Xidmət rəisi: Azərbaycana kiberhücumların sayı çoxalıb

05-03-2019 / 17:11

Azərbaycana qarşı olan kiberhücumların sayı ildən-ilə artır. Bu hücumların 90%-i xarici ölkələrdəki hostlardan daxil olur. “Hücumların qarşısını almaq üçün müvafiq dövlət qurumları necə işləyir?” 

Xeberler.az  bildirir ki, mövcud məsələylə bağlı sualları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov cavablandırıb:

– Tanınmış İT şirkətlərdən biri bu yaxınlarda verdiyi açıqlamada Azərbaycana qarşı kiberhücumların çoxaldığını açıqladı. Bu hücumlar arasında maliyyə xarakterli olanları da, siyasi məqsədlə edilənləri də var. Xüsusən “Xocalıya ədalət kampaniyası” dövründə bu hücumların artdığı bildirilmişdi. Vəziyyəti bir də sizin dilinizdən eşitmək istərdik.

– Bəli, təsdiq edə bilərəm, hücumların sayı çoxalıb və paralel olaraq, bizim də fəaliyyətimiz artıb. İşimizin daha səmərəli, daha effektiv qurulması üçün əlavə tədbirlər də görürük. Haqlısınız ki, Azərbaycan üçün mühüm olan tədbirlər zamanı hücumların sayı daha çox olur, bu da anlaşılandır.

Həmin müddətlərdə biz səfərbərliyimizi artırırıq və 24 saat rejimində işləyirik. Demək olar ki, bu təhlükə və hücumların əksəriyyətinin qarşısını alırıq. Görürsünüz ki, çox ciddi hadisələr baş vermir, bu da bizim görünməyən işimizin nəticəsidir.

– Builki tədbirlər həm də kütləviliyi ilə seçilirdi və internet resurslarda paylaşımlar çox oldu. Sistematik hücum halları oldumu və bu, əsasən, hansı ölkələrdən gəlirdi?

– Bütün məlumatları aça bilmərik və hücumların nəticələri bir müddət sonra analiz edilir. Qeyd edim ki, hücum bir nöqtəyə qarşı olmur, bu, bizim bütün informasiya resurslarımıza istiqamətləndirilir. Son məlumatlar barədə deyə bilərəm ki, hücumlardan hansısa informasiya mənbəyimizin zərər çəkdiyi haqqında məlumat daxil olmayıb. Bu isə onu göstərir ki, əvvəlcədən gördüyümüz hazırlıq davamlı olub və biz qarşımıza qoyduğumuz tapşırığın öhdəsindən gələ bilirik.

– Burada kadrların üzərinə böyük iş düşür, kadrların səviyyəsi necədir?

– Kadr çatışmazlığı var, bunun üzərində davamlı işləyirik. Həm bizim xidmət, həm informasiya xidməti, həm də Təhsil Nazirliyi. Bu ildən Təhsil Nazirliyi bu kadrlar üzrə dövlət planı üzrə yerlərin sayını bir neçə dəfə artırıb. “Hackathon” yarışmaları keçirilir ki, burada da kadrları üzə çıxarmaq olur. Sahə konfedensial olduğuna görə, bəzi məlumatları açıqlaya bilmirik.

– Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı nə deyə bilərsiniz?

– Bu, ölkə səviyyəsində aparılan bir işdir və Elektron Təhlükəsizlik Xidməti kimi mobil operatorlar, provayderlərlə ortaq tədbirlərimiz var və bunlardan biri uşaqların daxil olduğu məlumatların filtirasiyasına yönəlib.

“Mavi Balina” oyununun nəticələrinin nə qədər ağır olduğunu gördük. Məsələ burasındadır ki, bir oyunun qarşısı alınır, digəri yaranır. İnternetdə təhlükəsizlik deyəndə bu yalnız, oyunlarla kifayətlənmir. Bank məlumatlarının oğurlanması, fişinq əməliyyatları var, azyaşlı uşaqlar asan şəkildə internet dələduzlarının qurbanına çevrilə bilərlər.

Ona görə də bütün aspektlərdə uşaqları müdafiə etməyə yönəlik tədbirlər görürük. 18+ kontent ilə bağlı, yəni azyaşlı uşaqlar üçün zərərli məlumatlar yaradan pornoqrafik, radikal dini çağırışlar yaradan məlumatlar da internet təhlükəsizliyini şərtləndirən amillər sırasındadır. Bu səbəbdən də real təhlükə mənbəyi olan bütün hissələrə, məsələlərə qarşı qabaqlayıcı tədbirlər görməyə çalışırıq. Bunu hətta məktəblər səviyyəsində aparır, uşaqlara təlimlər keçirik.

– Müdafiə səviyyəsindən razısınızmı?

– Hazırda ölkə olaraq, qlobal bir təhlükə görmürüksə, bu, o deməkdir ki, səhnə arxasında iş gedir. Məlumatlar konfedensial olduğunua görə ictimaliyyətə açıqlamaya bilirik, amma bu məsələlərlə bağlı ciddi şəkildə işləyirik.  


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə