Texniki Universitetin texnoloji mühiti - Reportaj

19-05-2015 / 14:19

Xəbərlər  “Təhsil müəssisələrində İKT-nin tətbiqi” layihəsini davam etdirir. Məqsədimiz təhsil müəssisələrində İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqi, İKT-nin tədris prosesinə inteqrasiyası və ümumiyyətlə, təhsil müəssisəsinin İKT infrastrukturu haqqında məlumatları geniş auditoriyaya çatdırmaqdır.

Lahiyənin budəfəki məkanı Azərbaycan Texniki Universiteti oldu.

Azərbaycan Texniki Universitetin İKT infrastrukturu ilə tanışlığa Universitetdə fəaliyyət göstərən televiziya studiyası ilə başladıq. Studiya materialların montaj olunması, eləcə də canlı yayımlanması üçün texniki imkanlar, İKT avadanlıqlarla təmin olunub.

Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mustafa Babanlı studiyanın tələbələrin praktiki bilik səviyyəsinin artırılmasına kömək etdiyini deyir: “Studiyada quraşdırılmış iki peşəkar kameradan həm stasionar, həm də səyyar çəkilişlərdə istifadə olunur. Studiya AzTU-da keçirilən elmi-kütləvi tədbirlərin işıqlandırılmasına, bu sahədə təhsil alan tələbələrin praktiki vərdişlərinin artırılmasına və televiziya texnologiyaları üzrə yeniliklərlə tanış olmalarına imkan verir”.

Universitetdə beynəlxalq TASİS proqramı çərçivəsində müasir Telekommunikasiya Tədris Mərkəzi yaradılıb.

Mustafa Babanlı bildirir ki, layihəni həyata keçirmək üçün mütəxəssislərimiz İngiltərədə xüsusi müəssisələrə yollanıb və orada təcrübələrə yiyələniblər. Görülən işlərin nəticəsində beynəlxalq standartlara uyğun, müasir İKT avadanlıqlarla təchiz edilmiş Telekommunikasiya Tədris Mərkəzi yaradılıb. Mərkəz müasir rabitə sahəsində yüksək səviyyəli ixtisasartırma kurslarının təşkil edilməsinə imkan yaradır. Eyni zamanda, bakalavr və magistr hazırlığında da Mərkəzdən effektiv şəkildə istifadə edilir.

Universitetdə “Tempus” proqramı çərçivəsində, Almaniyanın Köln və Hollandiyanın Heerlen Tətbiqi Elmlər Universitetləri ilə birgə tədrisin müasirləşdirilməsi sahəsində layihələr həyata keçirilir. Bu məqsədlə xüsusi olaraq “Tempus layihəsi bürosu” yaradılıb. Mərkəzdə 3 kompüter müəllim və tələbələrin ixtiyarına verilib. Bu otaqdan həmçinin qiymətləndirmə mərkəzi kimi də istifadə olunur. 

Təhsil ocağında Layihələrin İdarə olunması və innovasiya mərkəzi fəaliyyət göstərir. Ötən ilin noyabrında açılan Mərkəzdə layihə menecmenti üzrə beynəlxalq standartlar və onun metodologiyası tətbiq edilir, tələbələr ilə peşəkar layihə menecerləri arasında təcrübə mübadiləsi aparılır.

Mobil rabitə vasitələri laboratoriyası

Kompüter sistemləri və şəbəkələri kafedrasının dosenti Eldar Atayev bildirir ki, Universitetdə “Azərfon” şirkətinin baza stansiyası yaradılıb və sonuncu kurs tələbələri gələcəkdə mobil rabitə sahəsində çalışmaq üçün bu laboratoriyada praktiki dərslər keçirlər.

Universitetdə bütün auditoriyalar proyektorlarla təmin olunub. Əksər auditoriyalarda isə elektron lövhələr quraşdırılıb.

Kompüter sistemləri və şəbəkələri kafedrasının müdiri Vidadi Musayev bizi müasir avadanlıqlarla təmin olunan laboratoriya ilə tanış edir: “Heç bir Universitetin ixtisas kafedrasında 110 kompüter ola bilməz. Bizim kafedraya məxsus olan 6 sinif otağı kompüterlərlə tam təchiz olunub. Auditoriyalarla yanaşı, koridorlar da Wi-Fi ilə təmin olunub. Tələbələr sərbəst şəkildə İnternetdən istifadə edirlər.

Vidadi Musayev onu da bildirib ki, hazırda “Bulud” texnologiyalarının Universitetdə tətbiq olunması ilə bağlı işlər aparılır. O, qeyd edib ki, bu texnologiya sayəsində Universitetdəki bütün resurslar vahid mənbədə toplanılacaq və resursların idarə olunması mərkəzdən idarə olunacaq.

Gündəlik tədbirlər haqqında məlumatlar, müxtəlif video-roliklər, tələbələrin üçün əhəmiyyətli hesab olunan məlumatlar koridorlarda quraşdırılmış monitorlarda göstərilir.

Universitetdə “İskratel” şirkətinin quraşdırdığı “Next Generation Network” (“NGN”) tipli stansiya və tədris mərkəzi fəaliyyət göstərir. Sistem özündə həm standart analoq telefon xidmətlərini, həm də genişzolaqlı İnternet xidmətlərini əhatə edir. Yeni texnologiyanın özəlliyi vahid platforma əsasında müxtəlif növ telekommunikasiya xidmətləri göstərməsindədir.

“NGN” texnologiyasının inkişafı stasionar və mobil şəbəkələrə xidmət etmək üçün vahid stansiyadan istifadə edilməsinə şərait yaradır. Beləliklə, abonentə operator tərəfindən ən müasir xidmətlər toplusu vahid paket şəklində təqdim edilir. Bu da mobil, stasionar, internet, kabel vasitəsilə müxtəlif xidmətləri yalnız bir stansiyadan almaq imkanı yaradır.

Məşğələ otaqları kompüterlər və proyektorlarla təchiz olunub. Mühazirələr kompüterlərlə və proyektorlarla təmin olunmuş otaqlarda aparılır.

“Araz Energy” şirkətinin təşəbbüsü ilə “Enerji sistemləri laboratoriyası” yaradılıb. Laboratoriya avtomatika, müdafiə, idarəetmə, SCADA və idarəetmə sistemlərinin qurulması sahələri üzrə görülən işlərə, kommunal xidmətlərdə, sənaye müəssisələrində, yüksək sıxlıqlı yaşayış sahələrində texniki problemlər baş verdikdə, onların tez bir zamanda aradan qaldırılmasına kömək edir. Qabaqcıl mühafizə sistemlərini optimallaşdırmağa şərait yaradan bu sistem, ən müasir laboratoriya avadanlığı və xüsusi proqramlar formasında “General Electric” və ETAP şirkətləri tərəfindən cari ilin əvvəlində AzTU-ya hədiyyə edilib. Burada əlavə laboratoriyada alqoritmlər, konfiqurasiyalar və ən müasir yarımstansiya avtomatlaşdırma sistemləri yerləşdirilibr. Bu laboratoriya ölkəmizlə yanaşı, hətta regionun da enerji sistemlərini analiz etməyə imkan verir.

Server otağı

Universitetin İT mərkəzinə 80 Mb/s sürətində İnternet daxil olur. Söhbət əsnasında onu da öyrənirik ki, İT Mərkəzin və serverlərin təhlükəsizliyinə xüsusi olaraq diqqət yetirilir.  

Elektron sənəd dövriyyəsi Bakalavr Akademik təsil sistemi üzərində aparılır.

Hər bir müəllim tələbələrin dərsə davamiyyətini və müvəffəqiyyətini elektron jurnal üzərində yerləşdirir: “Elektron jurnalda tələbələrin fərdi işi, gün ərzində aldığı qiymətlər, laboratoriya işləri və s. qeyd olunur. Tələbələr bakalavr akademik təhsil sistemi vasitəsilə öz qiymətləri və dərsə davamiyyətlərinə nəzarət edə bilirlər.

Eləcə də, valideynlərə loqin və şifrə paylanılır və onlar uşaqlarının dərsə dəvamiyyətinə nəzarət edə bilirlər. Müəllim üçün elektron dərs cədvəllərindən istifadə olunur. 

Universitetdə İKT-nin inkişafına rektor, prof.Havar Məmmədov xüsusi qayğı göstərir. Onu da öyrənirik ki, mühazirələr İKT avadanlıqlarla təmin olunmuş otaqlarda aparılır. O cümlədən imtahan otaqları da İT avadanlıqlarla təmin olunub.

Universitetin rəsmi saytına xüsusi nəzarət sistemi tətbiq olunur və Universitet həyatında baş verən yeniliklər dərhal saytda yerləşdirilir. Mustafa Babanlı bildirir ki, Universitetin saytından başqa, bütün kafedraların, fakültələrin və 600 nəfərdən artıq professor-müəllim heyətinin də saytı hazırlanıb. Prorektor qeyd edir ki, fakültələrin və kafedraların saytları qənaətbəxş səviyyədə məlumatlarla təchiz edilsə də, müəllimlərin səhifələrində məlumatlar kifayət qədər təqdim olunmur. Bu istiqamətdə işlər davam etdirilir və yeni tədris ilin əvvəlinə qədər bütün müəllimlərin səhifələri uyğun məlumatlarla doldurulacaq.

 

Mirvari Nəcəf

Fotolar: Tərlan Yusif

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə