İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı: 1

İnformasiya Cəmiyyətində elektron vətəndaş problemləri

19.10.2008 [23:06]

Fontu böyüt:      

Məqalədə Azərbaycanda e-Citizen proqramının qəbul edilməsi və sosial qrupundan asılı olmayaraq hər bir vətəndaşın informasiya texnologiyaları üzrə bilik səviyyəsini müəyyənləşdirən ECDL Mobil Test Mərkəzinin yaradılmasının vacibliyindən bəhs olunur.

Məqalədə Azərbaycanda e-Citizen proqramının qəbul edilməsi və sosial qrupundan asılı olmayaraq hər bir vətəndaşın informasiya texnologiyaları üzrə bilik səviyyəsini müəyyənləşdirən ECDL Mobil Test Mərkəzinin yaradılmasının vacibliyindən bəhs olunur.

1.Giriş. İnformasiya cəmiyyəti(İC) –  məlumatla işləmək qabiliyyətinə malik yüksək texnologiyalar ilə, qərarların qəbulu üçün kompüter modelləri ilə, İnternet(intranet) tərəfindən avtomatik aktuallaşdırılan ekspert sistemləri və intellektual informasiya robotları ilə təchiz olunmuş və  bütün vətəndaşlara peşəkar fəaliyyətdə və məişətdə tələb olunan qərarların qəbul olunmasında bu texnologiyalardan istifadə etmək imkanı olan bir cəmiyyətdir. 
Məlumdur ki, informasiya cəmiyyətinə keçid hazırlığı insan faktorunun inkişafını, yəni İnformasiya və Kommunikasiya Texnologiyalarının imkanlarını təqdim edən təlim keçmiş insan resursları tələb edir. Son bir neçə ildə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr praktiki olaraq informasiya cəmiyyətinin (İC) inkişafı proqramlarını həyata keçirməyə başlamışdır. ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya və başqa ölkələr  bu sferada uğurlar qazanmışdır. Bütün bu proqramlar sosial iqtisadi istiqaməti dəqiq ifadə edir, informasiya və kommunikasiya texnologiyalarına əhalinin inamının möhkəmlənməsinə daha çox diqqət yetirir. Qəbul edilmiş dövlət proqramlarının əksəriyyəti texniki infrastrukturun yaradılmasına – veb-portalların işlənib hazırlanması, vətəndaşların qarşılıqlı əlaqə sistemi (vergi deklarasiyası, internet vasitəsi ilə forma və blankların doldurulması, dövlət orqanları ilə ünsiyyət) və sairə yönəlmişdir. Bütün dünyada vətəndaşların informasiya resurslarından istifadəsinin təmin olunmasına Dövlət maraq göstərməyə başlamışdır. Hökümətin qarşısında duran məsələlərdən biri informasiyanın vətəndaşlara çatdırılmasıdır. Demokratik cəmiyyətdə öz vətəndaşlarını ətrafada baş verənlərdən xəbərdar etmək hökümətin öhdəliyidir. Ölkə vətəndaşlarına məlumatların çatdırılması, müəyyən qərarların qəbul edilməsi və ictimai rəyin formalaşmasına kritik təsir edən çox vacib bir amildir. Bu səbəbdən vaxtlı-vaxtında çatdırılmış informasiya ölkədə demokratiyanı gücləndirir və insanlarda məsuliyyəti artırır. İnkişaf etmiş bir çox ölkələrdə həyata keçirilən Elektron hökumət proqramlarında “E-citizen” (elektron vətəndaş), G2C kimi beynəlxalq terminləri qəbul edilmişdir.   G2C – vətəndaşlarla əks-əlaqənin təşkili sistemidir. Bu termin ABŞ, Böyük Britaniya, Moldova, Belorus və Qazaxıstanın informasiyalaşdırma üzrə qəbul etdikləri proqramlarda işlədilir.


Hökümətlə vətəndaşlar arasında informasiya mübadiləsinin mobil və simsiz, eləcə də digər informasiya texnologiyaları vasitələri ilə aparılması modeli Government-to-Citizens (G2C) və ya Citizens-to-Government (C2G) adlanır. “e-Citizen” vətəndaşlara geniş spektrli inteqrə olunmuş dövlət informasiya  xidmətlərindən istifadə etmək imkanı yaradır. Elektron vətəndaş təkcə vətəndaşlara hökumətin elektron xidməti demək deyil, bu xidmətlərdən faydalanmaq üçün vətəndaş elektron vətəndaşa çevrilməlidir, yəni informasiya cəmiyyətinin formalaşması mühitində hər bir vətəndaşın kompüter savadlılığı artmalıdır.  Rəqəmli texnologiyalar, biotexnologiyalar, kommunikasiya şəbəkəsinin inkişafı, ticarətin genişlənməsi – bunların hamısı şəxsiyyətin inkişafı üçün böyük imkanlar təqdim edir.


Əhalinin geniş kütləsinin informasiya resurslarından istifadəsini təmin etmək üçün bir çox ölkələrin hökuməti və beynəlxalq təşkilatlar texniki infrastrukturu genişləndirir, dövlət xidmətlərini və idarələrini avtomatlaşdırır və elektron sənəd dövriyyəsini tətbiq edir, vətəndaşlarla qarşılıqlı əlaqə sistemi yaradır. Bu da vətəndaşların ona verilən imkanlardan istifadə edə bilməməyinə, informasiya və kommunikasiya texnologiyalarını (İKT) necə qəbul etməyi başa düşməməyinə gətirib çıxarır. Əgər  dövlət orqanlarının rəsmi saytlarına nəzər yetirsək görərik ki, dövlət orqanının uyğun strukturu   istifadəçidən yüksək səviyyədə bacarıq və xüsusi spesifik bilik tələb edir. Burada əsas problem vətəndaşların kompüter savadı və internetə çıxış imkanının olmamağıdır.  Artıq ölkəmizdə dünyada məşhur olan rəqəmli məlumatların İEEE802.11b radiokanalları vasitəsilə ötürülməsi formatlarından biri olan Wi-Fi  texnologiyası ilə internetə kollektiv qoşulma mümkündür. Təəssüf ki, əhalinin geniş kütləsi  bu xidmətdən də bəhrələnə bilmir.


3.Məsələnin qoyuluşu. Dövlət strukturları ilə qarşılıqlı əlaqəni asanlaşdırmaq, uzaq regionların sakinlərinə İnternet vasitəsi ilə təhsil almağa və bilik səviyyələrini yoxlamağa imkan yaratmaq, dövlət qulluqçularının kvalifikasiyasını yüksəltmək, vətəndaşlara informasiya cəmiyyətinin bütün müxtəlifliyi ilə tanış olmaq imkanı yaratmaq, kompüter mədəniyyətinin qəbul edilməsinə cəmiyyətin hazırlanması, hər bir vətəndaşa onlayn kommunikasiyasından istifadə imkanı vermək məqsədi ilə e-Citizen proqramının qəbul edilməsi və  sosial qrupundan asılı olmayaraq hər bir vətəndaşın informasiya texnologiyaları üzrə bilik səviyyəsini müəyyənləşdirən mobil test mərkəzinin yaradılması bu gün vacib məsələlərdən ən başlıcasıdır.
Hazırda bütün bunlar dünyanın qabaqcıl ölkələrində bir aktual problem olaraq diqqət mərkəzindədir. Əhalinin kompüter savadsızlığının aradan qaldırılması problemini necə həll etməli, kütləvi tədrisi və hər hansı təlim metodikasını təşkil etmək məqsədi ilə 2002-ci il tarixindən Avropa birliyi ECDL beynəlxalq fondu tərəfindən e-Citizen beynəlxalq sertifikasiya proqramı təsdiq edilmişdir. Kompüter və internetdən başlanğıc səviyyədə biliklərə malik olmayan insanlar üçün nəzərdə tutulan e-Citizen sertifikasiyası yaşından, təhsilindən, sosial qrupundan asılı olmayaraq bütün vətəndaşlar üçün, o cümlədən, işsizlər, fiziki məhdud imkanlı şəxslər, emiqrantlar, azadlıqdan məhrum edilmiş şəxslər, təqaüdçülər üçün təyin olunmuşdur. Sertifikasiya proqramının əsas məqsədi  vətəndaşlara informasiya cəmiyyətinin bütün müxtəlifliyi ilə tanış olmaq imkanı yaratmaqdır.
3. Həll yolları. Artıq Elektron vətəndaş pilot layihə kimi Böyük Britaniyada, Finlandiya, Norveç, Xorvatiya, Almaniya, Fransa, İsveçrə, İtaliya, Avstraliya, Rumıniya, Yunanıstan, Macarıstan, Rusiyada müvəffəqiyyətlə yerinə yetirilir.
 Rusiyanın Yuqra - Xantı-Mansiyski avtonom dairəsində 2007-ci il tarixində ECDL fondunun Rusiya nümayəndəliyi tərəfindən –“İnformasiya texnologiyalarının tətbiqinin təşkilati-hüququ aspektləri”  mövzusunda üçüncü elmi-praktiki konfrans keçirildi. Konfrans çərçivəsində e-Citizen – elektron vətəndaş beynəlxalq layihəsinin rəsmi açılışı oldu. Konfransda sosial sferada informasiya texnologiyalarının yayılması məsələsi ilə məşğul olan, təşkilat işçilərinin, regionların informasiyalaşdırma proqramının rəhbərlərinin, regional idarəetmə orqanlarının, İnformasiya cəmiyyətinin qurulmasının ayrılmaz hissəsi olan vətəndaşların İKT bacarığı problemi müzakirə edildi.

2006-cı il tarixində Moskvada MDB ölkələri üzrə  ECDL nümayəndəliyi - ZAO “Evropeiskie komputernie prava” Rusiya Milli operatorunun təşəbbüsü ilə e-Citizen –elektron vətəndaş mövzusunda konfrans keçirilmişdir. Yuqra - Xantı-Mansiyski avtonom dairəsində ECDL beynəlxalq fondunun daha bir e-Citizen, elektron vətəndaş birinci pilot layihəsi tətbiq edilməyə başlandı. Bu layihə informasiya texnologiyalarının köməyi ilə dövlət və vətəndaşlar arasında azad informasiya mübadiləsini təmin etmək və onların dialoqunu asanlaşdırmağa istiqamətlənmişdir. Layihənin məqsədi - geniş əhali kütləsinin İKT-nin əsasları üzrə tədrisini təşkil etmək, yəni kompüterlə heç vaxt işləməyənləri öyrətmək idi. Burada tədris vahid Avropa metodu üzrə aparılır və sonda beynəlxalq sertifikat - elektron vətəndaş pasportu verilir.
Avtonom dairədə bu tədris e-Citizen  informasiya texnologiyaları üzrə Məsləhət Tədris Mərkəzində həyata keçirilir. Mərkəz 2005-ci ilin oktyabrında avtonom dairənin Qubernator İdarəsinin informasiya texnologiyaları üzrə komitəsinin təşəbbüsü ilə Yuqra Dövlət Universitetinin bazasında dövlət orqanlarında xidmət edənlərin İT üzrə vaxtaşırı hazırlığı və yenidən hazırlığı məqsədi ilə  yaradılıb. Hazırda avtonom dairənin 100% dövlət qulluqçuları kompüter və internetlə təmin edilmişdir. Mərkəzdə fəaliyyət göstərən kompüter savadlılığının artırılması kurslarına İKT-nin müxtəlif istiqamətləri üzrə kvalifikasiyasını artırmaq istəyən bütün arzu edənlər dəvət olunur. Yuqrada informasiyalaşdırma sahəsində gedən hüquqi əsasların formalaşması prosesi, cəmiyyət və dövlətin marağını nəzərə alan effektiv normativ bazanın yaradılmasını həyata keçirir. Kompüter savadlılığının artırılması təkcə avtonom dairənin paytaxt vətəndaşları və dövlət işçiləri  üçün deyil, uzaq kəndlərin sakinləri üçün də aktiv həyata keçiriləcəyi planlaşdırılır.
Moldova Respublikasında 2005 –ci il tarixində İnformasiyanın İnkişafı Nazirliyinin “REGİSTRU” müstəqil struktur bölməsində elektron tədris texnologiyaları şöbəsi yaradılmışdır. Elektron tədris texnologiyaları(ETT) şöbəsinin əsas məqsədi:
dövlət qulluqçularının e-Məmur və ölkə əhalisinin e-Vətəndaş  beynəlxalq standartı məsələsi üzrə Avropa şurasının və SNQ ölkələrinin təcrübəsini öyrənmək və tətbiq etməkdir.

 ETT

e-Məmur  e-Vətəndaş
Qazaxıstanda 2005-2007-ci illər üçün “Elektron hökumət” dövlət proqramı vahid veb-portalının yaradılmasının I mərhələsi artıq başa çatdırılmışdır.
Avropada liderlik edən İngiltərədə 2000-ci ildən başlayaraq “Elektron vətəndaş, elektron hökumət, elektron biznes, informasiya əsrində cəmiyyətə xidmət etmək üçün strateji struktur” proqramı həyata keçirilir. Proqram bütün dövlət xidmətlərinin bütün elektron  növləri - rəqəmsal televiziya, mobil rabitənin inkişafını və istifadəsini həyata keçirir.
İrlandiyada QASİS (vətəndaşla hökumətin qarşılıqlı əlaqəsi) və BASİS (dövlət informasiyasından təşkilatların istifadəsi sistemləri) 2000-ci ildən başlayaraq  gecə-gündüz vətəndaşları elektron xidmət çoxluğu ilə təmin edir. İrlandiya milli hökumətinin  bu gün əhaliyə təqdim etdiyi 120 xidmətdən 107-sini onlayn rejimində almaq olar.
Avropa Birliyində əlillərin də internetdən istifadəsini təmin etmək mövzusu  müntəzəm müzakirə edilir. Dünyada 2% dövlət saytı bu cür insanların müraciətini bir neçə formada təmin edir.
O cümlədən, ABŞ(37%), İrlandiya 24%, Avstraliya 24%, İtaliya 20%, Madaqaskar 17%, Cənubi Koreya 8% təşkil edir:

 
Şək.1

Avropa komissiyası yaşlı və əlil vətəndaşların da kompüter və internetdən istifadəsini təmin edən veb-dizaynerlərə ehtiyacı möhkəmləndirən “Communication” adlı sənəd qəbul etmişdir. Azərbaycanda  Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi “Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi” Proqramı çərçivəsində mərkəz yaradılmışdır. Mərkəzdə kor və zəif görən insanların tədrisi prosesində Almaniyadan gətirilmiş SuperVario, Poet-Compact kimi avadanlıqlardan, görənlər əlifbasını görməyənlər əlifbasına çevirən WinBraille3.14, Galileo(windows əməliyyat sistemində ekranı böyüdən) proqram təminatlarından, bundan başqa internetlə işləmək üçün WebFormator kimi xüsusi proqram təminatından istifadə edilir.
Dünya təcrübəsi göstərir ki, dövlətlə onun vətəndaşı arasında qarşılıqlı əlaqəninin interaktivliyini yüksəltmək üçün istifadəçidən xüsusi bilik tələb etməyən problem-yönümlü informasiya resurslarına keçmək lazımdır. Buna nümunə olaraq “ömür boyu səyahət” prinsipi üzrə qurulan e-Citizen Sinqapur portalını göstərmək olar.
Artıq Azərbaycanda da informasiya cəmiyyətinin formalaşması istiqamətində bir sıra islahatlar həyata keçirilir. İnformasiya cəmiyyətinin qurulmasına və ümumilikdə dövlətimizin inkişafına xidmət edən “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”) , “Elektron imza və elektron sənəd haqqında”, “Elektron ticarət haqqında”, “Telekommunikasiya haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunlar qəbul edilmişdir.
Beynəlxalq iqtisadı forum mütəxəssisləri tərəfindən aparılan “The Global Information Technology Report 2006-2007“ adlı tədqiqatların nəticəsi göstərir ki, 2007-ci ilin əvvəlində İKT sektorunun inkişaf vəziyyəti üzrə Danimarka, İsveçrə və Sinqapur ön sıralarda gedir. Dünyanın 122 ölkəsinin İKT-nin inkişaf səviyyəsi üzrə reytinq cədvəlində Azərbaycanın Rusiyadan sonra 71-ci yerdə olduğu göstərilir.
Azərbaycan Respublikasının 2007-ci il üçün  informasiya cəmiyyətinə hazırlıq indeksinə nəzər yetirək: ABŞ-da hər bir nəfərə 1 kompüter düşdüyü halda, Rusiyada 3 nəfərə 1 kompüter, Azərbaycanda isə 29 nəfərə 1 kompüter düşür. İnternet istifadəçilərinin sayına görə ABŞ-160 milyon, Rusiya -16 milyon, Azərbaycan - 400 min göstəriciyə malikdir. Hazırda respublikamızda informasiya cəmiyyətinə hazırlıq mərhələsində bu göstəricilərin artırılması aktual məsələ kimi diqqət  mərkəzindədir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “İT-nin inkişafı naminə insan resursları” fondu “Xalq kompüteri” layihəsi həyata keçirəcək.
Artıq müasir həyatın nəbzini tutmaq, işsizliyi aradan qaldırmaq və əhalinin məşğulluğunu tənzim etmək üçün yeni informasiya texnologiyalarına yiyələnmək həyatımızın əsas vəzifələrindən birinə çevrilmişdir. İnformasiya texnologiyalarına yiyələnmək yaşından, ixtisasından asılı olmayaraq hamıya aiddir. Bu səbəbdən ölkəmizdə vahid tədris planı əsasında təsis olunan və keyfiyyətinə zəmanət verən kursların və test mərkəzinin olması vacibdir. Azərbaycanda  e-citizen sertifikasiya proqramının həyata keçirilməsinə, mobil test mərkəzlərinin yaradılmasına ehtiyac var. Bu proqramın həyata keçirilməsi beynəlxalq informasiya cəmiyyətinə daxil olmağa, informasiya texnologiyalarının həyatımızın ayrılmaz hissəsinə çevrilməsinə, elektron geriliyin aradan qaldırılmasına kömək edəcəkdir.


Xarici təcrübələrə əsaslanaraq demək olar ki, bu gün Azərbaycanda e-citizen elektron vətəndaş dövlət proqramı qəbul edilməsi və e-citizen portalı yaradılması dövlət orqanları ilə vətəndaşlar arasında qarşılıqlı əlaqəni təmin edə bilər və elektron hökumət layihəsinin daha da sürətlə yerinə yetirilməsinə nail olmaq olar. Burada əhalinin bütün təbəqələri - əlillər, işsizlər, emiqrantlar, məcburi köçkünlər, təqaüdçülər, yaşlılar, məktəblilər, dövlət orqan işçiləri İKT-nin imkanlarından bəhrələnəcəklər.
 Hazırda Avropada və dünyanın  aparıcı ölkələrində dövlət qulluqçularını işə qəbul edərkən, onların informasiya texnologiyalarından istifadə edə bilməsi səviyyəsi  ECDL (Avropa səviyyəli kompüter istifadəçisi) sertifikatı ilə müəyyən edilir. ECDL  sertifikatı istifadəçinin informasiya texnologiyaları üzrə bilik və bacarığını təsdiqləyən  standart  sənəd kimi qəbul edilmişdir və dünyanın 148 ölkəsində tətbiq olunmaqdadır.


4. Nəticə. Azərbaycanda qurulacaq elektron hökumətin normal işləməsi üçün vətəndaşların İKT sahəsində bilik səviyyələri kifayət qədər olmalıdır. Elektron hökumətdə maariflənmə xüsusi əhəmiyyət kəsb edir, yəni yeni texnologiyalardan istifadə edilmə, idarəetmə sahəsində insanların peşəkar hazırlığı vacib şərtdir. Müasir informasiya texnologiyalarının tətbiqi sayəsində vətəndaşların intellektinin daha da zənginləşməsinə imkan yaranacaq. Hər bir vətəndaşa qlobal informasiya resurslarına çıxış, elektron poçtdan istifadə imkanı veriləcəkdir. Vətəndaşa onlayn rejimində   hər hansı dövlət müəssisəsi və yaxud məmurla birbaşa əlaqə saxlamağa , öz vaxtına qənaət etməyə kömək edəcəkdir.
Bu gün Ölkəmizdə e-Citizen beynəlxalq proqramının həyata keçirilməsinə və ECDL mobil test mərkəzinin yaradılmasına böyük ehtiyac olması problemi aradan qaldırılsa, İKT-dən istifadəyə cəmiyyətin hazırlanması, istifadəçiyə on-line xidmətlərindən istifadə etməyə, internetdə axtarış həyata keçirməyə və biznes marağı, dövlət strukturları, tədris, səyahət, səhiyyə və sağlamlıq haqqında lazımi informasiyanı tapmağa imkan yaradacaq, psixoloji gərginliklə üzləşmiş insanların özünə və həyata inamı artacaq, sağlam düşüncəli lazımlı vətəndaş kimi informasiya cəmiyyətinin formalaşdırılması istiqamətində görülən işlərin iştirakçısına çevriləcəkdir. Beləliklə biliklərə əsaslanan cəmiyyətə və ya  informasiya cəmiyyətinə maksimum sayda vətəndaş cəlb ediləcək.
Respublikada ECDL sertifikatlaşdırma proqramının həyata keçirilməsi  beynəlxalq informasiya cəmiyyətinə daxil olmağa, informasiya texnologiyalarının gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilməsinə, elektron geriliyin aradan qaldırılmasına   kömək edəcəkdir.
IKT sahəsində təhsilin keyfiyyətini yüksəltmək, dünya standartlarına uyğunlaşdırmaq üçün ECDL sertifikatlaşdırma proqramından istifadə etmək bu günün ən vacib  tələblərindən biridir. Bu proqramın həyata keçirilməsi nəticəsində  ilk növbədə nazirliklər və digər müəssisələr aşağıdakı imkanları əldə edəcəkdir.
• Dünya informasiya cəmiyyətinin aktiv üzvü olmaq.
• Biliyə real metodla qiymət vermək.
• İnternet vasitəsi ilə biliyin yeni effektiv yoxlama metodundan yararlanmaq.
• Mobillik və azad seçim
Bildiyimiz kimi Boloniya prosesi çərçivəsində müəllim və tələbələrin mobillik səviyyəsinin artırılmasının istiqamətləndirmə sistemi və onların kvalifikasiyasının beynəlxalq səviyyədə tanınması sisteminin yaradılması  həll edilmişdir. E-boloniya (1999-2010) strategiyanın əsas məqsədi elektron tədrisin sinergetik şəbəkəsinə inteqrə olunan milli və regional universitetlər, rəqəmsal şəbəkə yaratmaqdır. Azərbaycan da bu sistemə qoşulmaq imkanı əldə edəcəkdir.


Ədəbiyyat
1. Вестник международных организаций: образование, наука, новая экономика, №7, 2006.
2. S.İsgəndərova, O.Mazanova İnformasiya cəmiyyətinin indikatorlar sistemi. Respublika Elmi Konfransı “ Riyaziyyatın tərbiqi məsələləri və yeni informasiya texnologiyaları” Bakı 26-27 noyabr 2007,  s. 218-220
3. O.İ.Mazanova Elektron vətəndaş problemləri və həlli yolları. İİ Beynəlxalq konfrans “Elm və Təhsildə İnformasiya-Kommunikasiya Texnologiyalarının tətbiqi” Bakı 01-03 noyabr 2007, s. 731-734
4. www.admhmao.ru/inforum/Seminar/29_03_07/reshenie.htm-31k
5. Обзоры-журнал”CİO”
6. http://www.ecdl.ru
7. http://www.baum.de
8. http://www.pic.gov.kg/docs/ecit/Conception_ecit.doc
9. www.acadex.kiev.ua
10. http://www.oecdcentre.hse.ru/material/opublic/systems_indicators.pdf
11. www.accenture.com/xdoc/en/industries/government/eGov_April2002_3.pdf.


Oxunub: 1 dəfə
    DİGƏR

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar