”Yatana qədər texnologiyalar mənimlədir” - Qənirə Paşayeva

23-01-2015 / 11:42

“Kəndlərin internetlə təmin olunması, kənd sakinlərinin əlinin internetə yetişə bilməsi önəmli məsələdir”.

“İnformasiya texnologiyaları tanınmışların həyatında” adlı layihəmizin növbəti qonağı xanım deputat Qənirə Paşayevadır. 

-İnternetdən ilk dəfə nə zaman və hansı məqsədlə istifadə etmisiniz? Hansı hissləri keçirdiyinizi xatırlayırsınızmı?

-İnternetin Azərbacana gəldiyi ilk zamanlar idi və televiziyada işləyirdim. Maraqlı duyğular idi, hesab edirdim ki, internet işimizi yüngülləşdirəcək, istədiyimiz materialları əldə etməkdə, axtarmaqda, tapmaqda və işimizlə bağlı müəyyən əlaqələrin qurulmasında köməkçi bir vasitəyə çevriləcək.

-Hansı elektron poçt sistemindən istifadə edirsiniz? Mailinizi gündə neçə dəfə yoxlayırsınız?

-Çox tez-tez yoxlayıram. Hansısa bir vacib məktub gələndə köməkçim də baxır. Elə gün olur 10 dəfə yoxlayıram, elə gün olur 5 dəfə. Elə bir gün yoxdur ki, mailimi yoxlamayım.

-Spamlar alırsınızmı? Onlar sizin işinizə mane olurmu?

-Xoşagəlməz bir şey də olsa, spamlar alıram. Amma buna xüsusi diqqət vermirəm.

-İşdən evə gedəndə, evdə də mobil telefondan, planşetdən və ya  kompüterdən istifadə edirsinizmi?

-Mütəmadi olaraq istifadə edirəm. Yatana qədər həmin texnologiyalar mənimlə bərabərdir.

-İnformasiya təhlükəsizliyinizi necə qoruyursunuz? Şəxsi hesabınızı başqasına etibar edirsinizmi? Həmin adamın sizin üçün təhlükəli biri olmadığını necə müəyyən edirsiniz?

-Köməkçimdən başqa heç kimə etibar etmirəm.

-Hansı sosial mediadan, Facebook, Twitter, İnstagram və s. aktiv istifadə edirsiniz?

-Şəxsi bloqum var, ondan daha aktiv istifadə edirəm. Facebook və Twitter-dən də istifadə edirəm. İnstagram-dan aktiv istifadə etmirəm. Hesabım olsa da, istifadə etmirəm. Facebook və  Twitter hələlik mənim üçün yetərlidir.

-Facebook-un imkanlarından yetərincə bəhrələnirsinizmi? Qruplarda varsınızmı?

-Heç bir qrupa özüm daxil olmuram və qrup təkliflərini qəbul etmirəm. Bəzən kimlər isə məni hansısa qruplara daxil edir . Sadəcə olaraq, sosial şəbəkələrdə profilim hamıya açıqdır, Millət vəkili kimi fəaliyyətimdən xəbər tutmaq istəyən hər bir insan səhifəmi açıb fəaliyyətimizi izləyə bilər. Facebook-da əsas məqsədim məlumat paylaşmaqdır, başqa bir məqsədim yoxdur. Dostluğumda olan, internet vasitəsilə bizi izləyən çoxlu seçicilərim var. Paylaşmaqda məqsədim odur ki, həyata keçirdiyimiz tədbirlər, görüşlər barədə seçicilərimin məlumatı olsun. Digər tərəfdən jurnalistlər də vacib məlumatları, hər hansı bir məsələ ilə bağlı fikirlərimi səhifəmdə görə və əldə edə bilirlər. Bəzən bir məsələ ilə bağlı jurnalistlərə bir-biri cavab vermək zaman baxımından çox çətin olur. Facebook-da məsələylə bağlı münasibətimi açıqlayıram, görüşlərimiz və tədbirlərimiz  barədə məlumatlar yayılır və bu da işimi yüngülləşdirir. Twitteri də Facebook-a bağlamışam, burada paylaşdığım materiallar Twitter-ə gedir. Twitterdə xarici  izləyicilərim çox olduğu üçün mütəmadi istifadə edirəm. Mənə gərəkən materialları köməkçim diqqətimə çatdırır və əsasən  səhifəmi o idarə edir. Çıxışımla bağlı hansısa saytda məlumat gedibsə, həmin materialları paylaşır. Özüm də nələrin paylaşıla biləcəyini, hansı məlumatların daha zəruri olması ilə bağlı ona istiqamətlər verirəm. Facebook-dan səmərəli istifadə edirəm, paylaşılanları oxuyuram, bəzi məsələlərlə bağlı gənclərin fikirlərini öyrənirəm, cəmiyyətdəki ab-havadan, ölkə gündəmindən xəbər tuturam.

-Sizin adınızdan saxta profil açılması hallarına rast gəlirsinizmi?

- Məni narahat edən əsas məqamlardan biri də budur.  Elə hallar indi də var və bununla bağlı hüquq mühafizə orqanlarına müraciətlər də etmişəm. Təəssüf ki, müraciətlərin heç bir nəticəsi yoxdur. Ümumiyyətlə, bu məsələ hamımızı narahat etməlidir və bununla bağlı hansısa qaydalar tətbiq olunmalıdır. Bu barədə qanunverici orqan çərçivəsində təkliflər olmalı və bu məsələ öz həllini tapmalıdır. İsrailin metodu ilə tanış oldum və maraqlı gəldi mənə. Həmin metodla başqasının adına hesab aça bilməzsən. Çünki, hesab açmaq üçün hesab kartı tələb olunur. Ölkələrin təcrübələrindən biz də yararlanmalıyıq. İnsanlar öz adlarına profil açmalıdır, başqalarının adına açmaqları doğru deyil. Üstəlik,həmin insandan icazəsiz bunu edirsə, bu artıq tərbiyə normalarına, hüquqa  sığmayan addımdır. Digər tərəfdən, sosial şəbəkələri bəziləri doğru anlaya bilmir. Sosial şəbəkələr əslində insanın kimliyini, kişiliyini,əxlaqını,tərbiyəsini çox rahat görmək olur. O demək deyil ki, sən istədiyin təhqir, aşağılama yaza bilərsən. Tənqid ola bilər, amma insana qarşı həqarət, yalan, böhtan yazılmasının əleyhinəyəm. Təəssüf ki, sosial şəbəkələrdə bəzən tərbiyə ölçüləri olmayan insanlar da var. Onlar sosial şəbəkənin verdiyi imkanı yalnış dəyələndirir və yalnış istifadə edirlər. Elə ən böyük zərəri də özlərinə vururlar. Çünki başqalrına qarşı xoş olmayan şeylər yazmaqla zamanlarını itirirlər. Halbuki, həmin zamanı ağıllı bir şeyə sərf etməklə daha ciddi nəticələr əldə etmək mümkündür. Bir rəsmi səhifəmiz var və müraciət edənlərə yalnız həmin səhifənin mənə məxsus olduğunu deyirəm.

-Facebook-da insanları dostluğa necə qəbul edirsiniz? Hansı parametrləri nəzərə alırsınız?

-İnsanların istəyinə baxıb dostluğa qəbul edirəm. Son dönəmlərdə isə hədəf qruplarına baxıb seçirəm. Bu qrupda gənclər, seçicilərim, jurnalistlər, Qeyri-hökumət təşkilatlarının nümayəndələri, xaricdə ictimai-siyasi həyatda seçilən insanlar, xarici KİV-lərdə çalışanlar ola bilər. Xaricdə də hansısa məlumatların yayılmasına nail olmağa çalışıram.

-Tez-tez şəkil paylaşırsınızmı? Xoşlamadığınız informasiya ( şəkil, mətn) lövhənizdə qarşınıza çıxarkən reaksiyanız necə olur?

- Paylaşdığımız şəkillərin 99 faizi işimlə bağlı olur. İştirak etdiyim tədbirlərlə, görüşlərlə bağlı şəkillər paylaşılır. İşdən kənar şəkillərin paylaşılmasının tərəfdarı deyiləm. Dostlarımla, ailəmlə ilgili şəkilləri nadir hallarda paylaşıram, zərurət varsa. Başqaları məni şəkilə “tag” edəndə isə səhifəmdə görünmür. Səhifəmi qoruyuram. İnsanlar anlamalıdırlar ki, hər kəs öz səhifəsində istədiyini yaza bilər, başqasının səhifəsində icazəsiz nəsə yazmaq, paylaşmaq olmaz. Əgər hər hansı məlumatı kiminsə səhifəsində yazmaq istəyirlərsə, qabaqcadan həmin insana bildirmək lazımdır. Bəzən yardıma ehtiyacı olan xəstəyə kömək məqsədilə, sosial aksiya ilə bağlı bunu etmək olar. Tərbiyə normaları çərçivəsində olan şeylər insanlara xoş gəlir.

-Özünüzü və cəmiyyəti texnologiyalardan asılı hesab edirsinizmi?

-Xeyr, hesab etmirəm. Texnologiyalar bir vasitədir və mən buna qarşı çox ciddi şəkildə mübarizə aparmağın və uşaqlarımıza bu cəhətdən hansısa təhsil, təlim verilməsinin tərəfdarıyam.

-Əgər uşaq artıq küçəyə çıxıb oynamaq istəmirsə, yoldaşları ilə münasibət qurmağa meylli deyilsə, yalnız kompüterə-oyunlara meyl edirsə, bu təhlükəlidirmi?

-Bu çox qorxulu bir tendensiyadır. Kiçik yaşlarından uşaqlarımız gerçək həyatdan qoparaq virtual həyatda yaşamağa başlayırlar və bu durum bəzilərinin psixoloji vəziyyətinə təsir edir. İnternet, sosial şəbəkələr işimiz üçün önəmli də olsa, bu bir yerə qədər olmalıdır. İnsan texnologiyalardan asılı olmamalıdır. Sadəcə o sizə lazımdır və istifadə edirsiniz. Təəssüf ki, cəmiyyətdə gənclər arasında da asılılığın artdığını görürük. Gənclər zamanının böyük hissəsini əylənmək, vaxt keçirmək üçün sosial şəbəkələrə həsr edir. Hansısa bilgiləri oxuyub biliklərini zənginləşdirmək, faydalı məlumatlardan yararlanmaq əvəzinə, vaxtlarını mənasız şeylərə xərcləyirlər. Bu narahatlıq doğuran məsələdir. Hesab edirəm ki, bununla bağlı məktəblərimizdən başlayaraq kütləvi informasiya vasitələrimizdə, televiziyalarımızda ciddi şəkildə maarifləndirmə işləri aparılmalıdır. Həmçinin valideynlər də  uşaqlarına internetdən istifadə etməyin düzgün yollarını öyrətməlidir. Ciddi şəkildə maarifləndirmə işləri olmaldır ki, uşaqlarımız ondan asılı vəziyyətə düşməsinlər. Çünki bir müddət sonra sosial şəbəkələrdən asılı vəziyyətə düşmüş gəncləri xilas etmək çətin olacaq.

-Mobil internetdən istifadə edirsinizmi? Necə  və haralarda  istifadə edirsiniz? Keyfiyyət və qiymət sizi qane edirmi?

-Bəli, istifadə edirəm. İnternetin sürətinin və keyfiyyətinin artması hamımız üçün önəmli məsələdir. Dünəndən bu günə müsbət mənada dəyişikliklər olsa da, daha çox insanların internətə girə bilməsi üçün işlər görülməlidir. Kəndlərin internetlə təmin olunmasının surətlənməsi, kənd sakinlərinin əlinin internetə daha çox  yetişə bilməsi çox önəmli məsələdir. Çox istərdim ki, kənddəki gənclərimiz internetin imkanlarından doğru istifadə edə bilsinlər. Tovuzdan gəlirəm, bir həftə məktəblərdə görüşlər keçirdim və bu mövzunu müzakirə etdik ki, internetə əli çatan gənclərimiz bundan yaxşı istifadə etsinlər. İnternetdən yaxşı kitablar tapıb oxuya, yararlı dostluqlar qura, Azərbaycan həqiqətləri ilə xarici dili bilən gənclərimiz məlumatı xaricə çatdıra bilərlər. Gənclər yararlı bir şeyə zamanlarını sərf etməlidir.

-Xaricdə səfərdə olarkən Rouminq xidmətindən istifadə edirsiniz, yoxsa olduğunuz ölkənin mobil operatorunun xidmətindən?

-Uzunmüddətli səfərlərə getmədiyim üçün Rouminq xidmətindən istifadə edirəm.

-Ani məktublaşma vasitələrindən,  məsələn Skype, Telegram, Whatsapp-dan istifadə edirsinizmi?

-Whatsapp-da lazım oldu-olmadı, nə istədiyi bəlli olmayan hər kəs yazır və onlara cavab yazmağa zamanım yoxdur. Whatsapp-da olsam da, aktiv istifadə etmirəm. Yazışmalarda telefondan, mailimdən istifadə edirəm. O cümlədən, Facebook, Twitter üzərindən də məktublara cavab verirəm. Skype-dan da az istifadə edirəm. Skype-dan ehtiyac olduqda istifadə etmək lazımdır, gənclərimizin Skype-da vaxt itirməsinə də qarşıyam.

-Bir telefon zənginin və ya mesajın gəlişini bildirən xəbərdarlığa cavab vermək üçün  öz naharınızı dayandıra və ya görüşünüzü yarımçıq saxlaya bilərdinizmi?

- Nəinki, nahar, bir də görürsünüz ki, səhər saat 6-da zəng gəlir. Gecə saat 3-də də zəng gələ bilər hətta. Gecə saatlarında da telefonum açıq olur. Əgər toplantıda və ya görüşdəyəmsə, telefonu açmıram. Çünki bu tədbirdəkilərə hörmətsizlikdir. Zəng vuran insana mesaj yazıram ki, sizə sonra zəng vuracağam. Yaxud toplantıdan sonra onu arayıram. Çox  önəmli məsələ ilə bağlı gələ biləcək zənglərə isə çox cavab verirəm.

-Yazışmalarda, paylaşımlarda etika qaydalarını gözləyirsinizmi? Gözləməyənlərə reaksiyanız necə olur?

-Harada olursa olsun, insanın tərbiyə normalarının aşmamasının tərəfdarıyam. Siz kiminsə fikirləri, fəaliyyətini tənqid edə bilərsiniz, amma tənqiddə etik normalar çərçivəsində olmalıdır. Sosial şəbəkələrdə hər bir insanın tərbiyəsini görmək mümkündür. Bəzən xoş olmayan jarqonlar, ədəb, tərbiyə normalarına uyğun olmayan ifadələr  sosial şəbəkələrdə xoş görünmür. Sosial şəbəkələrdə yazılanları yüzlərlə, minlərlə adam görür. Gənclərimiz etik normalara xüsusi diqqət etməlidir.

-Soruşmaq istədiyiniz hansısa sualı yaxınlığınızda olan birisinə və ya iş yoldaşınıza şəxsən verərdiniz ya e-mail-mesajla yazardınız?

-İçərisində bulunduğum vəziyyətə baxır. Həmin vaxt sosial şəbəkədən istifadə edirəmsə, sualı elə orada soruşaram.Vasitələr çoxdur, həmin an hansı mənə məqbuldursa, onu edərdim.

-Texnologiyalardan asılılığı 10 ballıq şkala ilə qiymətləndirsək, özünüzü harada görürsünüz?

-5 bal. Həyatımı texnologiyalalardan asılı hesab etmirəm və maksimal yararlanmağa çalışıram.

-Sizcə 10 il uzağa baxsaq, texnologiyalar bizi idarə edəcək, yoxsa daha çox həyatımızı asanlaşdıran bir vasitəyə çevriləcək?

-Bu ziddiyyətli bir məsələdir. Əgər biz nəsillərə İnternetdən doğru şəkildə istifadə etməyin yollarını aşılasaq, texnologiyalar 10 ildən sonra həyatımızı yüngülləşdirən vasitəyə çevriləcək. Yox, ailələrimiz, məktəblərimiz buna doğru getməsə, məktəblərdə, KİV-lərdə maarifləndirmə işləri aparılmasa, təəssüf ki, texnologiyaların idarə edəcəyi bir toplum yarana bilər. Ona görə də bu məsələyə ciddi yanaşmaq lazımdır. Nəzərə almalıyıq ki, virtual həyatdan asılı  olan gənclər real həyatdan uzaqlaşır və onu qəbul edə bilmirlər və bu faciələrə gətirib çıxara bilər.  İkincisi, texnologiyalar  həyatı daha da sürətləndirir və insan bəzən bu sürətə yetişə bilmir və nevrozların sayının artasında bu faktor da böyük rol oynayır.  Gəncləri bu asılılıqdan xilas etməyin yollarını tapmalıyıq. İnsanlar bəzən qapıbir qonşusu ilə belə Whatsapp ilə danışır.  Skype ilə görüşürlər və beləliklə insanlar bir-birindən qopur. Dostluq o demək deyil ki, Whatsapp-da salamlaşdıq, sağollaşdıq, paylaşdıq hər şeyi vəssalam. Bəzən mən məclislərdə görürəm ki, masa arxasında  hərə öz telefonunda internetdədir, çox az söhbət edirlər bir-biri ilə. Bu çox qorxulu bir tendensiyadır. İnsan özü anlamalıdır ki, mən texnologiyadan doğrumu istifadə edirəm? Texnologiyalardan yalnış istifadə insanın faciəsinə gətirib çıxara bilər. Heç kim icazə verməməlidir ki, texnologiyalar onların həyatını əlindən alsın. Tam əksinə, texnologiyalardan doğru istifadə bir insana çox böyük köməkdir. 

Mirvari Nəcəf

Fotolar: Əfsanə Şərif


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə