Yaponiya ilə Azərbaycan arasında İT sahəsində əməkdaşlıq müzakirə edilib

30-08-2016 / 12:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-naziri Motome Takisavanı qəbul edib.

Xeberler.az-ın məlumatına görə, İlham Əliyev  Motome Takisavanın ölkəmizə səfərinin Azərbaycan ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaratdığını, ölkələrimiz arasındakı mövcud dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

İyirmi ildən artıq bir müddət ərzində ölkələrimizin uğurlu əməkdaşlığının həyata keçirildiyini deyən Prezident İlham Əliyev əlaqələrimizin bir çox sahələri əhatə etdiyini vurğulayıb.

Ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin mövcud olduğunu qeyd edən dövlətimizin başçısı Yaponiyanın çoxlu sayda şirkətlərinin ölkəmizdə müxtəlif layihələrdə iştirak etdiyini, biznes strukturları arasında əlaqələrin yaxşı perspektivləri olduğunu bildirdi. “Bizim əlaqələrimiz çoxşaxəlidir”, - deyən Prezident İlham Əliyev əməkdaşlığımızın bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə etdi, bu səfərin əlaqələrimizin gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından önəmini vurğuladı.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin yeni mərhələyə qaldırılması üçün əlverişli imkanların olduğu qeyd edilib, neft-qaz, yüksək texnologiyalar, kənd təsərrüfatı, əczaçılıq, təhsil və digər sahələrdə əməkdaşlıq haqqında ətraflı fikir mübadiləsi aparılıb,  bu sahələrin yaxşı perspektivləri olduğu bildirilib.

Prezident İlham Əliyevin idmanı qəlbən sevən bir dövlət xadimi olması barədə məlumatlı olduqlarını deyən Motome Takisava Azərbaycanın idman sahəsində əldə etdiyi uğurların maraqla izlənildiyini bildirib. O, birinci Avropa Oyunlarının Bakıda uğurla keçirildiyini vurğulayaraq Azərbaycan Respublikasının Prezidentinə 2020-ci il Tokio Olimpiadasına Yaponiya tərəfinin dəvətini çatdırıb. Qonaq Azərbaycan və Yaponiya idmançılarının Rio-de-Janeyro Olimpiadasında uğurlu nəticələr əldə etməsini məmnunluqla qeyd edib.

Dövlətimizin başçısı 2020-ci il Yay Olimpiya Oyunlarının Tokioda keçirilməsi ilə bağlı təbriklərini çatdırıb və bu tədbirin də yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.