Avropa Parlamentində «Azərbaycanda innovasiya və mobil kimlik: Avropaya rəqəmsal inteqrasiyanın yeni növü» mövzusunda konfrans keçirilib

20-02-2014 / 11:46
Fevralın 19-da Avropa Parlamentində «Azərbaycanda innovasiya və mobil kimlik: Avropaya rəqəmsal inteqrasiyanın yeni növü» mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Azərbaycanda elektron hökumət sahəsində həyata keçirilmiş islahatlar və digər əlaqədar məsələlər müzakirə edilmişdir.  

Konfransın təşəbbüskarı Avropa Parlamentinin Estoniyadan olan deputatı Kristina Oyulanddır. Tədbiri giriş sözü ilə açan Oyuland Sovet İttifaqının dağılmasından sonra Estoniyada institusional sahədə islahatların yeni texnologiyalar üzərində aparılmasının faydalarını vurğuladı. Bununla da, «Skype»ın vətəni Estoniyada elektron xidmətlər köhnə metodları üstələmişdir.

Oyulandın sözlərinə görə, ölkəsi Azərbaycanın da bənzər hədəflərə çatmasına yardım göstərsə də, sonradan «şagird müəllimini ötüb keçmişdir». O, ASAN xidmətin nailiyyətlərini alqışlayıb və bunun tək vətəndaşlar üçün deyil, həm də hökumət üçün faydalı olduğunu deyib. Xanım Oyuland fikrini onunla əsaslandırıb ki, mülki xidmətlərdə bürokratik əngəllərin aradan qaldırılması hakimiyyət orqanlarına əlavə xərclərdən yan keçməyə imkan verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov 2013-cü ildən etibarən Asan İmzanın istismara verilməsi və təhlükəsizlik sisteminin yaradılması istifadəçilərə mobil telefonları vasitəsi ilə rəqəmsal uyğunluğun müəyyənləşdirilməsinə imkan yaratdığını deyib. Azərbaycanda Mobil İmza vasitəsilə 300.000-dən artıq rəqəmsal imza təqdim edilmiş, 1.000.000-a yaxın əməliyyatlar həyata keçirildiyini də vurğulamışdır. Bununla yanaşı, o, ASAN imza layihəsinin Azərbaycan və Aİ arasında daha effektiv əlaqələrin qurulmasına verəcəyi töhvə haqda yazıb.

Konfransda ASAN xidməti təsvir edən video-çarx nümayiş etdirilib.

Azərbaycan Respublikasının vergilər nazirinin müavini Sahib Ələkbərov 2005-dən etibarən elektron hökumətin yaradılmağa başlandığını diqqətə çəkmişdir. O, planlı təsərrüfat və sovet sistemi səbəbindən Azərbaycanda vergi mədəniyyətinin yeni olduğunu xatırlatmış, müstəqilliyin ilk illərində əhalidə vergi mədəniyyətinin yaradılması və vergi qanunvericiliyinin hazırlanması kimi işlərin görüldüyünü bildirmişdir. Bunun ardınca, elektron vergi sahəsində görülən işləri və bu sahədə beynəlxalq partnyorların dəstəyi cənab Ələkbərov iştirakçıların diqqətinə çatdırmışdır. Onun sözlərinə görə, Avropa İttifaqının dəstəyi elektron audit sistemini hazırlayıb. Elektron vergi qeydiyyatı əvvəllər 2 ay çəkən vergi qeydiyyatının müddətini bir neçə dəqiqəyədək qısaldıb. Bütün bunlara görə Dünya Bankının "Doing Business" reytinqində Azərbaycan yuxarı yerlərdən birinə layiq görülmüşdür. Sahib Ələkbərov elektron hökumət və rəqəmsal imza sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini də vurğulamışdır.

Estoniyanın İqtisadi İşlər və Rabitə Nazirliyinin Dövlət İnformasiya Sistemləri və Rabitə üzrə baş katibinin müavini Taavi Kotka Azərbaycanla rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıqdan məmnunluğunu bildirib. Enerji üzrə də əməkdaşlığın qarşılıqlı maraq üzərində qurulduğunu və bunun bütün sahələrə tətbiq edildiyini deyib. Yeni texnologiyaların və bu sahədə aparılan islahatların həm insanların həyatının rahatlaşdırılması, həm də yeni iş yerləri, sərmayə yerləri, rəqəmsal bazarın yaradılmasından böyük rol oynadığını da deyib.

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə vətəndaşlara göstərilən xidmətlərdə İKT-dən istifadənin zəruriliyindən danışmış və Azərbaycandakı elektron xidmətlərin cari vəziyyətilə bağlı arayış vermişdir.

Avronest Parlament Assambleyasının həmsədri Yevgeni Kirilov və Avropa Parlamentində Mühafizəkarlar və İslahatçılar qrupunun başçısı Martin Kallanan mövzuyla bağlı fikirlərini bölüşmüşlər.

Daha sonra ASAN Sertifikatlaşdırma Xidmət Mərkəzi və Estoniya Sertifikatlaşdırma Mərkəzi arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının vergilər nazirinin müavini Sahib Ələkbərov və Estoniya Sertifikatlaşdırma Mərkəzinin icraçı direktoru Kalev Pihl iştirak ediblər.

Müzakirələr panelinin 1-ci hissəsi "Mobil kimlik: insanların ölkələrarası əlaqələndirməsi. Estoniya və Azərbaycanın mobil kimlik sistemlərinin əməkdaşlığı" mövzusunda olmuşdur.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin şöbə müdürü Samirə Musayeva asan imza haqqında detallı məlumat verdikdən sonra mobil hökumətin elektron hökumət ideyasının növbəti mərhələsi olduğunu vurğulamışdır. Asan İmzanın hansı zərurətdən doğduğu, vətəndaşlara hansı asanlıqlar verdiyini də xanım Musayeva faktlarla izah etmişdir. O, təmsil etdiyi nazirliyin Asan İmzanın öz xidmətlərinə necə inteqrasiya etdiyini və buna bağlı olan digər xidmətləri də təqdim etmişdir. Onun sözlərinə görə mobil kimliyin gələcəkdə bütün sahələrdə tətbiq olunması qaçılmazdır.

"Signwise"-ın yaradıcısı və icraçı direktoru Tiit Anmann elektron imzanın texniki tərəfləri barədə məlumat vermişdir. O, "Signwise" iqtisadi və mülki sahədə oyunçuları necə əlaqələndirdiyini izah edib. Onun sözlərinə görə, növbəti elektron inqilab imza inqilabı olacaq.

"Gemalto Solutions" şirkətinin satış direktoru Remi Belluar Azərbaycana səfəri və səfərin təəssüratları barədə danışarkən, elektron sahədə əldə olunmuş nailiyyətləri təqdir etdiyini bildirmişdir. Çıxışını satış və xidmət sahələrində rəqəmsal alətlərin inteqrasiyası barədə fikirlərlə davam edən natiq müxtəlif ölkələrdə elektron xidmətlərin necə həyata keçirildiyini müqayisəli şəkildə göstərmişdir.  

"Signwise"ın nümayəndəsi Liisi Yürgen Azərbaycan Elektron İmza Qanunu ilə Avropa İttifaqı Elektron İmza Direktivi arasında paralel müqayisələr aparmışdır.

Elektron hökumətlə bağlı ikinci müzakirə panelində isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məsləhətçisi İsbəndiyar Əliyev elektron hökumətin cari vəziyyəti ilə bağlı məlumat vermişdir. ASAN Xidmətin şöbə müdürü Azad Cəfərli təmsil etdiyi qurumun fəaliyyətini insan hüquqları kontesktində analiz etmişdir.  Bundan əlavə, "Cybernetica"nı təmsil edən Arne Ansper ölkələrarası əməkdaşlıqdan, ASAN Xidmətin şöbə müdürü İlkin Vəliyev elektron vergi sistemlərində şəffaflıqdan, Avropa İnnovasiya və Texnologiya İnstitutunun idarə heyətinin üzvü Linnar Viik isə əməkdaşlığın gələcək perspektivlərindən söhbət açmışdır. Cənab Viik həm də tədbirlə bağlı yekun şərhlər vermişdir.(eunews)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə