Vətəndaşlara biometrik pasport nə vaxt veriləcək?

03-09-2013 / 15:24
Vətəndaşlara biometrik pasportların verilməsinə gələn həftədən etibarən start veriləcək. 
 
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN xidmət mərkəzindən Xəbərlər-ə verilən məlumata görə, biometrik pasportların verilməsi üçün müraciətlər hələki qəbul olunmur. Mərkəzdən bildiriblər ki, bu pasportların verilməsi üçün tələb olunan sənədlərin siyahısı və sair aydın olduqdan sonra, yaxın günlərdə, üzümüzə gələn həftədən etibarən vətəndaşların biometrik pasportlarla bağlı müraciətləri qəbul ediləcək.
 
Mərkəzdən bildirdilər ki, biometrik pasportlar üçün ödəniləcək rüsum artıq bəllidir: "1 yaşınadək uşaqlara biometrik pasportlar 10 iş günü ərzində verilirsə, 10 manat, 5 iş günü ərzində 20 manat, 1 iş günü ərzində 40 manat rüsum ödənilir. 1 yaşdan 3 yaşadək uşaqlar üçün isə  bimetrik pasportlar 10 iş günü ərzində verilirsə 20 manat, 5 iş günü ərzində 40 manat, 1 gün ərzində verilirsə 80 manat rüsum ödənilir. 3 yaşdan 18 yaşadək uşaqlar üçün biometrik pasportlar 10 iş günü ərzində verilirsə 30 manat, 5 iş günü ərzində 60 manat, 1 iş günü ərzində isə 120 manat rüsum ödənilir. 18 yaşdan yuxarı vətəndaşlar üçün isə biometrik pasportların verilməsi üçün 10 iş günü ərzində verilərsə 40 manat, 5 iş günü ərzində 80 manat, 1 iş günü ərzində 160 manat rüsum tələb olunur”.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, biometrik pasportlar ümumvətəndaş pasportunu əvəzləyir.  Əgər kiminsə ümumvətəndaş pasportu varsa, həmin şəxs pasportun müddəti başa çatanadək xaricə səfərlərdə ondan istifadə edə bilər. Dəyişdiriləndə həmin vətəndaşlara biometrik pasportlar veriləcək. E. Zahidovun sözlərinə görə, biometrik pasportla ümumvətəndaş pasportunun fərqi birincidə pasportun sahibi ilə bağlı daha çox və dolğun informasiyanın olmasından ibarətdir. 
 
E. Zahidovun sözlərinə görə,  tutaq ki, əvvəllər vətəndaşlar xarici ölkələrə getdikdə onların pasportunda barmaq izinin olmaması bəzi maneələr yaradırdısa, artıq biometrik pasportlar dünyanın hər bir yerində qəbul olunacaq. Çünki, biometrik pasportlarda pasportun sahibi ilə bağlı daha çox informasıyalar cəmləşib, eləcədə sahibinin barmaq izləri. E. Zahidov həmin informasiyaların çoxunun xaricdən görünməz olduğunu, yalnız pasportdakı məlumatların xüsusi aparatla oxunduğunu söylədi. DİN səlahiyyətlisi yeni biometrik pasportların beynəlxalq standartlara cavab verdiyini söylədi. Onun sözlərinə görə, yeni pasportların daha bir üstünlüyü uşaqlara da tətbiq olunmasındadır. 
 
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportunun Prezident İlham Əliyevə təqdim olunub. Biometrik pasportların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı”nın, həmçinin "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 2012-ci il 17 iyul tarixli 686 nömrəli Fərmanda öz əksini tapıb.
 
Şəxsiyyəti təsdiq edən sənədlərin verilməsini tənzimləyən normativ hüquqi baza təkmilləşdirilib, ümumvətəndaş, xidməti və diplomatik pasportların təsviri, spesifikasiyası və nümunələri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 687 nömrəli Fərmanı ilə təsdiq edilib. Ümumvətəndaş pasportlarının hazırlanması və verilməsi məqsədilə 9 regional mərkəz yaradılıb. Vətəndaşlar ödədikləri dövlət rüsumunun məbləğindən asılı olaraq on, beş və bir iş günü ərzində ümumvətəndaş pasportları ilə təmin oluna biləcəklər.
 
 
Xeberler.az

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə