Valideynlər uşaqlara onlayn nəzarət edirlər - Reportaj

04-05-2015 / 12:30

Xəbərlər “Təhsil müəssisələrində İKT-nin tətbiqi” layihəsini davam etdirir.

Məqsədimiz təhsil müəssisələrində İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqi, İKT-nin tədris prosesinə inteqrasiyası və ümumiyyətlə, təhsil müəssisəsinin İKT infrastrukturu haqqında məlumatları geniş auditoriyaya çatdırmaqdır.

Layihə çərçivəsində Xeberler.az Təhsil Nazirliyinin “Elektron Məktəb” layihəsinə qoşulan ümumtəhsil məktəblərinin İKT infrastrukturunu və informasiyalaşma prosesini araşdırıb.

Akademik Zərifə Əliyeva adına liseydən növbəti reportajı təqdim edirik:

Lisey 2009-ci ildən Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elektron məktəb” layihəsi üzrə pilot məktəb kimi fəaliyyətə başlayıb.
“Elektron məktəb” layihəsinə müvafiq olaraq tədris prosesinin bütün sahələrində İKT üzrə yeniliklərin tətbiqi liseyin əsas inkişaf strategiyasıdır. Bu yeniliklər tədris prosesində mərhələli, addım-addım tətbiq olunur.

Zərifə Əliyeva adına liseyin iKT üzrə direktor müavini Aygün Əzizova bildirir ki, tədris prosesində “Elektron məktəb” layihəsinin tətbiqi nəticəsində İKT-nin  tədris prosesinə inteqrasiyası xeyli sürətlənib.

Liseydə şagirdlərin bilik bacarıqlarının qiymətləndirməsinin elektron jurnalda gündəlik həyata keçrilir. Liseydə elektron idarəetmə ilə bağlı zəruri maddi-texniki baza yaradılıb. 

Aygün Əzizovanın sözlərinə görə, elektron jurnalın tətbiqi liseydə idarəetmə işlərinin daha effektiv qurulmasına, uçot və nəzarət işlərinin təkmilləşdirilməsinə köməklik göstərir: “Elektron jurnalların tətbiqi müəllimlərin valideynlərlə əlaqəsini asanlaşdırıb, inzibatçılara və valideynlərə şagirdlərin nailiyyətləri haqqında informasiyanı əldə etmək, tədris prosesinin monitorinqini həyata keçirmək kimi imkanlar verib”.

Direktor müavini elektron jurnalların mütəmadi olaraq monitorinqinin həyata keçirildiyini də vurğulayır: “Ultra Technologies şirkəti tərəfindən Elektron Məktəb İdarəetmə Proqramı (ASM) liseyin idarəedici heyətinə dəstək, qərarların qəbul edilməsi, qiymətləndirmə, planlaşdırma, proqnozlaşdırma, monitorinq və nəzarət üçün köməkçi alətləri təqdim edir”.

Aygün Əzizova daha sonra məlumat verir ki, şagirdlərin qiymətləri valideynlərə İnternet və mobil telefonlar vasitəsilə çatdırılır və bu da müəllimlərin valideynlərlə əlaqəsini asanlaşdırır, inzibatçılara və valideynlərə şagirdlərin nailiyyətləri haqqında informasiyanı əldə etmək, tədris prosesinə nəzarəti həyata keçirmək kimi imkanları verir: “Valideyn nəzarət sistemi vasitəsilə valideynlər övladının naliyyətinə nəzarət edə bilər.
Liseydə valideynlər üçün “SMS Gündəlik” xidmət sisteminin həyata keçirilməsi ilə əlaqədar könüllü müqavilələr bağlanıb. “Elektron Gündəlik” sisteminə əsasən, şagird dərsdə iştirak etmədikdə və şagirdin bilik-bacarığı qiymətləndirildikdə dərhal valideynin mobil telefonuna avtomatik SMS göndərilir.“SMS Gündəlik” xidməti ödənişli qaydada həyata keçirilir”.

Aygün Əzizovanın sözlərinə əsasən, bu xidmətə qoşulmayan valideyn ael.edu.az saytına daxil olmaqla da övladının gündəlik davamiyyətini izləmək imkanına malikdir. Hər bir valideynə “Valideyin Nəzarət” sisteminə daxil olmaq imkanı yaradılıb və valideynlərin hər birinə sistemə daxil olmaq üçün loqin və şifrə paylanılıb.

Hər il tədris ilinin əvvəlində Liseydə dərs cədvəli elektron formada hazırlanaraq müəllimlər tərəfindən istifadə olunur.

Lisey Globisens Labdisc cihazları ilə təmin olunub.

Liseydə cihazın tədrisə tətbiqini öyrətmək məqsədilə “Edumedia-Azərbaycan” təşkilatı tərəfindən təlimlər təşkil olunub. Labdisc avadanlığı vasitəsilə müəllimin tək bir kompyuterindən sinfin interaktiv lövhəsi ilə simsiz kommunikasiya yaratmaq olar. Əl ölçüsündə olan Labdisc məlumat qeydiyyat qurğusu tək, simsiz qurğudur və 15 ədəd daxilə quraşdırılmış simsiz sensorlarla tam bir laboratoriya kimi fəaliyyət göstərir. Blutuz vasitəsilə simsiz kommunikasiya məktəbin bütün əsas texnologiya və qurğuları ilə tam inteqrasiya olunur. Kompüterlər, netbuklar, interaktiv lövhələr və planşetlərə qoşulmaqla sistem kabelsiz laboratoriya şəraitində yüksək interaktivlik təmin edir. 

Liseyin şagird-müəllim heyəti Təhsil Nazirliyi tərəfindən yaradılan e-resurs.edu.az portalından səmərəli şəkildə istifadə edir.
Aygün Əzizova deyir ki, elektron dərsliklərin üstün cəhəti ondadır ki, şagirdlər elektron dərsliklərdən daha da geniş məlumatlar əldə edirlər, bu da  onların marağına səbəb olur: “Ona görə də elektron resursların bolluğu şagirdlərin bilik səviyyəsini  və dərs proqramı ilə hazırlaşmasına kömək edir.
Elektron dərsliklər bir alətdir, hər bir şagirdə kömək edəcək. Elektron tapşırıqlar bölməsi isə şagirdlər üçün çox maraqlı bölmədir.
Faydalı bölmələrdən biri də video resurslardır. Rus, ingilis dilində belə videolar internetdə yerləşdirilib. 
Portalda ilk dəfə Azərbaycan dilində elektron resursların  yerləşdirilməsi təqdirəlayiqdir. Portaldan istifadə də çox rahatdır. Hər hansı bir resursu axtarmaq üçün başqa saytlara müraciət etməyə ehtiyac yoxdur. Çünki bütün resurslar portalda cəmlənib”.

Liseydə 41 sinif otağı, multimedia və fənn kabinetləri, fizika və kimya laboratoriyaları, 4 kompüter otağı, kitabxana, İnformasiya Resurs Mərkəzi və s. mövcuddur.

2014-cü ildə Koreya-Azərbaycan İKT əsaslı innovativ tədris layihəsi çərçivəsində liseydə İKT əsaslı innovativ tədris otağı yaradılıb. İnnovativ İKT əsaslı tədris otağı 42 noutbuk, 4 monitor, 11 planşet, 1 dəst elektron interaktiv lövhə və digər informasiya-kommunikasiya texnologiyaları avadanlığı ilə təchiz olunub. Bu tədris otağının yaradılması təhsilin informasiyalaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Akademik Zərifə Əliyeva adına liseydə 646 şagird təhsil alır və 47 nəfər müəllim çalışır.
Liseydaxili şagirdlərin qiymətləndirməsi  100 ballıq qiymət şkalası üzrə həyata keçirilir.  Liseydə 8 -11-ci siniflər təhsil alır, 188 kompüter var, hər üç şagirdə bir kompüter düşür. Siniflərdə ümumilikdə 42 ədəd proyektor, 8 ədəd Promethean lövhə və 8 ədəd  Mimio tipli interaktiv qurğu quraşdırılıb. Bütün sinif otaqları sürətli İnternetlə təmin olunub.

Məktəbə İnternet  20 Mb/s sürətində fiber-optik xətt üzərindən daxil olur və bütün mərtəbələrə və otaqlara paylanılır.
“Elektron Məktəb” layihəsi çərçivəsində  “AzEduNet” şirkəti tərəfindən liseyin bütün otaqları üçün (direktor, muavinlər, müəllimlər otağı, kitabxana və sinif otaqları) lokal İnternet şəbəkəsi qurulub.

Liseydə İKT avadanlıqlarından istifadə müəllimlərin beynəlxalq layihələrdə iştirakına da şərait yaradır. Liseyin saytı (www.z-aliyeva.edu.az) operativ şəkildə yenilənir.

Liseydə elektron idarəetmə və elektron sənəd dövriyyəsi “Microsoft Azərbaycan” şirkəti tərəfindən liseyin bütün heyət üzvləri üçün yaradılmış standart elektron poçt ünvanı ilə həyata keçirilir ([email protected]).

Liseyə şagirdlərin sənəd qəbulu elektron məlumat blankı əsasında aparılır.

Aygün Əzizova onu da qeyd edir ki, liseydə Müasir Təhsil və Tədrisə yardım mərkəzinin xətti ilə İnformasiya Resurs Mərkəzi (İRM) yaradılıb.
Bu mərkəzdə toplanılan zəngin kitab bazasından müəllim və şagirdlər istifadə edir. İRM oxuculara kitab və digər informasiya daşıyıcıları vasitəsilə xidmət göstərir. Kitab fondunu əsasən bədii , elmi-kütləvi ədəbiyyat, dərsliklər, ensiklopediyalar və lüğətlər ,tədris və elmi-kütləvi məlumatla zəngin elektron daşıyıcıları, həmçinin dövri mətbuat təşkil edir.
Şagird və müəllimlərin ayrı-ayrı mövzularda hazırladıqları layihələrin baxışını təşkil etmək, bu işlərdə onlara lazım olan ədəbiyyat və elektron daşıyıcıları ilə təmin etmək kitabxanada təşkil olunur. 

Məntiqi təfəkkürü inkişaf etdirmək, təhsilə və ayrı-ayrı fənlərə  maraq oyatmaq, nəticə etibarilə şagirdləri daha da intellektual biliyə yiyələndirmə və elmin yuxarı pillələrinə hazırlamaq yolunda liseydə fənn aylıqları keçirilir.
Mütəmadi olaraq İKT avadanlıqlarının köməyi ilə  nümunəvi dərslər də həyata keçirilir.
Misal olaraq: Coğrafiya aylığında  liseyin coğrafiya müəllimi Mehman Daşdəmirov  10-cu sinif şagirdləri ilə birlikdə, tarix aylığında müəllim Niyaməddin Quliyev 9-cu sinif şagirdləri ilə birlikdə və Kimya aylığında isə Qarayev Məharət  8-ci sinif şagirdləri ilə birlikdə nümunəvi dərslər nümayiş etdiriblər.

Akademik Zərifə Əliyeva adına lisey  Təhsil Nazirliyi və “MƏDƏD- Azərbaycan” təşkilatının dəstəyi ilə Avropa İttifaqının e-Twining proqramına qoşulub. E-Twinning Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir və pedaqoji işçilərə onlayn ünsiyyət qurmaq, əməkdaşlıq etmək, layihələr yaratmaq, icra etmək və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanını verir. Ötən ay liseydə bir qrup şagird E-Twinning layihəsində keyfiyyət üzrə fərqlənmə sertifikatları ilə təltif edilib”.

Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri, “Sabahın alimləri” IV Respublika müsabiqəsində birinci yerə layiq görülüb. Nigar Sərdarlı və Mədət Sərdarlı mayda ABŞ-da keçiriləcək elm və mühəndislik sərgisində iştirak etmək hüququ qazanıblar.


Liseyin X sinif şagirdləri Leyla Ələkbərli və Vüsalə Süleymanova isə “Böyük şəhərlərin yaşıllaşdırılması ilə bağlı ekoloji model” adlı layihələri ilə Niderlandda keçiriləcək İNESPO olimpiadasının və Keniyada “GOLDEN KLİMAT” olimpiadasının final mərhələsinə dəvət alıblar.

Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Musayev İlkin GOOGLE CODE- in 2014 onlayn müsabiqəsində iştirak edib və uğur qazanıb.

Mirvari Nəcəf

Fotolar: Nəcəf Nəcəfli 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə