Xaricilər və dünya azərbaycanlıları hansı sosial mediaya üstünlük verir?

23-06-2015 / 15:57

Araşdırmalara görə, istifadəçilərin 70 faizi  sosial şəbəkələrdən insanların həyatlarını araşdırmaq üçün istifadə edir. Onların gün ərzində nələr etdiyini, iş həyatındakı uğurlarını, hansı pilləyə gəldiklərini, kimlərlə münasibətdə olduqlarını öyrənmək istifadəçilərin əsas məqsədidir. Qeyd etdiyimiz kimi, bunu araşdırmalar göstərir.

Elə biz də bu məqsədlə yola çıxaraq “Mənim 100-lüyüm”-ün xarici ölkələrdə olan üzvlərindən soruşduq: “Yaşadığınız və yaşamış olduğunuz ölkələrdə hansı sosial şəbəkə daha populyardır və insanlar hansı  məqsədlərlə sosial şəbəkələrdən istifadə edirlər?”.

Cavid Əliyev (Cənubi Koreya)-Koreyalıların sosial şəbəkələrə meyili çox aşağıdır. Koreyada  daha çox populyar olan Cyworld  sosial şəbəkəsindən istifadə edirlər. Rahatlıqla deyə bilərəm ki, 7-dən 77-yə hər kəs bu şəbəkədən  istifadə edir.  Misal olaraq, koreyalıların Facebook-dan istifadə təcrübəsindən deyim. Çox nadir hallarda Facebook və ya digər Twitter kimi sosial şəbəkələrdən mütəmadi olaraq istifadə edən koreyalı tapa bilərsiniz. Koreyalılar sosial şəbəkələrdən daha çox dostları və xarici dostları ilə əlaqə qurmaq üçün istifadə edirlər.  Əlaqə yaratmaq, mesajlaşmaq onların 1-ci məqsədidir.  Bundan əlavə koreyalıların ingilis dilinə maraqları olduğu üçün Facebook-da ingilis dilini öyrətmək məqsədilə açılan səhifələrdən də yararlanırlar. Marketinq, reklam, Pr məsələlərinə gəldikdə isə Koreyada bu cür kampaniyaları xüsusi şirkətlər yerinə yetirir ki, sosial şəbəkələrdən də lazımınca istifadə edirlər. Naver.com saytı var ki, Koreyada çox məşhurdur. Bir növ bu sayt Google-u əvəz edir. İstənilən məlumatı almaq üçün bu saytdan istifadə edirlər. Bu istiqamətdə azərbaycanlılarla koreyalıları müqayisə etməli olsam Azərbaycanda  insanlar sosial şəbəkələrdə bütün günlük fəaliyyətlərini paylaşırlar. Ancaq, Koreyada çox nadir hallarda koreyalının hesabında onun öz şəklini tapa bilərsən. Daha çox təbiət şəkilləri paylaşırlar. Linkedin sosial şəbəkəsi bir növ Cv rolunu oynayır. İnsanlar həmçinin öz sahələrindən olan adamlarla əlaqə yaratmaq üçün istifadə edirlər. Amma mənim azərbaycanlı dostlarım var ki,  Linkedin-də bütün günü şəkil dəyişməklə məşğuldur. Eləcə də bunu Twitterə də aid etmək olar. Bu kimi koreyalılarla azərbaycanlılar arasında bir çox fərqləri deyə bilərəm.

Namaz Kərimov (İtaliya)- İtaliyanları tanımaq üçün orada uzun müddət yaşamağa ehtiyyac yoxdur. Bu millət azərbaycanlılara o qədər oxşayır ki, mən deyərdim bu iki millət arasında nəyisə müqayisə eləmək elə də çətin deyil. İtalyanlarda digər millətlər kimi demək olar bütün sosial şəbəkələrdən istifadə edirlər. Amm bizdən fərqli olaraq sosial şəbəkələrdə zamanlarını çox sərf etmirlər. Misal olaraq, onu deyə bilərəm ki, hər hansı bir tanınmış şirkətin sosial şəbəkələrdə səhifələri var. Onlar işə gələrkən ilk olaraq e-maillərini yoxlayırlar. Şirkətin internet resurlarını nəzərdən keçirəndən sonra son olaraq sosial şəbəkələrə nəzər salırlar.

Muhamməd Əminbəyli( Portuqaliya)- Mənim ətrafımda işgüzar adamlar olmadığına görə, sadəcə Portuqaliyada olan dostlarımın sosial şəbəkələrdən istifadə məqsədlərini deyə bilərəm. Portuqallar daha çox Facebook-dan istifadə edirlər.  Daha çox əyləncə məqsədilə istifadə edirlər. Bundan başqa hər-hansı görüşlərin  keçirilməsi üçün “event”-lər yaradırlar. Daha çox söhbət etmək, görüşlər təşkil etmək də onların günlük proqramları arasındadır.

Cavid Məmmədov( Rusiya)- Rusiyada insanları istifadə etdiyi sosial şəbəkələrə görə 3 qrupa bölmək olar . Odnoklassnik-dən istifadə edən kütlənin böyük bir hissəsini gənc yaşlı qafqazlılar və digər miqrantlar təşkil edir. Təbii ki,  buradakı ən önəmli məqsəd isə tanışlıqdır . Ruslar isə demək olar ki, çox azdır sosial şəbəkələrdə. Ancaq rusiyalı gənclərin  böyük əksəriyyəti  vk.com sosial şəbəkəsindən istifadə edir .Geriyə qalan bir qrup var ki,  onlar daha çox üst təbəqənin  insanlarıdır. Və bu insanların böyük bir hissəsi Facebook-dan  istifadə edir . Dəfələrlə tanıdığım ciddi adamların Facebook hesabları ilə qarşılaşmışam. Halbuki, bu adamların digər sosial şəbəkələrdə hesabları  heç vaxt gözümə dəyməyib.

Sübhi İsmayılzadə( Yaponiya)- Yaponiyada Whatsapp elə də məşhur deyil. Bu ölkədə  daha çox Line-dan istifadə edirlər. Bundan başqa Facebook, İnstagram da məşhurdur. Şəkil paylaşmağı sevirlər. Facebookdan daha çox tədbirlər təşkil etmək üçün istifadə edirlər.

Fərid Vəliyev( Türkiyə)- Türkiyəli gənclərin  ən çox istifadə etdikləri sosial şəbəkələr Facebook, Twitter və İnstagramdır. Məqsədlər fərqlidir təbii ki,  məsələn Facebook-dan istifadə edən hər cür insan görə bilərsən.  Azərbaycanda da bu belədir. Gənclərin bir qismi tanışlıq məqsədilə istifadə etdiyi halda digərləri maraqlı məlumatlar paylaşmaq, səhifələrdən, qruplardan xəbərlər oxumaq,  dostları, qohumları ilə əlaqə yaratmaq üçün istifadə edirlər. Yaşadığım yerdə intellekt səviyyəsini aşan çox gənc gördüm, amma ümumi nüfuza diqqət etsək Türkiyə gəncləri ilə Azərbaycan gəncləri arasında elə böyük fərq yoxdur sosial şəbəkələrdən istifadə məqsədi baxımdan.

Nərmin Mustafayev( Amerika)- Burada Facebook- dan əksəriyyəti istifadə edir. Az hallarda rast gəlirsən ki,  istifadə etməsinlər. Snapchat- həddən çox istifadəçisi olan əyləncə saytıdır. Kik sosial şəbəkəsinin isə - orta saylı istifadəçisi var. Bizdən fərqli olaraq Whatsapp- dan çox az istifadə edirlər. Skype istifadəçiləri də çoxdur.  Hangouts sosial şəbəkəsini də  üstün tutanlar var. Amerikanlar sosial şəbəkələrdən daha çox əyləncə məqsədilə istifadə edirlər.

Qədim Vəliyev( Litva)-  Litvada proffessorundan tutmuş tələbəsinə kimi hamının Facebook hesabı var. Daha çox ünsiyyət saxlamaq üçün istifadə edirlər.

Adil Zülfüqar( Böyük Britaniya)- İngilislər adətən Facebook, Whatsapp, İnstagram, Twitter-dən istifadə edirlər.  Amma Facebook-dan istifadə çox geniş yayılıb. Bir-biri ilə  əlaqə  saxlamaqdan savayı, əsasən çoxlu tədbirlər keçirməyi sevən xalqdırlar. Buna isə daha çox sosial şəbəkələrdə nəzarət edirlər.

Nigar Əliyeva( Ukrayna)- Ukraynada daha çox tanışlıq və söhbət məqsədilə Vkontakte ve Facebook-dan istifadə edirlər.

Nina Bu( İsveçrə)- Facebook İsveçrədə ən populyar sosial şəbəkədir. Demək olar ki, bütün dostlarım və mən ondan istifadə edirik. Mən və dostlarım həmçinin Couchsurfing-dan da çox istifadə edirik. Hansı ki, bu şəbəkə səyahətçilər üçündür. Fikrimcə bu sosial şəbəkə elə də məşhur deyil. İsveçrəlilərin müəyyən qismi karyeraları üçün Linkedin sosial şəbəkəsindən də istifadə edirlər. Ancaq bir qisim dostlarım var ki, bu şəbəkənin  aktiv istifadəçisi deyillər, sadəcə qeydiyyatdan keçiblər. Əksər isveçrəli Facebook-dan dostları ilə ünsiyyət, xüsusi şəkilləri və ya paylaşımları “like” etmək üçün istifadə edir. Eyni zamanda xüsusi anları bölüşmək üçün.  Hətta bəzi dostlarım müxtəli xəbərlər, məqalələr də paylaşırlar. Bundan əlavə hər hansı bir tədbirə çağırış məqsədilə, elanları bölüşmək və ya əldə etmək, həmçinin də müxtəlif, faydalı qruplara üzv olub məlumatlar əldə etmək üçün  də istifadə edənlər çoxdur.

Sosial media eksperti  Seymur Kazımov Xeberler.az-a azərbaycanlılarla xaricilərin sosial şəbəkələrdən istifadə məqsədlərini müqayisə edib.

O, Xeberler.az-a bildirib ki, Azərbaycanda sosial şəbəkələrin bu qədər çox istifadə edilməsi elektron medianın sosial  mediaya uduzmağı ilə bağlıdır: “İnsanlarımız ölkədə baş verən əsas xəbərləri  sosial mediadan öyrənirlər. Bunu ən yaxşı 19 may bina yanması hadisəsində görə bilərsiniz. Facebook-da ABŞ, Avropa ölkələri, Orta Asiya, ərəb ölkələri, Latın Amerikası, hətta Monqolustan, Zambiya, Zimbabve və Mozambikdən olan dostlarım var, onlar həm də mənim real dostlarımdır. Demək olar ki, onların arasında Facebook-da ən çox aktiv olanı mənəm.

Dünyanın inkişaf etmiş ölkələrinin Facebook istifadəçilərində bizdəki qədər aludəçilik yoxdur. Bu, onlar üçün yalnız ünsiyyət vasitəsidi. Çox nadir hallarda sosial şəbəkəyə daxil olurlar, nadir hallarda status yazıb, profil fotolarını dəyişirlər. İş saatlarında demək olar ki, bizdəki qədər sosial şəbəkədə olmurlar. çünki konkret işlə məşğul olurlar, şənbə və bazar günləri isə ümumiyyətlə sosial şəbəkələrdə olmurlar. Təbii ki, mən demirəm hamısı belədir, amma kimləri ki, mən tanıyıram, ünsiyyətim var, bu halları müşahidə edirəm. Onu qeyd edim ki, azərbaycanlılar həm də Facebook-dan  müsahibə götürmək üçün istifadə edirlər".

 

Ülviyyə Alıxanova 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə