“Startaplara dəstək proqramı fəaliyyətdədir”

01-12-2015 / 12:17

KATV1, TMB TV, AG FM, Myvideo.az kimi tanınmış media-layihələrin idarəçisi olan AG Telecom bu gün öz fəaliyyətini nəinki Azərbaycanda, həmçinin, Türkiyə, Rusiya, Gürcüstanda davam etdirir. 10-illik yubileyini qeyd edən şirkətin media layihələrindən isə hazırda dünyanın 98 ölkəsinin vətəndaşları aktiv istifadə edir. 

Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsində ilin ən mötəbər tədbiri olan Bakutel beynəlxalq sərgisi ərəfəsində AG Telecom şirkəti də iştirak edəcək.

İKT sektorunda təqdim etdiyi məhsullar haqqında şirkətin rəhbəri Samir Qurbanov Xeberler.az-a məlumat verib.

- Bakutel sərgisində istifadəçilərə hansı yeni texnoloji yeniliklər təqdim olunacaq?

- Ənənəvi olaraq şirkətimiz Bakitel-də ən aktiv iştirakçılardan biri olacaq. İlk öncə nisbətən yeni xidmətimizi, fiber optik və ethernet texnologiyalara əsaslanan genişzolaqlı və sürətli internet haqqında danışmaq istərdim. KATV1 şəbəkəsinin istifadəçiləri üçün təqdim olunan bu xidmət ADSL texnologiyasından öz təminatlı internet sürəti ilə fərqlənir. Məsələn, bizim internet-paketimiz çərçivəsində 8 mb/s göstərilibsə, istifadəçi məhz həmin sürəti alacaq. Saat 24.00-12.00 radələrində isə həmin sürətin ikiqatından istifadə edə biləcək. Bazarda təqdim etdiyimiz bütün paketlər üzrə istifadəçilər üçün belə əlverişli imkan yaradılıb. Bu, KATV1-in 10-illik yubileyi ilə baglı bir hədiyyədir.

Bakutel-də stendimizə yaxınlaşan istifadəçilər bizim internet-paketlər haqqında ətraflı məlumat ala biləcəklər.

Bununla yanaşı sərgidə Smart Box qurğumuzu da təqdim edəcəyik. SmartBox istənilən televizoru SmartTV-yə çevirə bilər, yəni interneti televizora inteqrasiya edə bilər. Azərbaycan mətbuatında dəfələrlə qeyd olunmuş maraqlı cəhətlərdən savayı SmartBox-un həm də mühüm milli missiyası var. Bu balaca cihaz, faktiki olaraq, dünyanın istənilən ölkəsində yaşayan Azərbaycan ailəsinə televizorda məhz Azərbaycan telekanallarını seyr etməyə imkan verir. Bundan əlavə, əvvəlcədən quraşdırılmış Facebook və Skype proqramları vasitəsilə Azərbaycandakı qohum və dostlarla da əlaqə saxlamaq olar. SmartBox cihazı həm də myvideo.az-a yüklənilmiş videoları televizorla izləməyə imkan verir.

-Bizdə olan məlumata görə, sərgi çərçivəsində startaplarla da geniş ünsiyyət qurmaq niyyətindəsiniz. Startapçılar şirkətinizdən nə gözləyə bilər?

- Niyyətimiz xüsusi proqramımız çərçivəsində Azərbaycanda və qlobal bazarda kommersiya, yaxud da qeyri-kommersiya xarakterli media-layihələri dəstəkləməkdir. Bu sahədə artıq layihəsi olan, yaxud da maraqlı ideya ilə çıxış edən hər bir komanda bizim stendə yaxınlaşa bilər. Bildiyiniz kimi şirkətimiz bu istiqamətdə geniş imkanlara malikdir və mütəmadi olaraq Azərbaycanda fəaliyyət göstərən müxtəlif media-layihələrə dəstək verir, yaxud da dəstəyə tələbat yoxdursa konsultasiya edirik. Bir sıra hallarda layihəni reallaşdırmaq üçün yetərincə maliyyəsi olan komandalara məsləhətlər verərək onlara daha optimal texnologiyalardan istifadə etməyə və müəyyən səviyyədə qənaət etməyə kömək etmişik.

Hesab edirəm ki, media sahəsində maraqlı trendlərdən biri olan radiovision formatıdır. Az maliyyə tələb edən, amma öz yanaşmasına görə istehlakçılar arasında populyar olmağa potensialı olan bu format hamımızın tanıdığı internet, yaxud da ənənəvi radiokanalı studiyadan birbaşa video-görüntü ilə sintez edir. Belə yanaşma nəticəsində faktiki olaraq radio və televiziyanın simbiozu–radiovision yaranır. Daha geniş texniki imkanları olan layihələr faktiki olaraq radiovision-u son dərəcə populyar səviyyəyə çatdıra bilər.

Bir məsələni də qeyd etmək istərdim. Əslinə baxsaq, onillik biznes təcrübəmizə baxmayaraq özümüz hələ də böyük bir startapıq. Daim yeni məhsullar yaradırıq və yeni bazarları araşdırmağa çalışırıq. Demək olar ki, hər bir layihəmiz startap prinsipinə uyğun inkişaf edir və bu da çevikliyimizi qoruyub saxlamağa imkan verir. Komandamızda çoxlu sayda gəncin olması bizi daha da çevik edir. Ona görə də digər təşəbbüskar insanların layihələrini dəstəkləməyə, həmçinin texnoloji baxımdan bizə daha yaxın olan digər sahələrdə yeni bizneslərin qurulmasına yardım etməyə hazırıq. Yanaşmamız artıq Azərbaycandan kənarda da məşhurlaşıb və bizə hətta Qərbi Avropadan da müxtəlif biznes-təşəbbüslərlə müraciət edirlər. Ola bilsin ki, 2016-ci ildə biz regional bazarlara istiqamətlənən yeni maraqlı layihələrlə çıxaq. 

Enerji daşıyıcılarının qiymətinin düşdüyü bir zamanda iqtisadiyyatın digər seqmentlərinə olan maraq dəfələrlə artıb. Yüksək texnologiya sektorunda nə baş verir və ölkəmiz bu istiqamətdə irəliyə doğru addım ata bilərmi?

- Son bir neçə il ərzində yüksək texnologiyalar sahəsi dünya ölkələrinin, o cümlədən də Azərbaycanın iqtisadiyyatının ən maraqlı seqmentlərindən hesab olunur. Biz bu potensialı hələ on il əvvəl AG Telecom şirkətini yaradarkən müşahidə etdik və ölkənin ən böyük kabel televiziya operatorlarından biri KATV1-in yaradılmasına başladıq. Son on ildə keçdiyimiz yolu Azərbaycanın yüksək texnologiya sektorunun təcəssümü də hesab etmək olar. İş ondadır ki, fəaliyyətimizə kabel televiziya operatoru kimi başlamışdıq, amma indi müxtəlif mürəkkəb tapşırıqların öhdəsindən gələ bilən çoxistiqamətli yüksək texnoloji şirkətik. Yüksək potensiala malik yeni layihənin icrasına başlayanda heç vaxt onunla kifayətlənmirik, daim irəliləməyə çalışırıq. Azərbaycanın artıq onlar üçün dar olduğu və yeni bazarlarda istənilən layihəni həyata keçirə bilən ciddi İT-şirkətləri əhatə edən bütöv İKT-sektorumuz da məhz bu yolla gedir. Əminliklə deyə bilərəm ki, Azərbaycan Xəzər regionunun texnoloji liderinə çevirilə bilər. Potensialımız nəinki ölkə daxilində fəal olmağımıza, həm də regional bazarlara çıxmağımıza imkan verir.

- Həqiqətən də, qarşısında yüksək məqsədlər qoymuş bir komandanın edə biləcəkləri təəccüb doğurur. Digər Azərbaycan şirkətlərinə nə tövsiyə edə bilərsiniz?

- Hesab edirəm ki, müasir biznes – yalnız mənfəət əldə etməkdən ibarət deyil, o həm də vətən və onun xalqı qarşısındakı sosial missiyanın reallaşdırılmasıdır. Çünki Azərbaycan olmasa idi bunların heç biri də olmazdı. Hər bir iş adamı vətənin ucalması üçün əlindən gələni etməlidir. Əgər hər birimiz çalışıb yaxşı nəticələr göstərə bilsək, necə bir sinergetik effektə nail ola biləcəyimizi təsəvvür belə edə bilməzsiniz.  

Məsələn, şirkətimizin idarə etdiyi TMB TV telekanalının dəstəyi ilə Türkvizyon mahnı yarışması bu il İstanbulda keçiriləcək. Yarışmaya 20-yə yaxın (Azərbaycan, Türkiyə, Almaniya, Qazaxstan və b.) ölkədən türkdilli xalqların nümayandələri qatılacaq. Müsabiqə İstanbulun məşhur Küçük Çekmece Yahya Kemal Beyaltı konsert salonunda təşkil olunacaq. Bundan əlavə bu il TMB TV üşaqlar arasında “Bala Türkvizyon 2015” müsabiqəsini TÜRKSOY təşkilatı və “Yeditepe Universitetinin” dəstəyi ilə keçirir. Belə yanaşma bizə geniş imkanlar açır və yeni seqmentlərdə özümüzü sınamağa imkan verir. 

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə