“Texnologiya olmasa sənətimdə boşluq yaranar” - Rubrika

29-04-2015 / 16:41

“Texnologiya ilə çox maraqlanıram, yeni kompüter, telefon modelləri çıxanda dərhal xəbərim olur”

Xəbərlər-in “İnformasiya texnologiyaları tanınmışların həyatında” layihəsinin növbəti qonağı “Yeni ulduz 7” müsabiqəsinin qalibi müğənni Çingiz Mustafayevdir.

-Çingiz bəy, İnternetdən ilk dəfə nə zaman və hansı məqsədlə istifadə etmisiniz? Hansı hissləri keçirdiyinizi xatırlayırsınızmı?

-12-13 yaşlarımda ailəmlə birlikdə Qazaxda yaşayırdım və Google, Youtube-nin nə olduğunu bilmirdim. O vaxt çox ailələrin evində kompüter yox idi, kompüterə görə hamı İnternet klublara gedirdi.  İnternetə də ilk dəfə oyun oynamaq üçün girdim. Amma indi uşaqlığımdakı kimi kompüterdə oyun oynamağa həvəsim yoxdur. Oyunlara vaxt sərf etmirəm.

-Mətbuatı və İnternet medianı izləyirsinizmi? Yeniliklər barədə ən çox haralardan məlumat əldə edirsiniz?

-Bəli, Facebook-dan bütün medianı izləyirəm, xəbərləri oradan əldə edirəm. Texnologiyaya gəldikdə, bu sahə ilə çox maraqlanıram, yeni kompüter, telefon modelləri çıxanda dərhal xəbərim olur. Avadanlıq alanda da çalışıram ki, ən yaxşılarını, keyfiyyətlisini alım.

-Aldığınız İKT avadanlığın keyfiyyətinə necə əmin olursunuz?

-Youtube, Google-da həmin məhsul haqqında öncədən məlumat toplayıram, alacağım modelin markasına baxıram və  digər şirkətlərlə müqayisə edirəm.

-Hansı elektron poçt ünvanından istifadə edirsiniz? Mailinizi gündə neçə dəfə yoxlayırsınız?

-Mail ünvanıma gələn məktublara adətən telefonumdan cavab verirəm. Poçt ünvanımı gündə 4-5 dəfə yoxlayıram, gün ərzində isə 10-15 məktub gəlir.

-Spamlar alırsınızmı? Onlar sizin işinizə mane yaradırmı?

-Spamlar alıram, bu da mənim işimə problem yaradır, önəm verməməyə çalışıram.

-İşdən evə gedəndə, evdə də mobil telefondan, planşetdən və ya  kompüterdən istifadə edirsinizmi?

-Kurslara çox getdiyim üçün əksər vaxtlar evdə olmuram. Ona görə də, təəssüf ki, evdə kompüter, telefondan istifadə etməyə imkanım olmur.

-İnformasiya təhlükəsizliyinizi necə qoruyursunuz? Şəxsi hesabınızı başqasına etibar edirsinizmi? Həmin adamın sizin üçün təhlükəli olmadığını necə müəyyən edirsiniz?

- İki ildir sosial şəbəkələrdən istifadə edirəm və şəxsi hesabımla bağlı elə bir problemim yoxdur. Əvvəllər  Facebook hesabımın şifrəsini menecerimə də verirdim.

-Facebook-u qeyd etdiniz, Twitter, İnstagram-dan necə aktiv istifadə edirsinizmi?

-Ən çox İnstagramdan istifadə edirəm. Şəkillərimi də İnstagram-da paylaşıram. İnstagramda xoşuma gəlməyən şəkillərə, informasiyalara isə fikir verməməyə çalışıram. Çünki hər şeyə fikir versəm, başıma hava gələr.

-İnternetin başqa hansı zərərli tərəflərini görürsünüz?

-Sosial şəbəkələr xəstəlikdir. Sanki hamı  Facebook-la nəfəs alır. Gün ərzində bütün getdiyi yerlərdə şəkil çəkdirir və paylaşır. Fikrimcə, sosial şəbəkələrə bu dərəcədə bağlılıq düzgün deyil.

-Neçə nömrə işlədirsiniz?

-Bir nömrə işlədirəm. 

-Mobil İnternetdən istifadə edirsinizmi? Keyfiyyət və qiymət sizi qane edirmi?

-İnternetlə bağlı hərdən nəsə problemlər olur, onu da aradan qaldırırıq.

-Rouminq xidmətindən istifadə edirsinizmi?

-Bəli, istifadə edirəm və Rouminq xidmətinin qiyməti məni qane edir.

-Whatsapp-dan istifadə edirsinizmi? 

-Düzünü desəm çox istifadə eləmirəm, çünki yazmaqdan xoşum gəlmir. Yazışmaq sıxıcı prosesdir, ona görə də işlərimi zəngləşmə ilə həll edirəm. 

-Bir telefon zənginin və ya mesajın gəlişini bildirən xəbərdarlığa cavab vermək üçün  öz naharınızı dayandıra və ya görüşünüzü yarımçıq saxlaya bilərdinizmi?

-Belə halları xoşlamıram. Telefonum 24 saat səssiz rejimdədir. 

-Yazışmalarda, paylaşımlarda etika qaydalarını gözləməyənlərə reaksiyanız necə olur?

Fikrimcə, normal insan nəsə xoşagəlməz bir şey yazıb kiminsə ürəyini bulandırmaz, kiminsə qəlbinə dəyməz.

-Gənc oğlan və qız qarşı-qarşıya əyləşiblər və öz mobil telefonunda nəyləsə məşğuldur. Buna münasibətiniz necə olardı?

Belə hallarla tez-tez rastlaşıram. Restoranda belə hadisələrin tez-tez şahidi oluram. Söhbət eləmirlər, hərəsi öz telefonunda nə iləsə məşğul olur. Məncə, bu, istər münasibətdə, istər dostluqda uçuruma gedir. Belə vəziyyəti normal hesab etmirəm.

-Özünüzü və cəmiyyəti texnologiyalardan asılı hesab edirsinizmi?

Texnikanı sevirəm. Əsasən də kameranı xoşlayıram, tez-tez alıram. Amma özümü texnologiyadan asılı hesab etməzdim, çünki mən daha çox real həyatı xoşlayıram, kənd yeri, təbiət, sakitçilik...

-İş fəaliyyətinizdə informasiya texnologiyalarından necə istifadə edirsiniz? Texnologiyalar sizin işinizi, fəaliyyətinizi asanlaşdıra bilirmi?

Bütün işlərimi telefonla həll edirəm. Aydın məsələdir ki, mahnılarımın hamısını kompüterdən yazıram, mikrofondan istifadə edirəm. Yəni bu kimi texnoloji vasitələr olmasa sənətimdə hardasa bir boşluq yaranar.

 -Texnologiyalardan asılılığı 10 ballıq şkala ilə qiymətləndirsək, özünüzü harada görürsünüz?

-Sondan birinci yerdə görürəm.

-Sizcə, 10 il uzağa baxsaq, texnologiyalar bizi idarə edəcək, yoxsa daha çox həyatımızı asanlaşdıran bir vasitəyə çevriləcək?

-Hesab edirəm ki, 10 il bundan sonra texnologiyalar bizi idarə edəcək, onsuz da elə indidən bu, belədir.

 

Ruhəngiz Muradova

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.