Süni intellekt – innovasiyalar və sahibkarlıq üçün imkanlar mövzusunda seminar keçirilib

21-12-2018 / 12:21

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşkilatçılığı ilə “Süni intellekt – innovasiyalar və sahibkarlıq üçün imkanlar” mövzusunda seminar keçirilib.

Xeberler.az  bildirir ki, seminarın keçirilməsində əsas məqsəd süni intellektin innovativ sahibkarlıq sahəsində tətbiqi imkanlarının müzakirəsi, bu sahədə fəaliyyət göstərən yerli layihələrin təqdimatı və ümumiyyətlə, süni intellekt sahəsi üzrə müzakirələrin aparılmasından ibarət olub.

Seminarda innovasiya sahibkarlığının inkişafı üzrə süni intellekt məhsullarının tətbiqinin xarakterik xüsusiyyətləri, əsas texnoloji proseslərin avtomatlaşdırılması, süni intellektdən sahibkarlıq sahəsində istifadəyə dair dünya ölkələri üzrə statistik göstəricilər, innovasiya sahibkarlığının inkişafı üçün əlverişli şərait yaradılmasında dövlət idarəetmə orqanlarının rolu, ümumdaxili məhsulda yüksək gəlirliliyin əldə olunması məqsədilə süni intellektin sahibkarlıq sahəsinə tətbiqi kimi məsələlər haqqında danışılıb.

Seminarda çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Cəmiyyətinin və Elektron İdarəçiliyin İnnovativ İnkişafi şöbəsinin müdiri Rəşad Əzizov bildirib ki, son illər elm və texnikanın güclü inkişafı, eləcə də cəmiyyətin bu yeniliklərə durmadan artmaqda olan tələbatı ilə əlaqədar innovasiya getdikcə daha çox sahibkarlıq fəaliyyətinin ayrılmaz hissəsinə çevrilməkdədir. “İnnovasiya sahibkarlığı mənfəət almaq məqsədilə yeni texnologiyaların, texnikanın, əmtəə və xidmətlərin işlənib hazırlanması və istehsala tətbiqi üzrə fəaliyyətdir”.

Tədbirdə, həmçinin məlumat verilib ki, müasir dünyada kompüterlərin insan beyni kimi fəaliyyət göstərməsinə imkan verən süni intellektin mürəkkəb innovativ texnologiyası sosial həyatımızın müxtəlif sferalarına inteqrasiya edərək cəmiyyətin innovativ inkişafında mühüm rol oynayır. Hazırda dünyanın ən qabaqcıl, inkişaf etmiş ölkələri süni intellektə əsaslanan yüksək innovativ texnoloji məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün külli miqdarda maliyyə vəsaiti sərf edir.

Qeyd olunub ki, son illər telekommunikasiya, elektron ticarət, nəqliyyat, səhiyyə, maliyyə və digər istehsalat sahələrində olduğu kimi, artıq innovativ sahibkarlıq sahəsində də süni intellekt məhsullarının tətbiqinə geniş yer verilir.

Bundan irəli gələrək qeyd edilən sahələrdə yaxın bir neçə ildə süni intellekt texnologiyaları, proqram təminatı və onların tətbiqinə yatırılan investisiyaların həcmi artmaqdadır.

Məlumat verilib ki, dünya təcrübəsində süni intellekt informasiya texnologiyaları sahəsinin mövcud istiqamətləri arasında ən çox gəlir gətirən sahələrdən biridir. Eyni zamanda süni intellektin inkişafı ölkələrin iqtisadiyyatında diversifikasiyanın gücləndirilməsinə təkan verir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə