Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

20-12-2018 / 12:22

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-ci il tarixli Fərmanına əsasən ölkədə həyata keçirilən torpaqların elektron kadastr uçotu işləri bütün rayonları sürətlə əhatə etməkdədir.

Xeberler.az  bildirir ki, bu işlərin məqsədi səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin dəqiqi həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, coğrafi yerləşməsini, müəyyən etmək və elektron kadastr xəritələrinin hazırlanmasıdır. Qeyd edilməlidir ki, artıq 20 rayonda, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsi işləri başa çatdırılıb. Görülən işlərin nəticələri kadastr uçotu bitmiş rayonlarda real rejimdə praktiki istifadəyə verilib. Bununla bağlı aidiyyəti dövlət qurumlarının, bələdiyyələrin, iri torpaq mülkiyyətçilərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təqdimatlar keçirilib və məlumatlar elektron şəkildə yerli icra hakimiyyətlərinə və aidiyyəti qurumlara xidməti istifadə üçün təqdim edilib. Burada əsas məqsəd ölkə başçısının tapşırıqlarına uyğun olaraq torpaqların faktiki vəziyyətini müəyyənləşdirməkdir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanmağa başladı. Belə ki, kadastr uçotu işləri bitmiş rayonlarda pay torpaqlarının sahələrinin koordinatlarını, yerləşmə vəziyyəti, kadastr planı, o cümlədən hər bir mülkiyyətçiyə məxsus olan ərazilərin sahəsini dəqiq əks etdirən məlumat bildirişlərinin təqdim olunmasına start verildi. İlk pilot layihə 20 dekabr tarixində Salyan rayonunun Parça Xələc kəndində start verildi. Bu layihə çərçivəsində 600-ə yaxın pay torpaqlarının hüquqi mülkiyyətçilərinə məlumat bildirişləri paylanacaq. Alınan məlumat bildirişləri əsasında vətəndaşlar ərizə ilə pay torpaqlarına dair hüquqi sənədləri Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin ərazi ofislərinə təqdim edərək çıxarışları əldə edə bilərlər.

Bu pilot layihə zamanı dəqiqləşmiş kadastr planı əsasında “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları”na uyğun olaraq torpağın sənədlərdəki məkan göstəriciləri ilə faktiki yerləş vəziyyəti arasındakı uyğunsuzluqlar müəyyənləşdirildi. Beləliklə də torpaq sahələrinin dəqiq sərhədləri bütün mülkiyyətçilərə bəlli olacaqdır. Bu layihə aidiyyəti üzrə yerli icra və özünü idarə etmə orqanları ilə razılaşdırılaraq təsdiq olunub.

Qeyd edək ki, gələcəkdə kadastr uçot işləri yekunlaşmış digər rayonlarda da əldə edilən nəticələrin vətəndaşlara bildiriş formasında təqdim edilməsi davam edəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə