Təkrar qeydiyyat onlayn rejimdə necə aparılır?

28-02-2018 / 10:15

Torpaqların, o cümlədən daşınmaz əmlakın təkrar qeydiyyatı sahəsində innovativ üsulların tətbiqi prosedurları tam olaraq elektronlaşdırılıb.

Bu barədə Xeberler.az-a Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Belə ki, daşınmaz əmlak və torpaq mülkiyyətçiləri, həmçinin bələdiyyələr təkrar bazarda alqı-satqı prosesini onlayn rejimdə rəsmiləşdirə bilirlər. Bu prosesdə notariuslarda alqı-satqı əməliyyatı aparılarkən əmlakın yüklülüyünə dair məlumat 10-15 saniyə ərzində onlayn rejimdə əldə edilir.

Daha sonra alqı-satqı prosesi aparılaraq müqavilə imzalanır. Müqavilə elektron şəkildə reyestr xidmətinin yerli ərazi idarələrinə ötürülür.

Qeydiyyat orqanı da bu müqavilə əsasında daşınmaz əmlakın və torpağın yeni sahibinin adına elektron formada çıxarış tərtib edir.

Vətəndaş məmnunluğunu təmin edən yeniliklərdən biri elektron çıxarışın tətbiqi də təkrar qeydiyyatın tam olaraq avtomatlaşdırılması imkanlarını genişləndirib.

Belə ki, elektron çıxarışı olan vətəndaşların, bələdiyyələrin, torpaq mülkiyyətçilərinin alqı-satqı əməliyyatı zamanı heç bir kağız sənəd təqdim etməsinə ehtiyac qalmır. Alqı-satqı əməliyyatından sonra əmlaka dair çıxarış yeni sahibin Elektron Hökumət portalındakı şəxsi kabinetinə yerləşdirilir. Nəticədə çıxarış almaq üçün vətəndaşların əlavə olaraq qeydiyyat orqanlarına müraciət etmək zərurəti aradan qaldırılır.

Elektron çıxarışların tətbiqi ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirir, əhalinin əmlaklarının qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və şəffaflığı artırır. Bundan əlavə, kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər ortadan qalxır. Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir. Qeyd edilməlidir ki, qısa zamanda istifadəyə verilməsinə baxmayaraq sistemdən artıq 1000 nəfər yararlanıb.

Görülən işlərin nəticəsidir ki, ötən il ərzində daşınmaz əmlakların təkrar qeydiyyatının sayı 140 minə yaxın olub. Bu isə 2016-cı il ilə müqayisədə 12 faiz artım deməkdir. Statistikası onu deməyə əsas verir ki, vətəndaşların təkrar daşınmaz əmlak bazarında aktivliyi kifayət dərəcədə artıb.

Ümumilikdə qeyd edilməlidir ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artması, daha çox insanın rahatlıqla hüquq sahibi olması məqsədilə tətbiq edilən elektron xidmətlərin sayı çoxaldılır.

Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən istifadəyə verilən 37 elektron xidmətin 24-ü daşınmaz əmlakın qeydiyyatı sahəsinə aiddir. Təkcə ötən il ərzində bu sahədə 4 yeni elektron xidmət fəaliyyət göstərməyə başlayıb.

2017-ci il ərzində daşınmaz əmlak qeydiyyatının 200 minə yaxın olması bu sahədə tətbiq edilən innovativ üsulların tətbiqinin effektivliyindən, həyata keçirilən işlərin uğurlu olmasından xəbər verir. 2016-cı ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 14.5% artıb. Ümumilikdə isə 280 minə yaxın edilən müraciətin 97%-i öz müsbət həllini tapıb.

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.