Yeni İKT texnologiyalar-Video

05-07-2017 / 12:29

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarının növbəti iclasında müasir İKT yeniliklərinə dair məruzə dinlənilib.

Bu barədə Xeberler.az-a AMEA-dan məlumat verilib.

Yeni texnoloji məhsullar haqqında məlumat verən AzScienceNet şəbəkəsinin Data Mərkəzinin administratoru Tural Mustafayev hücum mövqeyinin gücləndirilməsi üçün yapon milli voleybol komandasının istifadəsinə verilmiş robotlardan söz açıb.

O, bildirib ki, müdafiə-blok funksiyasını yerinə yetirən robotlar saniyədə 3,7 metr reaksiya göstərirlər.

İnsanlardan sürətli olan bu qurğular voleybolçuların dəqiqlik göstəricilərinin artmasına səbəb olurlar.

Bu robotların hələ ki, yalnız əvvəldən müəyyən olunmuş 10-15 düzülüş əsasında istifadə olunduğunu söyləyən məruzəçi gələcəkdə onların hərəkət detektorlarının köməyi ilə təkmilləşdirilməsinin planlaşdırıldığını qeyd edib.

Həm yerdə hərəkət etmək, həm də uçmaq imkanına malik aeromobil barədə danışan məruzəçi hərəkət sürəti 160 km/saat-a bərabər olan aeromobilin 2020-ci ildə kütləvi satışa çıxarılacağını və satış qiymətinin 1,2-1,6 milyon ABŞ dolları arasında olmasının nəzərdə tutulduğunu bildirib.

T.Mustafayev Kickstarter platformasında təqdim olunmuş, ağıllı qol saatlarının xüsusiyyətlərini özündə birləşdirən SGNL Smart strap qurğusunu təqdim edib.

Onun sözlərinə görə, qulaqcıqlardan istifadə etmədən telefonla danışmağa imkan verən bu qurğu vasitəsilə səs siqnalları insanın qolundan vibrasiya ilə barmaqlara, oradan isə qulağa ötürülür.

Qurğu telefona Bluetooth vasitəsilə qoşulur. İndiegogo saytında öncədən sifariş verməklə satış qiyməti 149 dollar təşkil edir. O, həmçinin qeyd edib ki, bu layihəyə 50 min dollar hədəf qoyulsa da, o, artıq 1,4 milyon dollar dəstək toplayıb.

YouTube istifadəçisi tərəfindən hazırlanmış Virtual Reallıq yarış qurğusu haqqında məlumat verən T.Mustafayev bu qurğunun kompüter oyunları oynamaq üçün hazırlanmasına baxmayaraq gələcəkdə real təlim simulyatoru kimi modernləşdirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Quraşdırılması 25 min dollara başa gələn avadanlığın yaxın zamanda oyun salonlarında da istifadə olunacağı güman olunur.

O, həmçinin İsveçrədə yerləşən texniki məktəbin şagirdləri tərəfindən hazırlanmış, fiziki məhdudiyyətli insanların pilləkənləri asanlıqla qalxmasına imkan verən əlil arabaları, havada 10 dəqiqə uçan Jetpack, daşınabilən Amazon Mobile datacenter, Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış C Learn proqram platforması və s. İKT yenilikləri barədə ətraflı məlumat verib.

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.