Sosial şəbəkələrlə bağlı maraqlı faktlar

24-09-2018 / 10:50

Əvvəllər nəsillər arasındakı fərqi daha yaxşı anlamaq üçün müxtəlif yaşlı insanların hansı TV proqramlarını izlədiyinə diqqət yetirilirdi. İndi isə onların hansı sosial medianı daha çox bəyəndiyinə fikir verilir.

Xeberler.az  strateq.az saytına istinadən bildirir ki, nüfuzlu data və araşdırma şirkəti olan “eMarketer“in bir tədqiqatına görə, “Facebook” bütün demoqrafik qruplar arasında 1 nömrəli sosial media platformasıdır. Yalnız bir demoqrafik qrup istisnadır: yeniyetmələr.

Kreativlik

Yaşı 12-17 arasında olan uşaqlar arasında “Facebook-dan istifadə səviyyəsinin ötən ilin fevralından bəri düşdüyü bəlli olub. Bu qrup başqa sosial media kanalına üstünlük verir. Söhbət “Snapchat”-dan gedir.

Əlbəttə, media seçimi məsələsində uşaqlar, onların valideynləri və nənə-babaları arasında zövq fərqinin olması qeyri-adi bir şey deyil. Müxtəlif demoqrafik qrupların zövqləri arasındakı fərqləri təkcə TV yox, həm də kino, jurnal və radio seçimlərində görmək olar. Əlbəttə, bu rəqəmsal dövrdə həmin media növlərinə çıxış tərzləri arasındakı fərqləri də nəzərdən qaçırmaq olmaz.

Maraqlıdır ki, bir çox illər ərzində bütün yaş qruplarının sosial media vərdişləri, əsasən, oxşar olub: onların hər birinin seçimləri arasında birinci yeri “Facebook” tutub. Ancaq “Snapchat”-ın ortaya çıxması ilə durum dəyişib. Snapchat uşaqlara çəkdikləri fotolara çoxsaylı filtrlər vasitəsilə kreativlik əlavə etmək imkanı verir. Üstəlik, bu çəkilən şəkillər (snəplər) dərhal yoxa çıxır. Bu isə çox şeyi valideynlərindən gizlətməyə can atan yeniyetmələr üçün çox vacibdir.

Facebook geridədir

“eMarketer” bildirir ki, bu il 16.4 milyon yeniyetmə “Snapchat”-dan istifadə edəcək. Qeyd edək ki, “Facebook” üçün bu göstərici 11.5 milyondur. Bu isə keçən ilkindən 600 min az istifadəçi deməkdir. Əslində, “Facebook” bu məsələdə “Instagram”-dan da geri qalıb. Bu il “Instagram”-dan istifadə edən yeniyetmələrin sayı 12.8 milyon civarında dəyərləndirilir.

«Hər iki platforma üçün hekayələr (stories) artım katalizatorudur. Ancaq bu, “Facebook”a ən gənc istifadəçilərini qoruyub saxlamağa kömək edə bilmir. Yeniyetmələr “Facebook”u tərk etməkdədirlər, yaxud da heç vaxt “Facebook”da hesab açmırlar. “Instgram”-ın gəlirləri isə “Facebook”un bu yaş qrupu arasındakı itkilərinin yerini doldura bilmir», – eMarketer-in proqnoz təhlilçisi Kristofer Bendtsen «Forbes» dərgisinə deyib.

Yəqin ki, ananızın, atanızın və babanızın hesabları olan platformada olsaz, bərkgedən görünməyə bilərsiz. “Facebook”un ilk vaxtlarda, sadəcə, tələbələr üçün yaradıldığını nəzərə alsaq, bu, çox maraqlı durumdur.

“eMarketer”ə görə, “Facebook”un yeniyetmə istifadəçilərinin sayı 2022-ci ilədək quruca 9.3 milyona düşəcək.

Digər yaş qrupları

Ancaq “Facebook” digər yaş qrupları arasında populyarlığını saxlamaqdadır. Bu platforma milleniallar (1980-2000-ci illər arasında doğulmuş nəsil) arasında hələ də populyardır. Ancaq X nəsli (1960-cı illərin ortaları – 1980-ci illər arasında doğulmuş insanlar) və Amerikada «Baby Boomers» (1946 -1964-cü illərdə doğulanlar, müharibədən sonrakı nəsil, yaxud doğum sayının kəskin artdığı dönəm – red.) adlanan daha yaşlı nəslin arasında “Facebook” istifadəsi azalıb. Buna baxmayaraq o, hər üç qrup arasında ən populyar sosial mediadır.

X nəsli arasında 45.1 milyon insanın “Instagram istifadəçisi olduğu üzə çıxıb. Bu isə platformanın istifadəçilərinin ümumi sayının yarısı deməkdir. “Instagram” bu qrup arasında “Facebook”dan sonra ikinci ən populyar sosial media platformasıdır. “Facebook”un 58.5 milyon millenialı və 31.9 milyon «Boomer» nəslindən olan istifadəçisi olduğu bildirilir.

«Baby Boomer» nəsli arasında populyar sosial media platformalarından biri də “Pinterest” imiş. Onlar burada ev və təmirlə bağlı yeni ideyalar axtarırlar. “Pinterest” bu qrupun arasında ikinci ən populyar sosial media kanalıdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə