Ümumrespublika olimpiadasının qalibləri məlum oldu

07-05-2019 / 09:33

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) “Ali məktəb tələbələri arasında informatika üzrə XIII Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirilib. 

17 May – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan olimpiadanın əsas məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq yarışlara cəlb edilməsidir.

Xeberler.az bildirir ki, tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə açaraq olimpiadanın 2007-ci ildən etibarən müntəzəm keçirildiyini və final mərhələlərinin ənənəvi olaraq İTİ-də baş tutduğunu söyləyib. O, bu müəssisənin respublikada informasiya texnologiyaları sahəsində aparıcı elmi-tədqiqat institutu olduğunu bildirib və yaradılan şəraitə görə İTİ rəhbərliyinə təşəkkürünü bildirib.

Olimpiada haqqında məlumat verən nazir müavini Elmir Vəlizadə diqqətə çatdırıb ki, bu il respublika üzrə 24 ali təhsil müəssisəsindən 69 komanda yarışda iştirak hüququ qazanıb və onlardan 17 komanda final mərhələsinə yüksəlib. Qeyd edib ki, cari ildə paytaxtla yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən də Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt və Lənkəran Dövlət universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin tələbələri olimpiadaya xüsusi maraq göstərib.

Elmir Vəlizadə olimpiadanın gənclərin proqramlaşdırma istiqamətində biliklərinin və təcrübələrinin artırılmasına, dünyagörüşlərinin zənginləşməsinə, eləcə də qarşılıqlı əlaqələrinin formalaşmasına təkan verəcəyini söyləyib. O, proqramlaşdırmanın bu gün cəmiyyətin bütün sahələrində - kənd təsərrüfatında, turizmdə, səhiyyədə və s. aktiv istifadə edildiyini bildirib, gəncləri ölkədə gedən innovativ proseslərə töhfə verməyə çağırıb.

Sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev  ölkə rəhbərliyi tərəfindən İKT-nin inkişafına daim diqqət göstərildiyini, bu istiqamətdə mühüm tədbirlərin görüldüyünü deyib. Diqqətə çatdırıb ki, informasiya texnologiyaları bu gün respublikanın iqtisadi və hərbi gücünün qorunmasında və inkişaf etdirilməsində başlıca faktorlardan birinə çevrilib.

Tədbirdə, o cümlədən olimpiadanın Münsiflər Heyətinin sədri, BDU-nun dosenti Ramin Mahmudzadə çıxış edərək İKT-nin müasir dövrdə cəmiyyətin inkişafındakı rolundan, bu sahədə peşəkar kadrların hazırlanmasından danışıb, gənclərə uğurlar arzulayıb.

Mərasimdə Bakı Mühəndislik Universitetinin müəllimi Etibar Seyidzadə texniki məsələlər və prosedurlar haqqında ətraflı məlumat verib.

Şəffaflığın təmin olunması üçün müsabiqənin gedişatına institutda quraşdırılmış video-müşahidə sistemi vasitəsilə müəllimlər tərəfindən nəzarət edilib.

Yekunda 1-ci yerə Bakı Mühəndislik Universitetinin “BEU Programmers” komandası, 2-ci yerə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “MSU_BAKU_3” komandası, 3-cü yerə ADA Universitetinin “ADA-Firi-J” komandası, 4-cü yerə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “ADNSU 1” komandası layiq görülüb.

Qeyd edək ki, qaliblər (I-IV yerlər) mayın 17-də “Azercell” və “BestComp Group” şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri fərman və diplomlarla mükafatlandırılacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə