“Şəxsi hesablarımın şifrəsini tez-tez dəyişirəm”- Ayan Babakişiyeva

21-04-2015 / 17:31

“Bütün işlərimi mobil telefonla və iPad-la həll edirəm”

Xəbərlər-in “İnformasiya texnologiyaları tanınmışların həyatında” layihəsinin növbəti qonağı müğənni Ayan Babakişiyevadır.

-Ayan xanım, İnternetdən ilk dəfə nə zaman və hansı məqsədlə istifadə etmisiniz? Hansı hissləri keçirdiyinizi xatırlayırsınızmı?

-İlk dəfə nə zaman istifadə etməyim yadımda deyil, amma hər zaman məlumat əldə etmək üçün istifadə etmişəm.

-Hansı elektron poçt ünvanından  istifadə edirsiniz? Elektron poçtunuzu  gündə neçə dəfə yoxlayırsınız?

-Mail.ru və gmail.com-dan istifadə edirəm. Deyə bilərəm ki, mail sistemindən yalnız studiyadan mahnı göndəriləndə və müsahibələr üçün istifadə edirəm.

-Spamlar alırsınızmı? Onlar işinizə mane olurmu?

-Alıram , amma spamlara heç önəm də vermirəm.

-İşdən evə gedəndə evdə də mobil telefondan, planşetdən, kompüterdən istifadə edirsinizmi?

-Bütün işlərimi mobil telefonla və iPad-la həll edirəm.

-İnformasiya təhlükəsizliyini necə qoruyursunuz? Şəxsi hesabınızı başqasına etibar edirsinizmi?

-Təhlükəsizliyimi qorumaq üçün tez-tez şifrəsini dəyişirəm. Şəxsi hesabımı heç vaxt heç kimə etibar edə bilmərəm, parolumu da yalnız özüm bilirəm.

-Hansı sosial mediadan, Facebook, İnstagram, Twitter-dən aktiv istifadə edirsiniz?

Sosial media sahəsində yalnız İnstagramdan istifadə  edirəm. Facebook mənim üçün maraqlı deyil.

-Özünüzü və cəmiyyəti texnologiyadan asılı hesab edirsinizmi?

-Bəzi insanlar var ki, İnternetin tam aludəçisidir. Amma düşünürəm ki, hər bir insanın normal və sağlam psixologiyası olmalıdır. Texnologiya insanlarda asılılıq yaratmamalıdır.

-Övladınızın kompüter və mobil telefonlarda cizgi film və oyunlara baxmasına icazə verirsinizmi? Ona texnologiya ilə bağlı hansı məhdudiyyətlər qoyursunuz?

-Qızıma yalnız oyuncaqlarla oynamağa icazə verirəm. Belə məsləhət bilirəm. Çünki hələ bir yaşı var. Düşünürəm ki, texnologiya indidən onun diqqətini çəksə, sonra maraq dairəsi ancaq iPad telefonlar və texnologiya olacaq.

-Əgər uşaq artıq həyətə çıxıb oynamaq istəmirsə, yalnız  telefon və kompüterlə oynayırsa, bunu necə qiymətləndirirsiniz?

-Hesab edirəm ki, belə hallarda öncədən tədbir görmək lazımdır. Valideynlərə məsləhət görürəm ki, texnologiyaya həddindən artıq bağlı olan uşaqlar üçün 3 yaşından etibarən psixoloqa müraciət etmək mümkündür. Əgər övladımızda belə hallar baş verərsə, əvvəlcə onun psixologiyasını nəzərdən keçirmək lazımdır. Çünki uşağın maraq dairəsinin hansı yönə olduğunu, həyata baxışını müəyyən etmək lazımdır.

-Mobil internetdən necə və haralarda istifadə edirsiniz? Keyfiyyət və qiymət sizi nə dərəcədə qane edir?

- Telefonum abunə olduğundan İnternet paket götürürəm və tez də bitir. Olduğum məkanlarda mobil İnternetdən səmərəli istifadə edirəm.

-Ani məktublaşma vasitələrinin, Skype, Teleqram, Whatsapp, hansından istifadə edirsiniz?

-Whatsapp-dan istifadə edirəm. Skype-la ümumiyyətlə maraqlanmıram.

-Bir telefon zənginin və ya mesajın gəlişini bildirən xəbərdarlığa cavab vermək üçün öz naharınızı dayandıra və ya görüşünüzü saxlaya bilərsinizmi?

-Xeyr, saxlamaram. Telefona gələn mesajı göndərən insanın işi təcili və vacibdirsə, düşünürəm ki, zəng edər. Onda cavablandıraram.

-Yazışmalarda, paylaşımlarda etika qaydalarını gözləməyənlərə münasibətiniz necədir?

-Elə insanlara münasibət bildirməyin heç yeri də yoxdur.

-Sizcə, 10 il uzağa baxsaq, texnologiyalar bizi idarə edəcək yoxsa daha çox həyatımızı asanlaşdıran vasitəyə çevriləcək?

-Əgər o dediyinizi insan beyni yaradırsa, heç o bizi idarə edəcək səviyyəyə çatmayacaq.

 

Ruhəngiz Muradova 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.