Texnoparklar innovativ iqtisadiyyatın inkişafında mühüm rol oynayır

26-10-2015 / 11:18

"Müasir dövrdə dünyada texnoparklar innovativ iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi hesab edilir. Texnoparklar iqtisadiyyatın yeni sahələrinin formalaşmasında böyük rola malikdir".

Xeberler.az-a AMEA İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) bildirilib ki, bu haqda İTİ-nin böyük elmi işçisi Roza Şahverdiyeva elmi seminarda məlumat verib.

Roza Şahverdiyava apardığı ümumiləşdirmələr əsasında qeyd edib ki, texnoparklar – innovasiya məhsulunun və yüksək texnologiyaların işlənilməsi və ya təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatlar və təcrübə-konstruktor işlərinin nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi üçün zəruri infrastrukturu, maddi-texniki bazası, ərazisi və idarəetmə strukturları olan xüsusiləşdirilmiş qurumdur.

Bildirib ki, texnoparkların yaradılması müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiyaların genişləndirilməsi, innovasiya şirkətlərinin formalaşdırılması, yüksək ixtisaslı mütəxəssislər üçün yeni iş yerlərinin yaradılması, təhsil müəssisələri, elmi tədqiqat institutları və sənaye arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsinə xidmət edir.

Texnoparkların ixtisaslaşdığı fəaliyyət sahələrini diqqətə çatdıran məruzəçi bu sahələrin İKT və telekommunikasiya, biotexnologiya, ətraf mühit və ekologiya, elektronika, proqram mühəndisliyi,  kompüter elmləri və avadanlığı, biznes və sənaye xidmətləri, mikrokompüter və nanotexnologiya kimi sferaları əhatə etdiyini söyləyib.

O, həmçinin texnoparkların funksional növləri, təşkilati strukturu, mülkiyyət formaları, formalaşma xüsusiyyətləri və  inkişaf mərhələləri haqqında ətraflı məlumat verib, texnoparkların fəaliyyətinin stimullaşdırma mexanizmləri, hüquqi aspektləri, formalaşma  və inkişaf  mərhələlərini diqqətə çatdırıb.

Elmi texnoparkların yaradılması və fəaliyyətinin təşkili üzrə beynəlxalq təcrübədən söz açan Roza Şahverdiyeva elmi parkların say tərkibi, onların qabaqcıl ölkələr üzrə paylanması, iqtisadi və innovativ beynəlxalq təşkilatlar, o cümlədən Rusiya, Çin, İspaniya və Türkiyə texnoparklarının ixtisaslaşdığı istiqamətləri diqqətə çatdırıb.

Azərbaycanda fəaliyyət göstərən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək texnologiyalar parkı, Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt kimya sənaye parkı, Qafqaz Universiteti texnoparkı, Xəzər Universitetində Sənaye mərkəzli texnoparkı və digər texnoparkların fəaliyyət istiqamətləri barədə danışıb.

Sevinc Çəltikova


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.