İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Hansı mövzularda yazılan bloqları oxuyursunuz?
  • Sosial
  • Siyasi
  • İdman
  • İnformasiya Texnologiyaları
  • Bloq oxumuram
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Elm adamları niyə internetdən uzaq düşürlər?

13.04.2009 [13:14]

Fontu böyüt:      

Azərbaycan haqqında axtarış verəndə 1-ci ermənilərin yazdığı məqalə gəlir. Xarici istifadəçi üçün bu mənbədir, onun Azərbaycan haqqında fikirləri də buna əsasən formalaşır.

Dünyanı ovucunun içinə gətirmək üçün sadəcə olaraq kompüter arxasına keçib bir düyməni basmaq kifayətdir.Hansı məlumatı istəyirsənsə bir neçə saniyə ərzində tapacaqsan. Dünyanın hansı nöqtəsində olursan-ol fərq etməz. Bu isə o deməkdir ki, bütün bildiklərimiz, yazdıqlarımız və   paylaşdıqlarımız onlayn dünyasına da sızmalıdır. Dəftərimiz də, qaralama vərəqimiz də dünya hörümçək torunda olmalıdır. Bu mənada İnternet sözün əsl mənasında informasiya savaşı üçün əlçatandır. İnformasiyanı daha çox kim paylaşırsa o da qalibdir.

 

İnternetdə konkret dəyərli bilgiləri özündə cəmləşdirən xüsusi şəbəkələr vardır ki, bunlardan ən çox istifadə ediləni açıq onlayn ensiklopediyası olan vikipediyadır. Axtarış serverləri vasitəsilə nə axtarsaq birinci növbədə vikipediyaya yönlənən link gəlir. Deməli hər şey ordan başlayır. Viki texnologiyası ilə işləməyin asan olması elə onu məşhur edən səbəblərdən biridir. İstənilən mövzuda müzakirə aparmaq, bildiklərini paylaşmaq, məsləhət almaq, yeniliklərdən xəbərdar olmaq və milyonlara  yaradıcılığını, yaşadığın ölkəni tanıtmaq üçün asan vasitədir. 26 noyabr, 2008-ci ilin məlumatına görə, ensiklopediya 265 dildə fəaliyyət göstərir və hazırda 11,77 milyon məqaləyə malikdir. Azərbaycan dilində olan (az.wikipedia.org) vikipediyada isə məqalələrin sayı 21 minə yaxındır. http://stats.grok.se saytının statistikasına görə  ingilis dilində “Azerbaijan” məqaləsinə müraciətlərin sayı ayda orta hesabla 90 mindirsə, Ermənistanla bağlı məqaləyə müraciətlərin sayı  orta hesabla cəmi 7 mindir. Bu da Azərbaycana beynəlxalq aləmdə daha çox maraq göstərildiyindən xəbər verir. Vikipediya dünyada ən çox müraciət olunan saytlar siyahısında ilk onluqdadır. Bu onu göstərir ki, hal-hazırda Azərbaycanı dünyaya tanıtmaq və yalançı informasiyanın qarşısını almaq üçün əsas vasitələrdən biri də vikipedia olmalıdır.

 

Bəs vikipediaya məlumatları kim qoymalıdır? – Özünü Azərbaycan vətəndaşı hiss edən hər kəs.

 

Azərbaycan vikipediyasının adminstratorundan biri olan İradə Ələkbərova Azərbaycan vikipediyasında elm adamlarının fəaliyyətsizliyindən şikayətçidir. “Azərbaycanda ziyalılar ümumiyyətlə internetdə aktiv deyillər, qalsın ki, vikipediyada. Rusiya, Ukrayna, Belarusiya, Ermənistan kimi ölkələrlə müqayisə etdikdə vəziyyət  tam aydınlaşır. Onlarda vikipediya  stolüstü  kitabdır, bildikləri mövzuları, yazdıqları məqalələri vikipediya ilə paylaşırlar. Bu həm də elmin inkişafına və mütəxəssislərin yaranmasına təkan verir. Azərbaycan üçün indiki şəraitdə tarix, ədəbiyyat, siyasət mövzusu çox aktualdır. Ermənistan tərəf  bu sahədə internetdə daha çox aktivdirlər. Rus, ingilis vikipediyasını açanda erməni siyasətini, “tarixini” təbliğ edən materiallar gəlir. Onlar hər hansı bir kitabı, məqaləni nəşr etməzdən əvvəl internetdə yayırlar, vikipediyaya atırlar. Azərbaycan haqqında axtarış verəndə 1-ci ermənilərin yazdığı məqalə gəlir. Xarici istifadəçi üçün bu mənbədir, onun Azərbaycan haqqında fikirləri də buna əsasən formalaşır. Vikipediyada neytrallıq həmişə gözlənilir. Çox hallarda yerli istifadəçilər saytı, hansısa təşkilatı günahlandırırlar ki, vikipediya anti-azərbaycan informasiyalarını yayır. Gözləməyək ki, rus alimi Azərbaycan tarixini ermənilərdən müdafiə edəcək. Bu belə deyil, bizimkilər heç nə yazmır, təbii ki, erməni məqaləsi neytral  kimi qəbul olunacaq. Tarixçi, ədəbiyyatçı, hər kəs sözünü özü deməlidir. Özümüzdən başqa heç kəs Azərbaycanı  internetdə müdafiə etməyəcək”.

 

Statistikaya görə,  Vikipediya virtual ensiklopediyasına saniyədə 65 min sorğu göndərilir. Hətta internetdəki Yahoo, Google, Answers və s. kimi məşhur axtarış sistemlərindən çoxu Vikipediyanın üstünlüyünü qəbul edir və axtarış nəticələri kimi, Vikipediyadakı informasiyaları siyahının önündə gətirirlər.

 

Bəs ziyalıların, elmi işçilərin internetdə  passiv olmasının səbəbi nədir?

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün sözlərinə görə, hər şeyin kökündə həmin ölkədə internetin nə dərəcədə inkişaf etməsi durur. Məsələyə  digər tərəfdən yanaşaq. Elmlər Akademiyasında keyfiyyətli internetdən istifadə edənlərin sayı nə qədərdir? İnternet qiymətləri kifayət qədər bahadır. Keyfiyyətli internet isə yoxdur. Gənc alimlərlə söhbət edəndə şikayətlənirlər ki, normal internetin olmaması  problem yaradır. İkinci məsələ isə insanların bu sahə ilə bağlı bilikləri kifayət qədər yetərli deyil. Ümumiyyətlə internetlə işləmək üçün elementar texniki bilik olmalıdır. Buna görə də, xüsüsilə orta yaşlı təbəqə orada müəyyən gəlişmələr edə bilmirlər”.

 

Vikipedia informasiyanı operativ yayan sistemdir. Hətta xarici ölkələrin təcrübəsinə əsasən müəllimlər tələbələrinə kurs işlərində istifadə etmək üçün vikipediyadan yararlanmağı məsləhət görürlər. Amerikanın Vaşinqton ştatında yerləşən Bottel universitetində müəllimlər tələbələrə referat əvəzinə Vikipediyada məqalə yazmağı təklif edirlər. Çünki tələbənin biliyini bir müəllim yoxlayıb qiymətləndirirsə, vikipediyada tələbənin yazdıqlarını minlərlə istifadəçi və mütəxəssis nəzərdən keçirir. Düzgün olmayan yazılar əsaslandırılaraq silinir.Vikipediyanın özünəməxsus qaydaları vardır. Məqalə yazanda mütləq mənbələr dəqiq göstərilməlidir. Bu da məsuliyyəti artırır. Ciddi araşdırmalar aparmağa kömək edir. Tələbə həm də mütəxəssis kimi yetişməyi öyrənir, öz üzərində işləyir. Son zamanlarda bu təcrübə Amerikanın və Avropanın bir çox universitetlərində də həyata keçirilir.

 

 

İ.Ələkbərova isə qeyd edir ki, bizdə xaricdəki kimi tələbə-müəllim arasında isti münasibət yoxdur. Onlar tələbə ilə dostluq, həmrəylik münasibəti saxlayırlar. Bir-biriləri ilə elmi müzakirələr aparırlar, yenilikləri bölüşürlər, saytları təqdim edirlər, bunu da vikipediyada əyani olaraq müşahidə etmək olar.

 

Universitet müəllimləri arasında apardığımız sorğudan bəlli oldu ki, çoxunun heç vikipediyadan ümumiyyətlə xəbəri yoxdur, bəziləri isə ondan istifadə etməyi və məqalə yerləşdirməyi bacarmadıqlarını dedilər. Bir qismini isə vikipediya maraqlandırmır, bunu saytda özünü və yaradıcılığını reklam edənlərin olması ilə əlaqələndirirlər.

 

İ.Ələkbərova deyir ki, vikipediyada məqalə yerləşdirməyin öz qayda-qanunu var. 1-ci növbədə mövzunu yaxşı bilməlisən, mənbələrlə düzgün işləməyi bacarmalısan, plagiatlıq olmamalıdır, mənbədən yararlanmaqla fikirini öz sözlərinlə ifadə etməlisən. Müəyyən texniki biliyi olanlar üçün vikipediyaya məqalə qoymaq çox asandır. Həm də müəyyən vərdişlər tələb edir. Eyni zamanda öyrənirsən və təcrübə qazanırsan. Bir kitabi  və ya qəzeti yüzlərlə adam oxuyursa, vikipediyada 10 minlərlə mütəxəssis oxuyur, müzakirə edir.

 

O.Gündüz  ziyalıların, müəllimlərin internetlə işləmək bacarığını formalaşdırmaq üçün seminarlar keçirilməsinin tərəfdarıdır. “Əgər  proqramlaşdırılmış şəkildə bu sahədə müəyyən işlər aparılarsa, internetlə işləməyi bacaranların sayı da artar”.

 

Unutmamalıyıq ki, indi informasiya müharibəsi gedən əsrdə yaşayırıq. İnformasiya siyasəti nə qədər düz aparılarsa bir o qədər udmaq şansımız çox olar.

 


xeberler.az/Vüsalə
Oxunub: 1271 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Osman Gündüz

Nə üçün İnternet qiymətləri bahadır və nə üçün İnternet keyfiyyətsizdir ?

Nə üçün İnternet qiymətləri bahadır və nə üçün İnternet keyfiyyətsizdir ?
Azər Həsrət

Təhsil nazirinin bir əmri və MM-də telefon məsələsi

Təhsil nazirinin bir əmri və MM-də telefon məsələsi
A.Hüseynov

Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri

Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri
Eyvaz Qocayev

Satışa çıxarılmış Azərbaycan adları

Satışa çıxarılmış Azərbaycan adları
Bütün yazarlar