Virtual Qarabağ Google Mədəniyyət İnstitutunun tərəfdaşı olub

14-06-2019 / 12:16
“Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi (İKT GİB) ilə məşhur transmilli “Google” şirkətinin “Google” Mədəniyyət İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
 
Xeberler.az bildirir ki, bir ildən artıq müddət ərzində qarşılıqlı yazışmalar nəticəsində əldə olunmuş razılığa əsasən, “Virtual Qarabağ” İKT GİB “Google” Mədəniyyət İnstitutunun “Google Arts & Culture” onlayn platformasında Azərbaycanın, o cümlədən Qarabağın maddi və qeyri–maddi mədəni irsinə dair orijinal rəqəmsal kontentləri şəkil, audio, video, yüksək və ya ultra yüksək görüntü, panoram təsvir, 3 D model formatında yerləşdirə, nümayiş etdirə bilər, onlayn sərgilər təşkil edə bilər.
 
“Virtual Qarabağ” İKT GİB-in rəhbəri Nurəddin Mehdiyevin sözlərinə görə, imzalanmış müqavilə Azərbaycanın, o cümlədən Qarabağın maddi və qeyri–maddi mədəni irsi haqqında rəqəmsal məlumatların bütün dünyanın izlədiyi onlayn platformada nümayiş etdirilməsinə səbəb olacaq, eyni zamanda, Azərbaycan və Qarabağ həqiqətlərinin dünyada obyektiv şəkildə yayılmasına töhfə verəcək. Platforma mədəniyyətimizi, muzey əsərlərimizi, mədəni irsimizi tanıtmaq imkanı yaradır.
 
“Google” Mədəniyyət İnstitutu “Google” şirkəti tərəfindən 2011–ci ildə yaradılıb. İnstitutun “Google Arts & Culture” layihəsi dünya ictimaiyyətinin dünya muzeylərində yerləşdirilən yüksək keyfiyyətli şəkillərə, rəqəmsal kontentlərə çıxış əldə edə biləcəyi qlobal onlayn platformadır. “Arts & Culture” platforması təşəbbüsünün əsas məqsədi dünyanın müxtəlif ölkələrinin mədəni irsinin bütün dünya xalqları üçün əlçatan olması, bu irsin gələcək nəsillər tərəfindən öyrənilməsi üçün rəqəmsal formada qorunub saxlanılmasıdır.
 
Hazırda platformada dünyanın 40–dan çox ölkəsinin 50-yə yaxın böyük muzeylərinin, o cümlədən Britaniya Muzeyinin, Florensiyadakı Qalileo Muzeyinin, Nyu–Yorkdakı Yəhudi Tarixi Mərkəzinin, Varşavadakı Polşa Tarixi Muzeyinin eksponatları rəqəmsal formada nümayiş etdirilir. Layihə 2000-dən çox kiçik tərəfdaşa və minlərlə rəqəmsal sərgiyə sahibdir. Platforma İndoneziya, ingilis, yapon, fransız, italyan, polyak və portuqal dilləri də daxil olmaqla 18 dildə mövcuddur. İstifadəçilər bu platformada sosial media və ənənəvi onlayn ünsiyyət mexanizmləri vasitəsilə öz incəsənət əsərlərini asanlıqla paylaşa bilərlər. Bu, incəsənət və mədəniyyət hadisələri üçün böyük platforma olmaqla yanaşı, təhsil, turizm, elmi araşdırmalar üçün də axtarış imkanı yaradır.
 
“Google” Mədəniyyət İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalayan “Virtual Qarabağ” İKT GİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011–ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011–2015-ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə 2013–cü ildə yaradılmış “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Mərkəzinin bazasında təsis edilib, 2017-ci ilin oktyabrın 31-də dövlət qeydiyyatına alınıb.
 
“Virtual Qarabağ” İKT GİB Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu günə qədər müxtəlif dillərdə “İrəvan – gizlədilmiş həqiqətlər”, “Zəngəzur”, “Qarabağ - əcdadlarımızın mirası” sənədli filmlər (AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi dəstəyi ilə), “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər”, “Qarabağa doğru” informativ filmi, Azərbaycanın ilk virtual muzeyi olan “Virtual Qarabağ Tarixi Muzeyi”, Şuşa, Laçın, Ağdam, Kəlbəcər, Qubadlı, Cəbrayıl 3D qrafik təsvirli filmlər, “Qarabağın səsi” beynəlxalq layihə, “Qarabağ atı” animasiya filmi, “Qarabağın Dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi”, Qarabağ mövzusunda kiçik metrajlı infovideolar, Qarabağa dair müasir - kütləvi elektron kitabxana kimi əhəmiyyətli layihələr həyata keçirib.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə