Təhsil sisteminin informasiyalaşdırılması ilə əlaqədar konfrans keçirilib

12-06-2009 / 13:52

“Gülüstan” sarayında “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın bir illik icrasına həsr olunmuş “Müasir tədris texnologiyaları” mövzusunda konfrans keçirilib.

Tədbirdə təhsil naziri, rabitə və informasiya texnologiyaları naziri, DATA Mərkəzinin nümayəndələri, İKT şirkətləri və dövlət rəsmiləri iştirak edib.

Konfransda çıxış edən Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov bildirib ki, bir il ərzində regionda analoqu olmayan Məlumat və Resurs Mərkəzi (Data) yaradılıb və 200-dək məktəb mərkəzə qoşulub. 2009-cu ilin sonuna qədər əlavə 300 məktəb də yüksək sürətli internetə qoşulacaq. O, dövlət proqramı çərçivəsində təhsil portalının yaradılması üzrə işlərin birinci mərhələsinin başa çatdığını, portalda müxtəlif elektron tədris resurslarının yerləşdiriləcəyini deyib. Dövlət proqramı çərçivəsində Azərbaycan Təhsil Şəbəkəsi də yaradılıb. Vahid təhsil şəbəkəsinin mövcudluğu ölkənin təhsil ocaqları arasında yüksək sürətli məlumat mübadiləsini təmin etməyə imkan verəcək.

Təhsil naziri Misir Mərdanov isə hazırda Azərbaycanın bütün ümumtəhsil məktəblərində informasiya-kommunikasiya texnologiyalarına böyük maraq olduğunu, 30 minə yaxın orta məktəb müəlliminin bu texnologiyalar üzrə treninqlərə cəlb edildiyini, nazirliyin bazasında 100-ə yaxın təlimçi müəllimin hazırlandığını söyləyib. Onun sözlərinə görə, hazırda ölkədə hər 29 şagirdə, Bakının əksər məktəblərində isə 15-17 şagirdə bir kompüter düşür.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bəyan edib ki, təhsil sahəsinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması sahəsində Azərbaycan MDB məkanında lider mövqeyə qalxıb. Prezident Administrasiyası Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə isə bildirib ki, hazırda şagirdlər Azərbaycan dilində internet resurslarının qıtlığı ilə rastlaşırlar: “Belə resursların formalaşmasına böyük ehtiyac var. Biz şagirdlərin internet vasitəsilə interaktiv şəkildə xarici dilləri öyrənməsinə də çalışmalıyıq. Çünki hazırda Avropada tədris alan hər bir şagirdin ən azı bir neçə dilə yiyələnmək imkanı var. Azərbaycan şagirdləri üçün də bu imkanlar yaradılmalıdır”.

Konfransda “2008-2012 –ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət Proqramı” çərçivəsində həyata keçirilən işlər haqqında statistik məlumatlar, hesabatlar da verilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə