Şəxsiyyət vəsiqələrində Elektron imza sertifikatları yerləşdirilib

31-08-2018 / 17:48

Sentyabrın 1-dən Azərbaycanda yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanır.

Xeberler.az məlumat verir ki, təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha təkmil olan yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı - çip yerləşdirilib.

Qeyd edək ki, Yeni vəsiqələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən Elektron imza sertifikatları ilə təmin edilib. Bu sertifikatların biri identifikasiya (tanınma) üçün nəzərdə tutulub. Yəni yeni vəsiqələr internet mühitində də vətəndaşın kimliyini müəyyən edəcək. İkinci sertifikat isə vətəndaşa istənilən yerdən sənəd mübadiləsi aparmaq üçün elektron imzalama üstünlüyü verir.

Qanunvericiliyə uyğun olaraq, 10-15 yaşlı vətəndaşların vəsiqələrinə kimliyin identifikasiyası üçün yalnız bir sertifikat, yaşı 15-dən yuxarı olan vətəndaşların vəsiqələrində isə iki sertifikat – həm identifikasiya, həm də imzalama sertifikatı mövcud olacaq.

Belə ki, Elektron hökumət portalına giriş həmçinin buradakı xidmətlərdən istifadə etmək üçün məhz yeni şəxsiyyət vəsiqələrindən yararlanmaq mümkündür. Tərkibində Elektron imza sertifikatları olan bu vəsiqələrdən bank, səhiyyə xidmətlərindən istifadə və Elektron ticarət zamanı da yararlanmaq mümkün olacaq.

Yeni nəsil şəxsiyyət vəsiqələrindəki Elektron imza sertifikatları 5 il müddətində etibarlıdır. Bu müddət başa çatdıqdan sonra vətəndaşın müraciəti əsasında müddət növbəti 5 ilə qədər uzadıla bilər. Məlumat üçün bildirək ki, yeni nəsil elektron şəxsiyyət vəsiqələri 10 il müddətinə verilir. Vəsiqələrdən elektron imzalama zamanı istifadə etmək üçün lazımi proqramlar kompüterə yüklənərək kartoxuyucu vasitəsilə e-id kart kompüterlə əlaqələndirilməlidir. Proqramları www.eid.az saytından yükləyə və yükləmə təlimatı ilə tanış ola bilərsiniz. Elektron imza sertifikatının istifadəsi ilə bağlı yaranan istənilən sualla əlaqədar 157 Çağrı Mərkəzinə müraciət etmək mümkündür.

Bildirək ki, yeni nəsil şəxsiyyət vəsiqələri üçün vətəndaşlar bütün ərazi polis orqanlarına və ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

 Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.