Ucuz və Wi-Fi funksiyası olan kameraların müqayisəsi

14-10-2015 / 11:12

Xeberler.az olaraq ötən yazımızda yerli mobil telefon bazarından ən ucuz qiymətə satılan müxtəlif mobil telefon modellərinin xüsusiyyətləri  və mağazalardakı qiymətlərin  müqayisəsi haqqında məlumatlar vermişdik.

İndi isə Azərbaycanın avadanlıq bazarında Wi-Fi qoşulma funksiyası mövcud olan və  həm qiymətlərinə, həm də xüsusiyyətlərinə görə bir-birinə çox yaxın olan iki rəqəmsal foto-kameranın-Canon PowerShot SX510HS və Samsung WB250F müqayisəsini aparacaq və hansının sizin üçün daha əlverişli ola biləcəyini göstərəcəyik.

Bu kameraların göstəricilərinə görə birinin digərindən tam üstün olduğunu demək mümkün deyil, lakin hər birinin daha üstün olduğu ayrı məqamlar mövcuddur.

Canon PowerShot SX510HS 

Bu kameranın Samsung WB250F-ə nisbətdə əsas üstünlüyü daha yüksək yaxınlaşdırmaya (zum) sahib olması, daha keyfiyyətli və müxtəlif sürətlərlə video çəkiliş imkanlarının olmasıdır. Lakin kameranın obyektivin çıxardıla bilinən olmaması onun gündəlik istifadəsini və daşımanmasını çətinləşdirir. Qoruyucu çantası olmadan daşımaq obyektivin zərər görməsinə səbəb ola bilər. Həmçinin Canon PowerShot SX510HS kamerasının Wi-Fi funksiyasından istifadə bir az məşəqqətlidir. İstifadəçi interfeysi WB250F kamerasına bənzəsə də, nisbətən daha mürəkkəbdir, həmçinin sensor ekranının olmaması bu prosesi bir az da çətinləşdirir. Bu funksiyadan istifadə edərək görüntüləri kompüterlərə, smartfonlara, printerlərə və digər uyğun kameralara göndərmək mümkündür. Bunun üçün cihazların eyni Wi-Fi nöqtəsinə qoşulması vacibdir. Həmçinin kompüterlərə və smartfonlara Camera Window adlı proqramı yükləmək lazımdır. Smartfonlarla kameralar arasında bir başa proqram vasitəsilə şəkil göndərmək imkanları mövcuddur. Həmçinin foto-kameranın internet əlaqəsi təmin edildikdə görüntüləri birbaşa Facebook, Twitter, YouTube kimi şəbəkələrdə də paylaşmaq mümkündür. İstifadə çətinlik törədən məqamlardan biri də hər şeydən əvvəl Canon-un “iMAGE GATEWAY” sistemində qeydiyyatdan keçmək lazımdır.

Qiymət: 284.99 AZN (“Computex” mağazasındakı cari qiyməti)

 

Samsung WB250F

Bu kameranın ən əsas üstünlüyü kompaktlığıdır. Belə ki, obyektivi digər rəqəmsal kameralarda olduğu kimi yığıla bilir, bu da çox daha az yer tutmasına və gündəlik istifadəsinin daha rahat olmasına kömək edir. Çəkilişinin keyfiyyətinə görə digər foto-kameradan çox geridə qalmır. Video çəkilişlərdə və yaxınlaşdıraraq edilən çəkilişlərdə onun qədər effektiv olmasa da, kifayət qədər keyfiyyətli görüntüləri əldə etməyə kömək edir. Üst hissəsindəki düymələrin yerləşdirilmə qaydası ola bilər ki, bəzi şəxslərə çətinlik törətsin. Batareyadan istifadə müddəti daha geniş olduğu üçün daha uzun müddətli çəkilişlər edə bilərsiniz. Wi-Fi funksiyasından istifadəyə görə PowerShot SX510 HS-ə baxdıqda olduqca rahatdır. Burada smartfonlara “Samsung SMART CAMERA App” tətbiqini endirməklə smartfonlara şəkil köçürməsini etmək mümkündür, həmçinin digər kamerada olmayan bir xüsusiyəti isə “Remote ViewFinder”dır ki, bununla da smartfonla uzaq məsafədən kameranın idarə etmək mümkündür və bu tətbiqdən istifadə etmək üçün Wi-Fi qoşulma nöqtəsinə ehtiyac yoxdur. Həmçinin görüntüləri elektron poçt adresinə göndərmək, müxtəlif buludlara yükləmək və Facebook, Picassa, Vkontakte, Youtube kimi sosial şəbəkələrdə paylaşmaq mümkündür.

Qiymət: 239.00 AZN (“Baku Electronics” mağazalarındakı cari qiyməti)

Xülasə, əgər fotoqrafiyaya həvəsli, müxtəlif vəziyyətlərdə daha keyfiyyətli çəkilişlər etmək istəyən və buna öz vaxtınızı ayırmaq istəyən birisinizsə, Canon PowerShot SX510HS, foto-kameradan gündəlik istifadə etmək arzunuz varsa, smartfon kamerasından daha keyfiyyətli görüntülər əldə etmək, lakin smartfon qədər asan paylaşma imkanlarına sahib bir cihaz istəyirsinizə, Samsung WB250F Sizin üçün uyğun seçim ola bilər.

 

Murad Məmmədzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə