Startap Günlərinin qalib layihəsi - MusicBeez

10-11-2015 / 14:14

“Layihə öz qarşılaşdığım problemdən  yarandı”.

Məlumat verdiyimiz  kimi, dünən Startap Günləri 2015-in qalibləri elan olundu.

Günlər çərçivəsində iştirakçılar tərəfindən təqdim edilən 25 biznes ideyanı münsiflər  təhlil edib və onlardan  6-ı  qalib gələrək bu ideya ətrafında komanda formalaşdırmaq və layihə hazırlamaq şansı qazanıb.

Seçilən innovativ biznes ideyaları ətrafında Günlərin iştirakçılarından ibarət olmaqla 4-6 nəfərlik 6 startap komandası formalaşdırılıb.

Münsiflər heyəti yekunda 6 komandanın 3 gün ərzində hazırladıqları layihələrdən qalib olanları müəyyənləşdiriblər.

Xeberler.az  Günlərin qalibi olmuş MusicBeez layihəsi ilə maraqlanıb.

Belə ki, layihənin mahiyyəti və fəaliyyət  istiqaməti ilə bağlı ideya rəhbəri Elin Məlikzadə ilə söhbət etdik.

Elin Məlikzadə Xeberler.az-a layihənin ideyasının  yaranmasından danışıb:

“MusicBeez şəxsən özüm qarşılaşdığım problemin həlli olaraq təqdim etdim. İdeya belə yarandı ki, bir mahnını digər müğənninin ifasında eşitmək istəyirdim. Bu istəyimin necə  həyata keçə biləcəyi üzərində düşündüm. Bunun həllini tapmağa çalışdım. Problemin necə həll oluna biləcəyini düşünərək hazırki platformanın özəyində olan məntiqə gəldim. Bir müddət bu platformanın daha nə imkanlar verə biləcəyi, kimlərin bu platformadan necə faydalanacağı barədə düşünərək , araşdırma apardım və Musicbeez-i layihə halına gətirdim, reallaşdırmaq qərarına gəldim”.

O bildirib ki, layihənin mahiyyəti musiqi dinləyicilərini onların xüsusi  istəkləri ətrafında birləşdirən və bu istəkləri musiqi sənayesinin aidiyyatı nümayəndələrinə (müğənnilərə) çatdıran sosial veb şəbəkədir:

“Musiqi sahəsinin nümayəndələri bu istəkləri yerinə yetirərək öz populyarlığını və dinləyici kütləsini qısa zamanda ciddi şəkildə artırmaq imkanı qazanırlar”.

Layihə rəhbəri  bildirib ki, MusicBeez musiqi dinləyicilərinə fərqli növ istəklər bildirmək imkanı yaradacaq:

“Artıq bugün platforma musiqi dinləyicilərinə istədikləri mahnını istədikləri müğənnidən onun bu mahnını ifa etməsini istəmək, öz istəkləri ətrafında qruplaşmaq və bu müğənniyə öz istəklərini birgə bildirmək imkanı verir. Eyni zamanda müğənnilər də onlara ünvanlanmış istəkləri öz səhifələrində görə və hər bir istəyin arxasında neçə dinləyicinin olduğunu izləyə bilirlər. Kifayət qədər dinləyici dəstəyi toplamış istəklər müğənni tərəfindən yerinə yetirilir”.

Elin Məlikzadə  bildirib ki, platformanın bugünki imkanları çərçivəsində musiqi dinləyiciləri istənilən mahnını onların bu mahnı üçün düzgün hesab etdikləri müğənninin ifasında eşitmək imkanı qazanırlar. Bu  da onlara mahnıların versiyalarında bilavasitə iştirak etmək, qərar qəbul etmək imkanı yaradır:

“Dinləyicilərdə belə bir imkan indiyə qədər olmamışdı. Həmçini müğənnilər onların ifasında eşidilmək istənən mahnılar barədə məlumatlı olacaq. Bu mahnıları ifa etməklə bilavasitə dinləyicilərin istəklərini yerinə yetirmiş olacaqlar. Bu isə müğənninin populyarlığını və dinləyici sayını artırmaq üçün unikal və çox effektiv üsul olacaqdır. Eyni zamanda bəstəkarlar da öz mahnılarının bir neçə müğənni tərəfindən ifa edilmə imkanı qazanacaqlar”.

Günlərin qalibinin sözlərinə görə, bu da öz növbəsində hər bir mahnının öz həqiqi düzgün müğənnisini tapmağa imkan yaradacaq.

Elin Məlikzadə deyib ki, musiqi dinləyiciləri isə həqiqətən uğurlu layihələrlə nəticələnəcək istəklər iəli sürərək zamanla öz yüksək musiqi duyumlarını nümayiş etdirə bilir:

“İstifadəçilər  öz istedadları barədə bütün dünyaya səs salmaq imkanı qazanırlar. Bu isə dinləyiciyə dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq dünya musiqi sənayesinə inteqrasiya etmək üçün unikal imkan yaradır”.

Qeyd edək ki, MusicBeez  layihəsi 6 layihə arasından seçilib.

Digər layihələrlə bağlı daha ətraflı burada.

Startap Günləri 2015-in qalib layihələrinə və qalib layihələrin hər bir iştirakçısına ATL Group və Bakcell şirkətlərinin qiymətli hədiyyələri və diplomlar təqdim olunub.
Həmçinin tədbirlərin bütün mərhələlərində aktiv iştirak edənlərə Startap Azərbaycan -nın sertifikatı təqdim edilib.

Startap Azərbaycan tərəfindən keçirilən Startap Günlərinə Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, RYTN-nin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, Cybernet, SİNAM, Bakcell şirkətləri və  ATL Group şirkəti dəstək verib.

 Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə