“Sosial şəbəkələrdə özümü rahat hiss edirəm”

25-11-2015 / 15:01

“Elə aparıcılar var ki, onların əvəzinə robotların olması daha yaxşıdır”

Xeberler.az-ın “İnformasiya texnologiyaları tanınmışların həyatında” rubrikasının növbəti qonağı tanınmış teleaparıcı, hazırda ANS televiziyasında yayımlanan “Ağıl dəryası”  və “Xəbərsizsiniz” verlişlərinin aparıcısı Murad Əzimzadədir.

Murad Əzimzadə ilə müsahibəni təqdim edirik:

-Murad bəy, internetdən ilk dəfə nə zaman və hansı məqsədlə istifadə etmisiniz?

-İnternetdən ilk dəfə 12 yaşımda istifadə etmişəm. Yadıma gəlir ki, internet kluba gedib “çat”a  daxil olmuşdum. Hətta Amerikada olan bir oğlanla ingilis dilimi inkişaf etdirmək üçün ünsiyyət qururdum. Əvvəllər sırf tanışlıq məqsədi ilə internetdən istifadə edirdim, daha sonra informasiya almaq məqsədilə istifadə etməyə başladım.

-Hansı elektron poçt ünvanından istifadə edirsiniz?

-Gmail və ANS şirkətlər qrupunun korporativ mailindən istifadə edirəm. Maildən daha çox irihəcmli materialları keyfiyyətli  göndərmək üçün istifadə edirəm.

-Hansı sosial mediadan - Facebook, Twitter, Instagram və s. aktiv istifadə edirsiniz?

-Facebook, Twitter, Instagram, Skype demək olar ki, hamısından istifadə edirəm. Bir çox tanınmışlar elə düşünürlər ki, çox paylaşım etsələr, fikirlərini yazsalar öz simalarına xələl gətirmiş olacaqlar.  Sosial şəbəkələrdən özümü rahat hiss etdiyim üçün çox istifadə edirəm. İstədiyimi yazıram, istədiyimi paylaşıram. Sosial şəbəkələrdə həm tanınmış biri kimi, həm də 12 yaşında uşaq kimi paylaşımlar edirəm(gülür). Etiraf edim ki, sosial şəbəkələrdən özümü tanıtmaq üçün də istifadə edirəm. Məsələn, verlişin başlamasına yarım saat qalmış paylaşım edib, insanların yadına salıram ki, biz başlayırıq. Bəzi bədii-publisistik yazılarım olur ki, onların ilkin təbliğini sosial şəbəkələrdə aparıram. Mənə çox maraqlıdır ki, insanlar yazılarımı necə qarşılayacaqlar.

-Facebook-da yazılan mesajları cavablandırırsınızmı? Göndərilən dostluq təkliflərini necə hamısını qəbul edirsinizmi?

-Bəzi aparıcılar deyir ki, mənim mesajları cavablandırmağa vaxtım yoxdur. Mən isə bütün mesajları oxuyuram və ilkin variantda cavablandırıram. Hiss edəndə ki, bu profil saxtadır və ya başqa məqsədlərlə yazır o zaman cavab yazmıram. Əgər sosial şəbəkədə mesaj yazmaq bölməsi varsa biz bundan istifadə etməliyik.  Bütün dostluq təkliflərini qəbul edirəm.  Profil şəklində hətta  panda, kompüter və digər şəkillər olanları da qəbul edirəm (gülür). Çünki bu gün cəmiyyətimizdə qızların azad olaraq sosial şəbəkələrdən istifadə etməsi müəyyən qədər məhdudlaşdırılır. Ona görə bəzən belə istifadəçilər öz şəkillərini profilə qoymurlar. Ona görə dostluq təkliflərini qəbul edəndə bu məsələyə  diqqət edirəm.

-Özünüzü texnologiyalardan asılı hesab edirsiz?

- Sosial şəbəkələrdə aktiv olandan sonra qəzet, jurnaldan çox bu şəbəkələrdən,  internet mediadan informasiya alıram. Elektron kitablardan istifadə edirəm. Əslində  istəsəm,  sosial şəbəkələrə daxil olmaya bilərəm. Lakin sosial şəbəkədə  özümü daha rahat hiss edirəm deyə bu barədə heç düşünmürəm (gülür).

- “Ağıl dəryası” verlişinin aparıcısı kimi şagirdlərin internetdən çox istifadə etməsinə necə baxırsız?

- İnternetin qadağan olunmasının tərəfdarı deyiləm. “Ağıl dəryası” komandası ilə belə bir təklif hazırlamışdıq ki, bütün dərs vəsaitləri elektronlaşsın. Bu barədə müəyyən ekspermentlər aparıldı, lakin bütün məktəbləri əhatə etmədi.  Əgər bütün dərsliklər elektron formada olsa, şagird bu informasiya ilə kifayətlənəcək. Bir məktəb üçün  vahid-“Məktəb şəbəkəsi” yarada bilərlər. Məktəb şagirdləri bu vasitə ilə bir-biri ilə əlaqə saxlaya, dərslə bağlı müzakirə apara bilərlər.Facebook-da elə bu məqsədlə yaradılıb. Bütün bunlar həyata keçirilsə,  uşaqların dərsə olan marağını artırmaq və asudə vaxtlarını sosial şəbəkədə daha səmərəli keçirməsi mümkündür.

-Daha əvvəl aparıcısı olduğunuz “Şəbəkə” verlişinin bu gün kifayət qədər auditoriyası var. Bu verilişi ərsəyə gətirərkən ilk vaxtlar hansı çətinliklərlə üzləşdiniz?

-İlk dəfə verlişin adını “FaceControl” qoymaq istəyirdik. Bu verlişi yaratmaqda məqsədimiz televiziyaya çıxa bilməyən mövzu və xəbərləri təqdim etmək və xəbərlərə gələn şərhləri səsləndirmək idi. Bəzən yayımladığımız  mövzulara görə sosial şəbəkələrdə təniqdə tutulurduq . Amma  biz bu tənqidləri normal qəbul edirdik. Tənqid ola yerdə inkişaf da olar.  Sosial şəbəkələr indiki dövrdə televiziyalardan daha üstündür.

-Gənc oğlan-qız qarşı-qarşıya əyləşiblər və öz mobil telefonunda nəyləsə məşğuldur. Buna münasibətiniz necə olardı?

- Anam həmişə mənə deyir ki, telefonun qırılsaydı üzünü görərdik(gülür). Biz bu gün istirahət, gəzməkdən evə gələndə o dəqiqə telefonla məşğul oluruq. Təbii ki, bu , müsbət hal deyil. İki insan qarşı-qarşıya oturublarsa,  biri-biri ilə maraqlansalar daha yaxşı olar. Əgər bunun əksi olursa, bu halı qarşı tərəfə edilən hörmətsizlik kimi başa düşürəm.


-Mobil internetdən, xaricdə səfərdə olarkən Rominq xidmətindən istifadə edirsinizmi?

-Azərbaycanda mobil internetin qiyməti Türkiyə ilə müqayisədə ucuzdur, lakin sürəti çox zəifdir.  Azercell-in sürəti yaxşı olsa da, qiyməti bahadır. Adicə mobil internetlə Skype,Viber və WhatsApp-da zəng etmək mümkün olmur. Xarici ölkərdə  olanda daha çox həmin ölkənin mobil operatorundan istifadə edirəm.

-Murad bəy,sizcə aparıcıların robotu yaradıla bilər?

-İndi elə aparıcılar var ki, sanki robotdur(gülür). Onlar  özlərinə müəyyən çərçivə, maket düzəldiblər və həmin çərçivədən çıxa bilmirlər. Bir insanın eyni formatda 10 il qalması onun səmimi olmadığını göstərir. Elə aparıcıları robot adlandırıram.Bəzi aparıcılar var ki, onların əvəzinə texnoloji robotların olması daha yaxşıdır. Bilirsən ki, o robotdu, ondan küsə bilmirsən.(gülür) Yəqin ki, bir müddət keçdikdən sonra aparıcı robotlar yaradılacaq. Belə robotların hazırlanması özümə də maraqlıdır(gülür).

-Bir anda internet kəsilsə və texnologiyalar olmasa bu vəziyyəti necə qarşılayarsız?

-Uzaq başı bir ay çətinliyim olar. Daha sonra isə özümə yeni məşğuliyyət taparam. Yazılar yazaram, kitab oxuyaram. İnanmıram ki, bu məndə müəyyən fəsadlar yaradar, ciddi təsir edər. Bəzi insanlar var ki, səhər deyirlər ki, Facebook hesabımı dondururam və axşam həmin insan yenə Facebook-da aktiv olur, “yaşıl işığ”ı görünür (gülür). Mənə belə vəziyyətlər gülməli gəlir. Bunun üçün hesabı dondurmağa ehtiyac yoxdur. Əgər mən sosial şəbəkəyə daxil olmaq istəmirəmsə, daxil olmuram  və bununla da məsələ bitir.

 

Sevinc Əsədova

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.