STP-nin Kabel Zavodu daha bir ilkə imza atıb

30-06-2016 / 12:50

Sumqayıt Texnologiyalar Parkının Kabel Zavodu Azərbaycanın sənaye tarixində yeni bir səhifə açıb. Texnoparkın müəssisələri içərisində gələcəyin istehsal sahəsi sayılan zavod  yüksək gərginlikli 500 kV kabelin istehsalına başlayıb.

Təməli 22 dekabr 2009-cu ildə cənab prezident İlham Əliyev tərəfindən qoyulan 125 metrlik qüllə artıq texniki olaraq istifadəyə verilib və sınaq üçün məhsul istehsalı həyata keçirilib.

Xeberler.az-ın məlumatına görə, ölkədə ilkə imza atan STP-nin Kabel Zavodunun direktoru Adıgözəl Rəhmanov istehsalla bağlı fikirlərini bildirib:

 “Müəssisəmizdə Almaniya istehsalı olan avadanlıqlar quraşdırılıb. İndiyə qədər 10, 35, 110, 220 kV-lıq kabellərin istehsalını həyata keçirmişdik. Ancaq bu gün Kabel Zavodu tarixi bir işə imza atıb. Azərbaycanın sənaye tarixində ilk dəfə olaraq 500 kV-lıq ifrat yüksək gərginlikli kabel istehsal edilib”.

İlk istehsalın test xarakterli olduğunu bildirən Adıgözəl Rəhmanov  Kabel Zavodunun gələcəklə bağlı planlarını da açıqlayıb:

“İlk olaraq ümumi uzunluğu 1 km olan 500 KV-lıq kabel istehsal etdik. Bu sınaq xarakterli idi. Növbəti mərhələdə bu kabeli bazara çıxarmaq üçün Avropa standartlarına cavab verdiyini təsdiqləyən sertifikat almalıyıq. Bunun üçün yaxın günlərdə beynəlxalq sertifikatlaşdırma labaratoriyalarından birinə müraciət edəcəyik. Bir il ərzində məhsulumuz sınaqlardan keçiriləcək. Bütün parametrlərə və keyfiyyət göstəricilərinə cavab verdiyi təsdiqlənsə, lazımı sertifikatı əldə edəcəyik. Əminəm ki, burada da heç bir problemlə qarşılaşmayacayıq. Çünki istehsal prossesində istifadə olunan avadanlıqlar ən son texnologiyalardır. Lazımı xammal Avropanın tanınmış markalarının məhsullarıdır. Sevindirici haldır ki, bu kabelin istehsal prosessini həyata keçirdən şəxslərin hamısı da yerli mütəxəssislərdir. Bu da gələcəkdə STP əməkdaşlarının daha böyük işlərə imza atacağından xəbər verir”.

Onun sözlərinə görə, ölkəmizin qeyri-neft sektorunun əsas istehsal sahələrindən biri olan STP-nin Kabel Zavodu regionun ən iri kabel istehsalçısıdır. Həm daxili, həm də xarici bazarlarda öz məhsullarının satışını həyata keçirən texnopark, yaxın zamanda yeni məhsulunu bazara çıxarmağı hədəf seçib:

“Qeyd etdiyim kimi sertifikat əldə etdikdən sonra məhsulumuzu bazara çıxardacayıq. Hədəfdə ham daxili, həm də xarici bazarlar var. Çünki bu məhsula çox böyük ehtiyac var. 500 kV ifrat yüksək gərginlikli kabellər nə MDB ölkələrində, nə qonşu İran və Türkiyədə, nə də Yaxın Şərqdə istehsal olunmur. Ümumilikdə bu cür kabellər dünyada 4-5 ölkədə istehsal olunur ki, bura Azərbaycan da qatıldı. Bir neçə vaxt idi ki, bizə sifarişlər gəlirdi. Hətta bu yaxınlarda 80 km-lik rəsmi tələb də var idi. Bu cür kabellərin orta istehsal sürəti təxminən bir dəqiqədə 0,4 metrdir. Bu da izolyasiya qatının qalın olması və orada gedən vulkanizasiya prosesinin sürətilə əlaqədardır”.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı bütün işlərini   İlham Əliyevin 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun qurmağa çalışır. Yaxın bir zamanda müəssisə qeyri-neft sektorunun inkişafında daha böyük nəticələrə nail olmaq üçün yeni layihələrə start verəcək. Ölkəmizdə yeni məhsulların istehsalını həyata keçirdəcək. 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə