Taksi xidmətinin keyfiyyəti artırılacaq

11-07-2018 / 11:22
Taksi daşımalarının sosial əhəmiyyətini nəzərə alaraq, bu sahədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RTYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən yumşaq tənzimləmə və stimullaşdırma tədbirlərinin görülməsi nəzərdə tutulub.
 
Xeberler.az bildirir ki, DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın  verdiyi məlumata görə, hazırda əsasən oturacaq yerləri 8+1 və ondan az olan minik avtomobilləri ilə həm ölkədaxili, həm də beynəlxalq istiqamətlər üzrə sifarişli sərnişin daşımaları geniş vüsət alıb.
 
"Bu tip avtomobillər nə avtobuslarla sərnişin daşınmasına, nə də taksi minik avtomobilləri ilə sərnişin daşınmasına aid edilmədiyindən, belə daşımalarda sərnişinlərin təhlükəsizliyinin və qanuni maraqlarının qorunması narahatçılıq doğuran vacib məqamlardan biridir. Bu problemin həlli məqsədilə təkliflər hazırlanıb, eyni zamanda belə daşımalar həyata keçirilən tərəfdaş dövlətlərin aidiyyəti qurumları ilə məsləhətləşmələr aparılıb. Sifarişli daşımalarla bağlı oxşar problemlər digər dövlətlərdə də mövcuddur”.
 
N.Allahyarova bildirib ki, artıq Bakı şəhərinin simvollarından birinə çevrilən "London” taksiləri ilə göstərilən sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması üçün işlərin görülməsi nəzərdə tutulub. "Çağrı sisteminin təkmilləşdirilməsi məqsədilə müvafiq proqram təminatı hazırlanır və tezliklə müştərilərin istifadəsinə təqdim olunacaq. Eyni zamanda, taksi sürücülərinin davranışlarında rast gəlinən bəzi xoşagəlməz halların tam aradan qaldırılması məqsədilə kompleks tədbirlər görüləcək. Bu tədbirlərə sürücülərin reytinqinin aparılması, reytinqi yüksək olan sürücülərə qarşı həvəsləndirmə tədbirlərinin görülməsi, müştəri məmnuniyyətinin qiymətləndirilməsi, sürücülərin fəaliyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi və s. daxil olacaq.
 
Qeyd edək ki, vətəndaşlarımıza və ölkəmizə gələn qonaqlara göstərilən taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə Heydər Əliyev Beynəlxalq Hava Limanında taksi xidməti stendi təşkil edilib, xüsusi ayrılmış duracaqda taksi minik avtomobillərinin nizamlı dayanması və növbəli şəkildə müştərilərin xidmətinə verilməsi təmin edilib”.
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə