanıma gəlirlər ki, bizim layihə var, internet lazımdır. Daha sonra İqtisadiyyat Nazirliyi ilə inkubasiya mərkəzlərinin görüşündə bizim tələbələr də təqdimat etdilər. Qızlardan ibarət komandamızın layihəsi marağa səbəb oldu. Yəni, bu sahəni də diqqətdə saxlayırıq, davamlı işlər görürük. Elə Texnoparkın nəzdində inkubatorlar yaratmağı nəzərdə tuturuq. Layihələrin inkişafı üçün bu kimi şəraitlər yaratmağa çalışırıq.

-Dediyiniz kimi, Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar Parkının qurulması istiqamətində işlər davam edir. Tələbələriniz YTP-dan necə faydalana bilər? Hansı imkanları təqdim edirsiniz?

- Demək olar ki, artıq Texnopark qurulub. Belə ki, tələbələrdən ibarət 2 layihə komandası hazırda mərkəzdə işləyir.

Məlumat üçün deyim ki, Qərbi Kaspi Universitetinin Texnoparkında Biznes-İnkubasiya Mərkəzi, Texnoloji Transfer Ofisi, Mexatronika və Robototexnika Laboratoriyası, İdeya Bankı və başqa mərkəzlər fəaliyyət göstərir.

Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. Belə ki, ideyası olan tələbələr və şagirdlər texnoparka müraciət edərək dəstək ala bilirlər. Texnopark orta məktəb şagirdlərini də müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir.

Texnoparkda fəaliyyət göstərən Mexatronika və Robototexnika laboratoriyasında isə təşəbbüskar mühəndislər hazırlamaq istədikləri robotların və digər bu kimi layihələrin reallaşdırılması üçün lazım olan bütün avadanlıq və materiallarla təmin olunublar.

Texnopark ideyaların reallaşdırılmasına dəstək verməklə yanaşı, tələbələrdə praktik düşünmə, eləcə də mühəndis təxəyyülünün formalaşmasına xidmət edir.

-Yeri gəlmişkən, Bakı məktəbləri ilə yanaşı, region məktəblərinə diqqət edirsiniz. Robottexnika olimpiadları maraqlıdır. Bu kimi tədbirlər etməkdə əsas məqsədiniz nədir? Tədbirlərin nəticəsi Sizi qane edirmi?

-Bəli, region məktəbləri bu tədbirləri böyük maraqla və həvəslə qarşılayır. Tələbələrin bir qrupu bu yaxında Göygölə getdilər, Gəncə və Şəmkir şəhərlərində tələbələr ilə görüşdülər, onlara robototexnika təlimləri keçdilər. Hədəfimiz texnologiyanı və robototexnikanı təbliğ edərək məktəblilərdə, gənclərdə bu səhəyə maraq yaratmaqdır. Aldığım məlumata görə, məktəblilər tədbir bitəndən sonra mail vasitəsi ilə tələbələrlə əlaqə saxlayır, çoxlu suallar verirlər. Bu, biz sevindirir. Təbələrimizə yenidən təlim keçmək, mentorluq təklif edilir. Təlimlər bitəndən sonra da bu istiqamətdə davamlı müzakirələr gedir.

 Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə