Təhsil nazirinin bir əmri və MM-də telefon məsələsi

14-01-2014 / 15:07

Azərbaycanda son zamanlar gənclərin, özəlliklə də qərb təhsilli kadrların önə çəkilməsi şəxsən məni sevindirən görsənişlərdəndir. Təhsil, tibb, iqtisadiyyat, rabitə və yeni texnologiyalar sahəsində belə kadrların işə cəlb edilməsi öz səmərəsini verir və əlbəttə ki, bundan da qazanan bütövlükdə Azərbaycan dövləti olur. Lakin bəzən bu gedişatlar bir qədər həyəcan doğuracaq addımlara da səbəb olur. Düzdür, atılan addımlar işin səmərəliliyinin artırılmasına hesablanır, ancaq sonuc tam tərsi olur.

Belə narahatlıq doğuran addımlardan biri də bugünlərdə Təhsil Nazirliyi tərəfindən atıldı. Şəxsən özüm bir media təmsilçisi, eyni zamanda ictimaiyyətlə əlaqələr və QHT fəalı olmasaydım, bəlkə də bu addım diqqətimi çəkməzdi. Lakin arxada buraxdığımız illərin təcrübəsi bu məsələdə mövqe bildirməyimi zəruri etdiyindən bəzi fikirlərimi paylaşmaq istərdim.

Söhbət təhsil naziri Mikayıl Cabbarovun “Təhsil Nazirliyinin vahid informasiya siyasətinin təmin olunması barədə” əmrindən gedir. Söz yox ki, cənab nazir bu əmri imzalarkən işin daha səmərəli və daha peşəkar qurulması kimi amilləri rəhbər tutub. Doğrudan da informasiya siyasətində ümumi standartların tətbiqi, vahid xəttin yürüdülməsi işin keyfiyyətinin yüksəlməsinə səbəb ola bilər. Elə əmrdə də bu amillərə diqqət çəkilir. Burada onu da qeyd edək ki, təhsil naziri gənc və dinamik, eyni zamanda çağdaş standartlara uyğun bir kadr olmaqla yeni texnologiyalar və medianın gücünü yetərincə dəyərləndirə biləcək birisidir. Bu, əlbəttə ki, işin yaxşı tərəfidir. Amma işin bir də yaxşı olmayan tərəfi var.
Əmrdə deyilir ki, “Təhsil Nazirliyinin bütün struktur bölmələri və tabeliyindəki qurumlar tərəfindən kütləvi informasiya vasitələri ilə əlaqələr və ictimaiyyətə məlumatların verilməsi yalnız nazirliyin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoru vasitəsi və ya razılığı ilə həyata keçirilsin”.

Yaxud da “…bütün struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərləri … görüşlər haqqında məlumatların, KİV-dən daxil olmuş informasiya sorğularının və müraciətlərin müvafiq qanunvericiliyə uyğun müddətdə cavablandırılaraq İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoruna təqdim olunmasını təmin etsinlər”.

Daha bir məqam: “İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoruna tapşırılsın ki… nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların təsis etdiyi mətbu orqanların fəaliyyətinin istiqamətləndirilməsini və əlaqələndirilməsini təmin etsin”.
İndi sual olunur: bir universitet öz xəbərlərini yaymaq üçün niyə bu işi nazirliklə əlaqələndirməlidir? Yaxud da hansısa dağ kəndindəki bir məktəb elə həmin kənddə yaşayan bir sakinin məktəbin fəaliyyətilə bağlı hər hansı informasiya sorğusunu cavablandırmaq üçün niyə nazirliklə əlaqə saxlamalı və izn almalıdır? Bəs ayrı-ayrı universitetlər öz mətbu orqanlarının çapını nə üçün nazirliklə razılaşdırmalıdır?

Adı keçən əmrdə tənqid edilə biləcək yönlər, əslində, daha çoxdur. Sadəcə diqqət çəkmək istədiyimiz məqam budur ki, əmrin icrası təhsil sisteminin informasiya şəffaflığı və operativliyini xeyli əngəlləyəcək.
Bundan başqa, informasiyanın keyfiyyəti aşağı düşəcək. Çünki qurumlar arasında informasiyanın razılaşdırılması vaxt itkisinə səbəb olmaqla bərabər onun mahiyyətinə də təsir edəcək. Örnək üçün, özünün media ilə əlaqələrində fəallığı ilə seçilən bəzi universitetlər bir xəbəri mediaya ötürmək üçün nazirliyin müvafiq şöbəsinə göndərməli, orada informasiya ən azı nəzərdən keçirilməli və sonra yayılmalıdır. İndi gəlin, belə bir durum təsəvvür edək: universitet bir tədbir keçirib, yaxud da bir elmi kəşfə imza atıb, qonaq qəbul edib. Təbii ki, bunun informasiyasını ən yaxşı şəkildə həmin qurumun mətbuat xidməti hazırlaya bilər.

Bəs bu tədbirlərdə heç bir formada iştirakı olmayan nazirliyin müvafiq strukturu həmin informasiyanı hansı məntiqlə nəzərdən keçirib ona keyfiyyətini yüksəldə biləcək müdaxilə etməlidir? Axı bu mümkün deyil. Deməli, belə bir koordinasiya faydasızdır, eyni zamanda həm də zərərli ola bilər. Çünki nazirliyin müvafiq strukturunun əməkdaşları nə qədər peşəkar olsalar da özlərinin tam məlumatlı olmadıqları bir tədbir haqqında xəbərə müdaxilələri sadəcə həmin xəbərin keyfiyyətini aşağı sala bilər.

Demək istədiyim budur ki, hörmətli nazir Mikayıl Cabbarovun bu əmri işin keyfiyyətinin yüksəldilməsinə hesablansa da əlavə bürokratiya və vaxt itkisinə səbəb olacaq. Ona görə də onun tətbiqinə yenidən baxaraq nazirliyin tabeliyində olan struktur vahidlərinin mətbuat xidmətlərinin peşəkarlığının yüksəldilməsi üçün tədbirlərin görülməsi daha məqsədəuyğun olardı.

Bugünlərdə müzakirə edilən məsələlərdən biri də Milli Məclis, ardından da Nazirlər Kabinetinin binalarına smartfonlarla girişin əngəllənməsi haqqında xəbərlərdir. İddia edilir ki, bu, təhlükəsizliyin təmini üçün vacibdir.

Düzü, bu mövqeyi heç cür qəbul edə bilmirəm. Çünki dünyanın heç bir ölkəsində belə yasaq tətbiq edilmir. Daha doğrusu, demokratiya yolunu tutmuş ölkəsində. Azərbaycan da demokratiya, açıq cəmiyyət yolunda inamla addımlayan bir ölkə olmaqla belə bir addımı özünə yaraşdırmamalıdır. Üstəlik, nəzərə almaq lazımdır ki, parlamentlərin fəaliyyəti zatən bütün insanlar üçün açıq olmalıdır və bir sıra ölkələrdə hətta sıradan vətəndaşlar da arzu etdikləri zaman bu fəaliyyətləri sərbəst şəkildə müşahidə edə bilirlər.
Əgər söhbət hansısa dövlət sirri sayıla biləcək məsələnin müzakirəsində gizliliyi təmin etməkdən gedirsə, onda deputatlar, məmurlar müzakirə otağına telefonsuz daxil olsunlar, yetər.
Yəni bunun üçün ümumiyyətlə binaya smartfonların buraxılmasını əngəlləmək çox yanlış bir qərardır.

Azər Həsrət


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə