Uşaqlara sevinc aparan sayt-Müsahibə

09-02-2018 / 17:11

Sosial şəbəkələrdə uşaqlarla bağlı rəngarəng paylaşımlar çoxalır. Belə ki, uşaqlar üçün həyata keçirilən layihələr sözün əsl mənasında adamın zövqünü oxşayır.

Belə layihələrdən biri də “ASAN Məktub”dur (www.asanmektub.az).

Adından da göründüyü kimi, layihə uşaqların arzularını asan formada həyata keçirmək üçün xidmət göstərir.

“ASAN Məktub” texnologiyanın imkanlarından faydalanaraq çox sayda uşaqların “Gizli Qəhrəman”ına çevrilib.

Qeyd edək ki, layihə “ASAN Könüllüləri” Təşkilatının tərkibində yaranıb.

Layihənin rəhbəri isə ASAN xidmət-də Səyyar xidmətlərin təşkili şöbəsinin əməkdaşı, “ASAN Könüllüləri” Təşkilatının sədr müavini 26 yaşlı Rəbiyyə Cəfərovadır.

Xeberler.az olaraq cəmiyyətdə müsbət enerji yaradan layihə ilə bağlı daha ətraflı Rəbiyyə Cəfərova ilə söhbət etdik.

Müsahibəni təqdim edirik:

-Rəbiyyə xanım, elə əvvəldən başlayaq. Sual biraz klassik səslənə bilər.Amma oxuculara da maraqlıdır ki, belə pozitiv layihə necə yarandı?

- Məktəbdə, universitetdə oxuduğum vaxtlardan sosial layihələrə böyük marağım olub. Bu müddətdə çox sayda uşaqlarla, yaşlılarla, xəstə insanlarla görüşmüşəm, onların problemi ilə yaxından maraqlanmışam. Çalışmışam ki, həssas məsələlərə biganə qalmayaraq ehtiyacı olanlara əlimdən gəldiyi qədər yardım edim. Universitetdə də bu kimi layihələrdə yaxından iştirak edirdim. “ASAN xidmət”də könüllü fəaliyyətim müddətində də Təşkilatla sosial layihələr işləyirdik. “ASAN Məktub” layihəsi isə Novruz bayramı ərəfəsində yarandı. Belə ki, 2015-ci ildə məzun könüllümüz tərəfindən Təşkilata “Şaxta baba”nın fəaliyyətinə uyğun konsepsiya irəli sürüldü. Təklifə əsasən düşündük ki, uşaqlara sadəcə məktub yazdıraq və ona uyğun hədiyyələri alaq. Bu fəaliyyətə bir uşaq evindən başladıq. Həmin vaxt sayt haqda düşünmürdük. Sadəcə uşaqların arzusunu reallaşdırmaq, onların gizli qəhrəmanı olmaq, Novruz bayramında onların öz istədiklərinə uyğun hədiyyə almaq istədik.

-İlk olaraq hədiyyələri kimlər aldı, o zaman maraq necə oldu?

-Vaxtımız çox, çox az idi. Belə ki, bir həftə içində hədiyyələri hazırlayıb, çatdırmalı idik. Amma içimdə bir inam var idi ki, bu, olacaq. Getdik uşaqlarla görüşdük, məktubları yazdırdıq. Onlar dəhşət sevinirdilər. Bəlkə də onlardan hansı hədiyyəni istədiklərini ilk dəfə idi ki, soruşurdular. Çox müxtəlif hədiyyə istəkləri aldıq. 150-yə yaxın məktubumuz var idi. 3-4 əməkdaş arasında dedik ki, belə bir iş görürük. Fikirləşdik ki, 150-yə yaxın məktubu ASAN xidmət mərkəzləri arasında bölək və hər mərkəz bir neçəsini götürsün. Biz bunu bir neçə nəfər arasında demişdik. İnanın, həmin gün bütün mərkəzlərdən bizə zəng gəlir, müraciət olunurdu ki, “eşitmişik, uşaq evindən məktub gəlib, biz də hədiyyə almaq istəyirik”. Beləliklə, məktublar bir günün içində bitdi. Digər mərkəzlərdən də bizə zəng edib, xahiş edirdilər ki, onlara da məktub saxlayaq. Təsəvvür edin, məktubu gizlədirəm, iş yoldaşım gəlib gizlicə çəkməcədən götürür ki, təki hədiyyə alsın. Həmin gecə könüllülərlə işdə qaldıq. Hədiyyələri bir-bir bükdük. Səhərisi gün hədiyyələri çatırdıq. Uşaqların hədiyyəni açanda üzlərində yaranan o ifadə isə möhtəşəm idi. Onu sözlə ifadə etmək mümkün deyil. Tədbiri uşaq evində etdik. Bir anda ətraf rəngarəng oldu. Kimisi hədiyyəsini geyinir yoxlayır, digəri təəccüblə hədiyyəsinə baxır.

-Saytınız necə yarandı?

-Bir müddət layihəyə ara verdik. Sonra bunu regionlarda da tətbiq etməyə başladıq. Bunu da eyni qaydada ASAN əməkdaşları ilə edirdik. İnsanlar belə bir layihənin olduğunu eşitdikcə hədiyyə almaq istəyirdi. Qərara gəldik ki, layihənin saytını yaradaq. Hər şey asan olduğu kimi, qoy insanlar da həmin sayt üzərindən uşaqların məktublarını daha rahat və operativ şəkildə götürsün.

Bu işdə ASAN-da könüllülərimizdən başlayaraq rəhbər şəxslərədək demək olar ki, hər kəsin payı var. Hamı ürəklə hədiyyəni aldı və uşaqlara göndərdi. Burada gördüyünüz bütün işçilər və könüllülər o uşaqların “Gizli Qəhrəmanı”dır. Sayt təşəbbüsü gəldikdən sonra komandamız ilə saytın bütün konsepsiyasını işlədik. 2015-ci ilin noyabrında sayt ictimaiyyətə təqdim olundu.

-Sayt təqdim edildikdən sonra maraq necə oldu?

-Həmin gün yenə biz o qədər vətəndaş müraciətini gözləmirdik. Press-reliz veriləndə 50-60 məktubumuz var idi. Elan veriləndən sonra bir gecənin içində hər yer www.asanmektub.az saytından yazdı. Məktublar tez-tez öhdəliyə götürülürdü. Bütün gün telefon əlimizdə, kompüter qarışımızda işlədik. Sayt üzərindən fəaliyyətə başlayanda maraq hədsiz dərəcədə artdı. Komandamız çox həvəslə işləyirdi.

-Rəbiyyə xanım, xaricdən də saytınıza daxil olub, hədiyyə alanlar varmı?

-Elə bu yaxınlarda statistikaya baxdıq. Dünyanın 100 ölkəsindən sayta daxil olublar. Hətta İsrail, Amerika, Rusiyadan isə məktublar öhdəliyə götürülüb. Sayta baxan və hədiyyə alanlar daha çox Rusiya, Tükiyə, Almaniya kimi ölkələrdəndir. Eləsi olur ki, bir neçə uşağın hədiyyəsini öhdəliyə götürür. Onlar bu hədiyyələri poçtla və karqo ilə göndərirlər.

-Maraqlıdır, uşaqları necə tapırsınız, məktublar necə yazılır? Bu işdə kimlər kömək edir?

-Biz əsasən könüllərlə işləyirik. Hər bir insanın ətrafında tanıdığı ən azı bir uşaq olur ki, hər hansı yardıma ehtiyacı olur. Bu işdə könüllülər yardım edir. Bu barədə bizə məlumat verirlər. Biz də könüllürdən layihəyə qoşulmaq istəyənləri təlimatlandırırıq ki, məktub necə yazılır, hansı kriteriyalar nəzərə alınmlıdır və s. Həmçinin, Uşaq evləri, sığınacaqlar ilə işləyirik, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə də əməkdaşıq edirik. Onların bazasında yardıma ehtiyacı olan ailələr olur. Komitədən götürdüyümüz uşaqlarla bir-bir görüşürük. Könüllülər gedib ev-ev baxır, sonra məktub yazılır. Layihənin məqsədi həssas qruplara aid uşaqlara, valideyn himayəsindən məhrum olmuş, ağır xəstəliyə düçar olmuş, eləcə də ailəsinin maddi imkanı çox zəif olan uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətə qayğı hissini daha da artırmaqdır. 3-14 yaşa qədər olan uşaqlar seçilir. Bəzən bizə sual gəlir ki, 3-4 yaşında uşaq məktub yaza bilmir. O zaman bizim könüllülər var. Uşağı danışdırır və uşağın əvəzindən onun dediklərini yazır, məktubun altında müəllifi qeyd edir. Biz çalışırıq ki, həqiqətən də o uşağın hədiyyəyə böyük marağı olsun, yəni bu hədiyyə onun arzusu olsun. Məktublar yazıldıqdan sonra saytda yerləşdiririk.

-Hansı bölgələrdə olubsunuz, insanlar Sizi necə qarşılayır?

-Azərbaycanın bir çox bölgədəsində olmuşuq. Hətta əməkdaşlarımız Aprel döyüşləri zamanı evləri dağılan uşaqlar üçün sərhəd bölgəsinə getdi. Şəhid uşaqlarına və evləri dağılmış uşaqlara məktublar yazdırdıq. Çalışırıq ki, hər zaman hər yerdə olaq. Qarşılamaya gəlincə isə bölgədən bölgəyə fərq var. Ümumiyyətlə, Azərbaycanın hər bir yerində qonaqpərvərdirlər. Hələ mənfi bir məqamla qarşılaşmamışıq. Hamı bilir ki, uşaqları sevindirməyə gəlirik. Bizim orada əsas ünsiyyətimiz uşaqlarla olur. Getməzdən öncə də valideynlərə xəbər veriririk.

-Bəs onlara bu prosesi necə izah edirsiniz?

- Uşaqlarla söhbət aparırıq ki, il ərzində özünü yaxşı aparmısan. Böyüklərə , qocalara kömək etmisən. Nümunəvi bir şagird olmusan. Sənin adın tanımadığımız bir qəhrəman tərəfindən bizə verilib. Deyirik ki, biz də təsadüfən gəlib Səni tapmışıq. Heç vaxt üzünü görmədiyimiz şəxs istəyir ki, ona arzularını yazasan. O an uşağın gözündəki həmin o işıq parlayır. Artıq görürük ki, uşaq gizli qəhrəmanın varlığına tam inandı. Sonra suallar verməyə başlayır ki, necə oldu məni seçdi, məni tapdız? Görəsən, hardan bilir ki, sözə qulaq asıram? Bəzi uşaqlar var ki, bilirik ki, dəcəldir. Ona görə birdən sual verilər ki, “dəqiq dedi ki, mən dərslərimi yaxşı oxuyuram?” (gülür). Biz də izah edirik, qəhrəman dedi ki, o hiss edir ki, sən çox bacarıqlısan. Hədiyyələri aparandan sonra isə tamam möhtəşəm bir şey olur. Maraqlı cavablar eşidirik. Adətən bizi sevindirən cavablar:

 

“Biz də böyüyəndə belə olacağıq”, “Uşaqları sevindirəcəm, onların arzularını həyata keçirəcəm”. Ən unutmadığımız isə uşaqlardan biri sakitcə gəlib paltarımdan dartıb qulağıma demişdi ki, “Siz mələksiz?” (gülür). Elə uşaq var ki, deyir ağ don istəyirəm, üstündə qara-qara nöqtələr və yaxud da çəhrayı Şahzadə paltarı istəyirəm. Sizi inandırım ki, vətəndaşlar da çox axtarırlar, amma tam onların istədiyi kimi hədiyyəni tapırlar.

-Hədiyyə alan vətəndaşlar gizli qalır? Bəs uşaqlar necə? Həmin vətəndaşı yəqin ki, Siz tanıyırsınız.

- Bəli, hər bir vətəndaş saytdan qeydiyyatdan keçəndə biz onlarla əlaqə saxlayırıq. Yəni, vətəndaşın kim olduğunu biz bilirik. Layihədə qayda belədir ki, həm uşaq gizli qalır, həm də vətəndaş. Vətəndaşın adını ictimaiyyətlə paylaşmırıq. Vətəndaş da saytda uşağın yalnız adını və yaşını görürür. Lakin kim olduqları barədə məlumatları olmur.

-Rəbiyyə xanım, hədiyyələrin uşaqlara çatdırılmasını necə bildirirsiniz?

- Vətəndaşlara bununla bağlı hesabat təqdim edirik. Bu məlumat onların mailinə göndərilir. Sonda hədiyyənin çatırılmasını təsdiq etmək üçün uşağın hədiyyə ilə birgə şəkli çəkilir və mail və ya WhatsApp vasitəsi ilə yalnız həmin vətəndaşa göndərilir.

-Saytdan hər kəs faydalana bilir, yoxsa Sizə oflayn da müraciət daxil olur?

-Sayta kompüter və telefonla daxil olanların sayına baxanada görürük ki, ölkədə İT-nin imkanlarından kifayət qədər istifadə edilir. Təbii ki, hələ də bu texnoloji imkanlardan istifadə etməyən şəxslər var. Onlar da müraciət edir ki, biz qeydiyyatdan keçə bilmirik. Mümkünsə, məktubu bizə verin. Çalışırıq ki, onları da sayta yönləndirək. İzah edirik ki, hansı qaydada qeydiyyatdan keçmək lazımdır.

-Rəbiyyə xanım, hansı şirkətlərlə, dövlət qurumları ilə işləyirsiniz? Kimlər Sizə dəstək göstərir?

-Şirkətlər tərəfindən bizə çox dəstək olur. Özləri müraciət edənlər də var, bizim müraciət etdiklərimiz də. Biz özümüz müraciət etdiklərimizdən geri çevirəni hələ olmayıb. Layihəmizə Bakcell, FAB Boya və Kimya Sənayesi MMC, Veysəloğlu MMC, AzərTürk Bank, AccesBank, Gilan Holdinq, Bravo Hipermarket, Neftçi PFK, "Şahdağ" Turizm Mərkəzi, “Sevimli Bala” uşaq klubu, “Təmiz Şəhər” ASC və digər şirkətlər dəstək göstərib.

-“ASAN Məktub”un saytında hansı yeniliklər nəzərdə tutulur?

-Əslində bizim saytımızın işləməsində vətəndaşların rolu böyükdür. Çünki saytı işlətdiyimiz müddətcə onlardan gələn hər bir rəyi, məqamı müzakirə edirik. Onların maraqlı təklifi olarsa, bu dərhal həyata keçirilir. Saytın dizaynını dəyişmək istəyirik. Bununla yanaşı, yeni funksiyalar əlavə etməyə hazırlaşırıq. Onlardan biri də saytın 3 dildə olmasıdır. Əvvəl düşünürdük ki, bir dildə olması kifayətdir. Amma bu yaxınlarda xarici ölkələrdə sayta daxil olan statistikaya baxdıq. 100 ölkədən olan marağı nəzərə alaraq yaxın vaxtda sayt 3 dildə (Azərbaycan, rus, ingilis) fəaliyyətə başlayacaq.

- Layihənizlə bağlı sosial şəbəkələrin imkanlarından necə faydalanırsınız? Facebook səhifəniz varmı?

-ASAN Könüllülər adına olan bütün layihələr bir səhifədə paylaşılır. Belə ki, Facebook-da Təşkilatın 52 mindən çox izləyicisi var. Bütün məlumatlar həmin səhifə üzərindən olur. Həm də mütəmadi olaraq saytın özündə “Xəbərlər” bölümündə məlumatları yerləşdiririk.

-İndiyə qədər sayt üzərindən nə qədər hədiyyə alınıb?

-Bu günə qədər 2190 müraciət olub. Onlardan 2156-ı reallaşdırılıb. 34 məktub isə saytda gözləyir.

-Rəbiyyə xanım, layihəniz ilə müsabiqələrdə iştirak edirsinizmi?

- Burada əsas bir məqam var ki, layihəmiz sosialdır və insanlarımız bir-birlərini məlumatlandırsalar, daha çox insan məlumatı olsa bu bizim qalibiyyətimizdir. Məhz bizim üçün layihəmizin yarışı bu məqamda başlayır və əsas yarışımız budur. Ötən il Milli İnternet Mükafatı (MilliNet) qalibi olduq. Ondan başqa çox da yarışlara qatılmırıq. Düşünürük ki, bu enerjimizi çox sayda uşaq sevindirməyə sərf etməliyik.

-Uşaqlar üçün başqa hansı fəaliyyətləriniz var?

-Bundan əlavə, kitab aksiyaları həyata keçiririk. Bu, bizim hamımızın sevidiyi bir aksiyadır. Bu layihəni ASAN Məktub çərçivəsində ucqar rayonlara aparırıq. Ucqar yerlərdə uşaqlar dərslikdən başqa digər kitablar barədə çox da məlumatlı deyillər. Biz də onlar üçün müxtəlif mövzularda, şəkillər ilə bol kitablar aparırıq. Məqsədimiz həm də uşaqlarda oxuma vərdişini yaratmaq , dünyagörüşlərini artırmaqdır.

-Rəbiyyə xanım, Azərbaycanın bölgələrini gəzib, uşaqlarla yaxından maraqlanırsınız. Yəqin ki, indiyə qədər başınıza çox maraqlı hadisələr gəlib, çıxılmaz vəziyyətdə qalıbsınız. Biraz da bu təəssüratlarınızı bölüşərdiz...

-Bəli, belə hadisələr çox olub ki, çıxılmaz vəziyyətdə qalmışıq. Məsələn, Xınalıq kəndinə gedəndə, 50 uşaq gözləyirdik, 200 uşaq gəlib (gülür). Əlbəttə ki, getməzdən öncə bunları artıq nəzərə alırıq. İlk dəfə bizi bu vəziyyətdən xilas edən elə kitablarımız oldu. Apardığımız kitabları nəzərdə tutmuşduq ki, orada uşaqlara hədiyyə ilə birgə təqdim edərik. Amma kəndə daxil olanda gördük ki, məktəbin həyəti dolu uşaqdır. Bir an dayandıq ki, hədiyyəmiz çatmayanda nə edəcəyik? Tez-tez kitabları ayırdıq.

 

İnsan çətinə düşəndə ağılı daha tez həll yolları fikirləşir. Digər bir hadisəni isə yəqin heç vaxt unutmayacağıq. Qubanın ucqar bir kəndinə gedirdik. Bu səfərə dağçılarla birgə getdik. Oraya adi maşın getmirdi. Biz də yük maşının arxasına dırmaşdıq. Çayın içindən keçdik dağa qalxdıq. Həm maraqlı, həm də həyacanlı idi. Açıq maşının üstündə gedirdik. Kənd-kənd , ev-ev gəzdib, məktublar yazdırdıq. Axşam 21:00-da qayıtdıq. Birdən maşın çayın ortasında dayandı. Maşın təmir olunana qədər biz gözlədik. Yuxardan da yağış tökürdü, biz də çayın otasında gözləyirdik ki, nə vaxt maşın düzələcək. Yorğunluqdan sadəcə oturub ulduzlara baxır, bildiyimiz mahnılardan oxuyurduq (gülür).

-Bəyaqdan müsbət məqamlardan danışırıq, bu sahədə hansı problemlərlə qarşılaşırsınız?

-Saytımıza daha çox vətəndaş müraciət edib, uşaqların arzularını öhdəsinə götürsə, daha xoşbəxt olarıq. Birdə, layihəyə bayram günlərində daha çox maraq, müraciət olur, nəinki adi günlərdə. Çox istərdik ki, adi günlərdə də belə marağı müşahidə edək. Həmçinin, insanlar bir-birlərini daha çox məlumatlandırsa, sevinərik. Ən azından hamımızın bir sosial şəbəkə hesabı var. Hər birimiz paylaşım etsək, çox sayda insana məlumat ötürə bilərik.

 Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə