Televizorda verilişləri necə yaddaşa yazmaq olar?

24-11-2015 / 11:17

Televiziyada yayımlanan verilişləri, filmləri yaddaşa yazmaq ənənəsi uzun müddətdir ki, var.  Xatırlayırıq ki,  insanlar bəyəndikləri görüntüləri videomaqnitofondan, videopleyerdən istifadə edərək arxivə yazırlar.

Lakin müasir, rəqəmsal  televizorların bir çoxu sizə imkan verir ki, bunun üçün əlavə videomaqnitofondan, videopleyerdən istifadə etmədən elə birbaşa həmin görüntüləri yaddaşa yazasınız.

Xeberler.az  müasir televizorlarda  görüntüləri yadda saxlamağın üsullarını təqdim edir.

Bunun üçün sizin rəqəmsal HD televizorunuz olmalıdır. Artıq bir çox bu cür televizorlar mövcuddur. Adətən bu funksiyanın dəstəkləyən televizorların uzaqdan idarə edən qurğuların (pult)  üzərində qırmızı dairə işarəsi olan “record” düyməsi olur. Əgər bu düymə varsa, deməli sizin televizorunuz televiziya yayımını yaddaşa yazmaq imkanına sahibdir.  Belə düymə yoxdursa, amma siz buna tam əmin olmaq istəyirsinizsə, o zaman televizorunuzun kitabçasına baxın və ya internet marka və modeli üzrə axtarış edib,  bu  funksiyanı dəstəkləyib, dəstəkləmədiyini öyrənin.

Bildirək ki,  televizorunuzda  rəqəmsal yayımları  yaddaşa yaza bilərsiniz. Analoq yayımları yaddaşa yazmaq adətən mümkün deyil.

Əgər sizin televizorunuz bu imkanı dəstəkləyirsə, onda televizorunuzun yanında və ya arxa hissəsində yerləşən USB girişlərindən üzərində (HDD) yazılan girişi tapıb ora USB flash disk və ya xarici yaddaş qurğusu qoşun. Bundan sonra həmin qurğudakı bütün məlumatlar ya avtomatik şəkildə silinəcək, ya da bunu icra etməyiniz üçün televizor sizi yönləndirəcək.

USB vasitəsilə qurğunun qoşulması başa çatdıqdan  sonra siz istədiyiniz televiziya yayımının “pult”dakı qırmızı “record” düyməsinii və ya bunu funksiyanı icra edəcək başqa düyməni sıxmaqla yaza bilərsiniz. Hətta televizoru söndürdükdə belə hansısa vaxta yazılışı həyata keçirməsini təyin edə bilərsiniz.

HD televizorlarda yayımı yaddaşa yazmağın digər variantı isə DVR(Digital Video Recording)/PVR(Personal Video Recording) qurğuları vasitəsilə həyata keçirilir. Bu qurğuların qiyməti təxminən 50 manatdan başlayır və artan qiymətlə davam edir.

DVR/PVR qurğularının əsas üstünlükləri eyni anda bir neçə yayımı yaddaşa yaza bilmələri, böyük yaddaşa sahib olmaları, müxtəlif internet inteqrasiyaları ilə uzaqdan idarə oluna bilmələridir.

Qeyd edək ki, müxtəlif televizorlar müxtəlif qurğuları dəstəklədiyindən hər birinin quraşdırılması fərqli olur. Lakin əsasən  öncə  teleziya kabelləri  bu qurğulara daxil olur, daha sonra qurğu özü ayrıca kabellə televizora qoşulur.

Sadəcə bəzi vaxt hansısa verilişi və ya filmi yaddaşa yazmaq istəyirsinizsə, USB vasitəsilə qoşulma sizin üçün daha əlverişli ola bilər. Lakin əgər siz mütəmadi şəkildə bir neçə verilişi eyni anda yaddaşa yazmaq istəyirsinizsə, onda DVR və ya PVR qurğusu almaq sizin üçün faydalı ola bilər.

Murad Məmmədzadə 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.