Vətəndaşların işini asanlaşdıran daha bir elektron xidmət

16-06-2016 / 13:44

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) təqdim etdiyi elektron xidmət vasitəsilə Azərbaycan vətəndaşları sahib olduqları əmlaklar barədə heç bir yerə getmədən, internet vasitəsilə ətraflı məlumat ala biləcəklər.

Bu xidmət sayəsində, əmlakın həm ölçüləri və texniki göstəriciləri, həm də hüquqi sahibi və onunla aparılan əməliyyatlar, eləcə də onun əvvəlki sahibi barədə məlumatlar əldə etmək mümkündür.

Komitədən Xeberler.az-a  bildirilib ki, “Daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatın verilməsi” elektron xidməti komitənin təqdim etdiyi 31 elektron xidmətdən biridir.

Bu xidmətdən istifadə etmək üçün komitənin elektron xidmətlər portalına (e-emdk.gov.az) və ya elektron hökumət portalına daxil olmaq lazımdır. Əmlak sahibi portalda lazımi xidmətə keçid etdikdən sonra iki xana açılır. Bu xanaların hər birində daşınmaz əmlakın reyestr və qeydiyyat nömrəsi daxil edilir. Xidmətin istifadəsi üçün 10 manat dövlət rüsumu nəzərdə tutulub.

Rüsumu elektron qaydada ödədikdən sonra ekranda əmlakla bağlı məlumatlar görünür. Buraya əmlakın reyestr nömrəsi, qeydiyyat tarixi, ünvanı, torpağın və tikilinin sahəsi, tikilinin mərtəbə və otaq sayı, hüquq sahibi barədə məlumatlar aiddir.

Yeni xidmətin sayəsində vətəndaşlar evi və ya ofisi tərk etmədən, sadəcə internet vasitəsilə onlara tələb olunan bütün məlumatları alırlar. Nəticədə bunun üçün ərazi qeydiyyat idarələrinə getmək və ərizə yazmağa ehtiyac qalmır. Bu zaman vətəndaş-məmur kontaktı da tələb olunmur. Əmlak sahibi rahat və çevik şəkildə sahibi olduğu daşınmaz əmlak barədə dövlət reyestrində qeydiyyata alınmış məlumatlarla tanış olur. Digər mühüm detal – bu xidmətdən istifadə etmək üçün “elektron imza” tələb olunmur. İstənilən şəxs dövlət rüsumunu (10 manat) kartla ödəməklə xidmətdən yararlana bilər.

Yeni xidmət təkcə əhali üçün deyil, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar və digər daşınmaz əmlak sahibləri üçün də faydalıdır. Məsələ təkcə şəxsin özünə adi məlumatlarla tanış olmasında deyil.

Hazırda Azərbaycanda əmlakla əməliyyatlar zamanı müxtəlif anlaşılmazlıqlar, alıcı və satıcıların aldadılması halları tez-tez baş verir. Bəziləri insanların etibarından istifadə edərək, başqasına məxsus əmlakı özününkü kimi təqdim edir və ya onun ölçüləri və digər göstəriciləri barədə düzgün olmayan məlumatlar verirlər. Bu isə əmlakın alıcısı üçün risklər yaradır. Yeni xidmət isə bütün məsələləri yerindəcə yoxlamağa imkan verir. Belə ki, alıcı sadəcə satıcıdan bu xidmətdən istifadə etməsini istəyir və bu zaman sistemin göstərdiyi məlumatlarla özü də tanış olur.

Yeni xidmətin əsas üstünlüyü - onun internet üzərindən həyata keçirilməsi iş adamları üçün xüsusilə əlverişlidir. Belə ki, bu xidmət hətta xaricdə olduqda da əmlak barədə lazımi məlumatı almağa və qarşı tərəfə təqdim etməyə imkan verir. Nəticədə iş adamları bu məsələyə vaxt itirmirlər.

Xidmətin digər üstünlüyü əmlakın tarixçəsi barədə dəqiq məlumat almaq imkanıdır. Xidmətdən istifadə etməklə daşınmaz əmlakın keçmiş və indiki sahibləri, onunla aparılan əməliyyatlar barədə informasiya almaq olar. Digər tərəfdən alıcı və ya elə əmlak sahibinin özü də keçmişdə onunla bağlı hər hansı mübahisənin olub-olmadığını dəqiqləşdirə bilər.

Qeyd edilib ki, 31 elektron xidmətin cəmləşdiyi komitənin elektron xidmətlər portalı fəaliyyət göstərir. Vətəndaşlar bu portala daxil olmaqla təqdim olunan interaktiv və informativ xidmətlərdən faydalana bilər.

Belə ki, portalda dövlət reyestrindən çıxarışların verilməsi, xidmət haqqının öyrənilməsi, ipoteka, lizinqin qeydiyyatı və ləğvi kimi interaktiv xidmətlər vətəndaşların istifadəsindədir. İndiyədək 365 minə yaxın müraciət məhz komitənin elektron xidmətləri vasitəsilə daxil olub. Bu, xidmətlərə olan marağın və geniş istifadəçi sayının əyani sübutudur. Həmçinin portalda “rəy və təkliflər” bölməsi də var ki, portalın istifadəçiləri orada öz rəylərini və təkliflərini qeyd edə bilərlər.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə