İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı: 3

Elektron Hökumət: çətinmi, ASAN-mı?

10.11.2014 [13:27]

Fontu böyüt:      

Sahibkarın hər rüb qarşılaşdığı bir məsələ var: vergi orqanına və Sosial Müdafiə Fonduna hesabat yollamaq.

2013-ci ildə Vergilər Nazirliyinin yaydığı məlumata görə ölkədə 450 min fərdi sahibkar var. Ötən il ərzində yəqin  bu rəqəm daha da artıb. Bu qədər insanın sahibkarlıq fəaliyyəti ilə məşğul olması bəyəniləndir. Hər bir fərd arzuladığı işi qura bilər, istədiyi sahədə uğur da qazanar. Necə işləməsindən, qazanc və ya itki ilə qarşılaşmasından asılı olmayaraq sahibkarın hər rüb qarşılaşdığı bir məsələ var: vergi orqanına və Sosial Müdafiə Fonduna hesabat yollamaq.

E-gov.az portalında 446 xidmət təklif olunur

Elektron hökumətin tətbiqi ilə bu prosesləri xeyli asanlaşıb. Təcrübəli mühasiblərin çoxu əvvəl hesabat vermək üçün çəkdikləri əziyyəti yaxşı xatırlayırlar. Arası kəsilməyən növbə, pul ödəmək üçün kassa ağzında itirilən zaman, kiçik bir səhvə görə yaranan söz-söhbət, kiməsə rüşvət vermək məcburiyyəti artıq keçmişdə qalıb.

E-gov.az portalında vergi orqanında onlayn qeydiyyatdan keçmək, fəaliyyəti onlayn dayandırmaq, sonra yenidən bərpa etmək, vergi hesabatını onlayn ödəmək və yollamaq mümkündür.  Sosial Müdafiə Fonduna aid bölmədə isə sığortaedilənin onlayn uçota alınması, sığortaolunanlana məlumatın verilməsi, sığorta vəsaitlərinin onlayn ödənilməsi kimi xidmətlərdən yararlanmaq olar. Vergi Nazirliyi 52, Dövlət Sosial Müdafiə Fondu isə 12 xidmət təklif edir. Bu 64 xidmətdən yararlanmaq üçün cəmi bir dəfə E-hökumət portalında qeydiyyatdan keçmək lazımdır. Özü də portal təkcə sahibkara xidmət etmir. İstənilən vətəndaş xidmətlərdən yararlana bilər. Portalda təsdiq olunmuş xidmətin sayı 446-dır. Onlardan portala 296-sı inteqrasiya olunub, dövlət saytları 475 xidmət təklif edir, portalda olan xidmətin sayı isə 382-dir. Yəni bu gün vətəndaş real olaraq 382 xidmətdən istifadə edə bilər. Portalın Facebook səhifəsini 145 mindən çox insan bəyənib. 

Bir portalda bu qədər imkanın vətəndaşa təqdim edilməsi əladır. Vətəndaş bu imkandan yararlana bilirmi, sistemdən baş çıxardırmı? Sual əslində portalın yaradılması qədər vacibdir. Məsələn, ölkədə hər gün onlarla kitab nəşr edilir, amma əhalidə kitab oxumağa həvəs azdır, insanlar biliyi televizor, internet, sosial şəbəkə, mobil telefondan əldə etməyə üstünlük verir. Üstəlik, ümumi savadı, biliyi az olan insana da rast gəlinir, 3-4 sinif məktəb oxuyub, sonra daşını atıb. Onun üçün hər hansı kitab əhəmiyyətsizdir.

Fərli internet yoxdursa

Eləcə də E-hökumət layihəsi. Onun uğuru bir sıra amilə bağlıdır. İlk növbədə internetə, onun sürətinə. Azərbaycanda “Evlərə optik” layihəsi üçün 100 milyon manat nəzərdə tutulsa da, hələlik nəinki rayonlarda, hətta Bakının özündə fiber optik kabellə evlərə yüksək sürətli, arası kəsilməyən internetini verilməsi xeyli gecikir. Sürətli internet də olmadan hər hansı xidmətdən yararlanmaq müşkülə çevrilir. Əvvəl vergi idarəsində növbə gözləyirdin, indi də kompüterin qarşısında gözünü bir nöqtəyə dikməlisən. Hesabat yollayan an internet qırılır, məlumat itir. Onlayn ödəmə edirsən, pul keçdi, ya keçmədi bilinmir. E-hökumət sürətli internetlə vəhdət təşkil edir. Fərli internet yoxdursa, E-hökumət layihəsi elə xəyal olaraq kağızda qalacaq, virtual məkanda isə işləməyəcək.

E-hökumətin inkişafı bəzi psixoloji amilə bağlıdır

E-hökumətin inkişafı bəzi psixoloji amilə də bağlıdır. Kiminçün bu su içmək kimi bir şeydir; gəncdir, telefon, kompüterlə yatıb durur. Bir dəfə gördü kifayət edir, ya da özü portalda baş çıxaracaq. Belə insan problem yaransa belə, bir yol tapacaq. Amma çoxu üçün bu çətindir. Niyə?

Qəribə görünsə də, zamanın sürəti son 50 ildə dəfələrlə artıb. İnformasiya-kommunikasiya sahəsində baş verən sıçrayış bəşəriyyətin bütün inkişaf tarixini geridə qoyub. Bu qədər texnologiya, internet kimi bir platforma, bir an ərzində dünyanın o başına zəng vurmaq, və ya görüntü vasitəsi ilə əlaqə yaratmaq öz-özlüyündə möcüzədir. İnsan 5 əsr il öncə belə imkanları yalnız nağılda təsəvvür edə bilərdi. Bu bir tərəfdən yaxşıdır, digər tərəfdən isə insan beyninə bir yükdür. Prosesləri anlamaq kiməsə asan görünsə də, bir çoxu üçün keçilməz həddir. Hətta insan var elektrikin belə nə olduğunu, necə işlədiyin bilmir, bunu boynuna da alır. Yəni texnologiyanın inkişafı ilə insanın onu dərk etməsi, yararlanması arasında uçurum gün-gündən dərinləşir.

E-hökumətdən yararlanan insanları 4 hissəyə bölmək olar: orta məktəb şagirdləri, 17-30 yaş arası, 30-50 yaş arası və 50-dən yuxarı. Orta məktəb şagirdi texnologiya dövrünün yetirməsidir deyə portaldan asanlıqla baş çıxardır. Adətən bu valideynin istəyi ilə olur, özünə o qədər də gərəkli deyil. 17-30 yaş arası insanlara da bu asan görünür. Artıq 30-50 yaş arası insanların çətinliyi isə artır, çünki onların bir çoxu kompüteri sonralar mənimsəyib, məktəbdə təmasda ola bilməyib. 50-dən yuxarı yaşı olanlara isə lap çətindir, onların gözü önündə baş verən dəyişikliklər, heç 10 əsr belə olmamışdı. Nəyisə dəyişmək, anlamaq bu yaş təbəqəsinə asan başa gəlmir.

Fərdi sahibkarların da böyük əksəriyyəti yəqin 20-60 yaş arası insanlardır. Onların da çətinliyi hesabatla bağlıdır, bir çox sahədə xidmət göstərənlər ayrıca mühasib saxlamaq gücündə deyillər, özləri elektron hesabat yollamalıdırlar. Kimsə bu işi bacarır, kimsə də yox.

Haşiyə: Neçə il öncə bir layihəyə qoşulduğumdan vergi orqanında və pensiya fondunda qeydiyyatdan keçməli oldum. Vergiyə bir-iki dəfə kağız variantda hesabat da apardım, balaca bir yerdi, hesabat kağızını qəbul edirdilər, insan əlindən də tərpənmək olmurdu. Amma vəziyyət tezliklə dəyişdi, daha kağız zad işləmədi. Vergi hesabatı yollamağı ondan bundan birtəhər öyrəndim. Vaxtilə mühasibat kursunu bitirmişdim, riyaziyyatı da sevirdim deyə, biliklər karıma gəldi. Mən bacardım, amma həmkarlarım, tanış-bilişim bacarmadı. Hər hesabat dövrü kimsə yaxınlaşırdı, soruşdu, kimsə dedi bu sonuncu dəfədir, xahiş edirəm yardım et, hesabatı yollayaq. Yolladıq da. İllər ötdü, hesabat yollaya bilməyən insanlar elə bu gün də bunu edə bilmirlər.

Politoloq: Forma özü sadə yox, mürəkkəbdir

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu 2005-ci ildən fərdi sahibkar olduğunu deyir: “Əslində VÖEN almağı düşünmürdüm. Sadəcə, düzəldiyim yeni iş yerindən qonorarın mənə VÖEN-lə verilməsi məsləhət bilindi, mən də razılaşdım. Doğrusu, sonrakı çalışmalarımda bu işimə yaradı, çünki artıq müstəqil fəaliyyət göstərirəm. Hazırda müqavilə əsasında işlədikdə, mənimlə xidmət müqaviləsi bağlanır. Demək, fərdi sahibkar olmasaydım, fəaliyyət göstərmək çətin olardı. Hesabat yollamaqda isə çətinlik çəkirəm. Bu iş xeyli vaxtımı alır deyə, hesabatın göndərilməsi üçün kənar şəxslərə müraciət edirəm. Deməli həmin şəxslər mənim məxfi məlumatlarım haqda bilgi sahibinə çevrilirlər”.

Politoloq indiki hesabatların elektron yolla verilməsini bəyəndiyini deyir: “Əlbəttə elektron formada vergi və sosialı ödəmək sanki işimizi bir qədər asanlaşdırıb. Çünki əvvəl bu idarələrə gedib hesabatı yerində təqdim etmək lazım gəlirdi. Ancaq elektron formanın doldurulmasında müəyyən çətinlik hələ də qalır, çünki forma özü sadə yox, mürəkkəbdir”.

E-gov.az portalından vergi hesabatı yollamaq, vergini onlayn ödəmək mümkündür. Portalda bunun üçün lazımı səhifəyə keçid verilir. Verginin elektron yolla göndirilməsi sistemi artıq xeyli vaxtdır işləyir deyə, yaranan problemə vaxtında reaksiya olur. Hətta fərdi sahibkarın hesabat yollaması üçün xüsusi sadələşdirilmiş onlayn imkan yaradılıb, oradan hesabatı yollamaq olar. Bircə normal internet ola gərək. Olmayanda bəzən hesabat düşür qaralama qovluğuna, sonra insan ha çalışır, hesabatı yollasın, alınmır ki, alınmır.

Hesabat yollamaq üçün İnternet Vergi İdarəsinin e-taxes.gov.az internet səhifəsindəki təlimatdan və E-gov.az portalının E-xidmətlər bölməsinin Vergilər Nazirliyi hissəsindəki məlumatlardan yararlanmaq olar. Çətinlik bəs nədədir? E-hökumət portalında Nazirlik 52 xidmət təklif edir, amma nə bir dənə video, nə də çap variantda istifadə təlimatı var. Yəni yeri var, özü yoxdur. Bir çox xidmətdə yalnız reqlament hissəsi doldurulub.

İnternet Vergi İdarəsinin təlimatlarının dili çətin bir üslubda yazılıb. Məsələn, “Sadələşdirilmiş verginin bəyannaməsinin Onlayn rejimdə hazırlanması və göndərilməsi” təlimatında ilk cümləni nümunə kimi götürmək olar: “Sadələşdirilmiş verginin bəyannaməsinin(SVB) BTP proqramından istifadə etmədən alternativ üsulla onlayn rejimdə tərtib edilməsi və göndərilməsi imkanı, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin spektrinin genişləndirilməsi və bəyannamələrin göndərilməsi prosesinin asanlaşdırılması məqsədilə yaradılmışdır”. Hər hansı şərhə ehtiyac yoxdur. Rəsmi məlumatlarda artıq söz, ifadələrə yer verilir. Heç olmasa, burada bundan yayınmaq, qısa, yığcam, anlaşıqlı təlimat yaratmaq lazımdır.

Vergi və sosial  sığorta hesabatını göndərmək asan deyil

Jurnalist Səidə Hüseynova da hesabat yollamaqla bağlı fikir bildirib: “Əvvəl mühasiblik fəaliyyətim olduğu üçün Vergi orqanına və Dövlət Sosial Müdafiə Fonduna hesabat göndərmək təcrübəm var. Həmişə həmkarlara və dostlarıma yardımçı olmağa çalışmışam. VÖEN-lə yeni işləyənlərə, həm də nə vaxtsa mühasibatla məşğul olmayanlara vergi və sosial  sığorta hesabatını göndərmək asan deyil. 

Mühasiblik ayrı bir peşədir, bu sahəni bilənlərin çoxu hansısa təşkilatda mühasib və ya iqtisadçı işləyir. Amma humanitar sahədə çalışan yaradıcı adamlar rəqəmlərdən bir az uzaq qaçır, daha çox hərflərlə işləməyə üstünlük verirlər. Ona görə elektron hesabatı da müstəqil yollamaqdan çəkinir, səhv düyməni basacaqlarını və özlərini işə salacaqlarını düşünürlər. Kimsə hesabatın göndərilmə qaydasına bir neçə dəfə baxdıqdan sonra öyrənir və özü bu işin öhdəsindən gəlir. Bəzilərinə isə nə qədər başa salsan da, sərbəst hesabat göndərə bilmir, “bu mənlik deyil” deyir. Əgər fiziki şəxs özü elektron hesabat göndərə bilmirsə, deməli bunu onun üçün ya bu işdə səriştəsi olan tanış-bilişi etməli, ya da özünə pulla mühasib tutmalıdır ki, ona rüblük hesabat göndərsin. Bu da xidmət müqaviləsi ilə işləyən fiziki şəxs üçün əlavə xərc deməkdir”.

Səidə Hüseynova əvvəlki dövrə nisbətən prosesin xeyli asanlaşdığını bildirir: “İndi vergi və sosial sığorta hesabatlarının göndərilməsi 20-30 dəqiqə çəkir. Amma bilən üçün, bilməyənə bu çətin gəlir. Vergi hesabatını göndərmək sosial sığorta hesabatını göndərməkdən daha asandır. Sadələşdirilmiş vergi hesabatını onlayn sistemdə, yəni heç bir proqramdan istifadə etmədən göndərmək olur. Amma elə vergi hesabatları var ki, onları məhz proqramda yazıb sonra onlayn göndərmək lazımdır. Bu da fiziki və hüquqi şəxslər üçün çətinlik yaradır. Çünki bu proqramın ildə iki-üç dəfə yeni versiyası çıxır, onu hər dəfə kompüterə yükləmək lazım gəlir”.

Elektron sistem üçün də iş və ya qeyri-iş günü?

Sosial Müdafiə Fondunda qurulan sistem xeyli sual doğurur, düzəlmək də bilmir. Əgər istifadəçi hesabatı təsadüfən şənbə-bazar günü yollasa sistem onu qəbul etmir, yəni hesabat gedir, amma bir ifadə peyda olur “Məlumat ilkin yoxlama üçün qəbul edilməyib”. Səbəbini araşdırdıqda isə “Hesabatın qəbul edildiyi gün iş günü olmalıdır” cümləsi ilə rastlaşırıq. Hesabat üçün verilən 20 gün ərzində 6 qeyri-iş günü olur. Deməli, faktiki hesabat qəbulu üçün cəmi 14 gün verilir. Elektron sistem üçün də iş və ya qeyri-iş günü olmalıdır?

Sosial Müdafiə Fondunun rüblük hesabatı üçün B1, illik hesabat üçün isə B3 proqramından istifadə edilir. Bilməyən adam üçün bu ali riyaziyyatdır, çətin, anlaşıqlı olmayan rəqəmlərdir, bunu öyrənmək üçün gərək bir 100 hesabat yollayasan. Fiziki şəxs adətən bir dəfə hesabatın formasını doldurur, sonra isə həmin faylı hər rüb proqramla açıb üstündə dəyişiklik edir. Amma bir çətinlik var, bununla yəqin hamı qarşılaşıb. Proqramın daxilinə girib Windows XP (3) seçilməli və nişanlanmalıdır. Kimsə Windows 7, Windows 8 sistemindən yararlanır deyə, onu nişanlasa, proqram lazım olan sənədi açmayacaq, çünki qeyri-mükəmməldir.

E-hökumət portalından isə Sosial Müdafiə Fondunun hesabat bölməsinə keçid yoxdur. Yəni bütün hesabat və onlayn ödənişlərini bir pəncərədən həll etmək istəyən sahibkar bunu edə bilməyəcək.

Kiməsə çətin görünəcək, kiməsə ASAN...

Sosial sığorta  hesabatının problemli olduğunu Səidə Hüseynova da təsdiqləyir: “Sosial Müdafiə Fonduna göndərilən hesabat isə hətta mənim kimi mühasibatlıqdan başı çıxana də çətinlik yaradır. Hesabatı xüsusi proqramda yazmaq lazım gəlir. Proqram təkmil deyil, kiçik bir yanlışlıq hesabatın qəbul olunmamasına gətirib çıxarır. Hesabat blankındakı qrafalar qarışıqdır, diqqət tələb edir. Vergi sistemindən fərqli olaraq,  sosial sığortanın onlayn sistemində hesabat sahibinin şəxsi hesab vərəqəsi yoxdur. Yaxşı olardı, sosial sığorta hesabatının da sadələşdirilmiş blankı və onlayn versiyası olsun”.

Elxan Şahinoğlu isə sistemi sadələşdirməyi təklif edir: “Gərək xüsusi səhifənin  axtarışına və doldurulmasına ehtiyac qalmasın. Mənim işçim yoxdur. Təkbaşına fəaliyyət göstərən kiçik sahibkarla işçisi olan kiçik sahibkar arasında fərq qoyulmalıdır:  fərdi sahibkarın elektron forması daha sadə olmalıdır. Təklifim də var: rüblük və illik sosial hesabatı Sosial Müdafiə Fonduna deyil, fəaliyyəti bəyənilən ASAN xidmətinə təqdim edilsin. Rüblük vergisi 50 manatı aşmayan sahibkar üçün isə  rüblük və ya illik hesabatların hazırlanması və təqdim olunması ortadan qaldırılsın. Məncə, kiçik sahibkarlar üçün maarifləndirici işlərin aparılmasına ehtiyac duyulur. Sənədin doldurulması, rüblük və illik hesabatların təqdim olunmasını izah edən kitabçaların nəşrinə ehtiyac var”.

Asan.gov.az saytının Xidmətlər bölməsinə daxil olsaq, hesabat yollamaqla bağlı heç bir xidmətin olmadığını görərik. Təhlükəsizlik baxımından yəqin belə də olmalıdır, çünki sahibkar bu xidmət üçün bura müraciət edərsə, deməli şəxsi məlumatlarını da bildirməli olacaq. Digər tərəfdən hesabatı yollamaqda çətinlik çəkənlər istənilən halda kiməsə müraciət etməlidir. Bəlkə də təhlükəsiz bir sistem qurub bu xidməti də təklif etmək haqda düşünməyinə dəyər. Çox sahibkarın işi ASAN-laşardı.

İnsanları marifləndirmək işində E-hökumət qurucuları daha fəal mövqedə olmalıdırlar. Virtual məkandan istifadə ilk növbədə təhlükəsizlik məsələsini ortaya qoyur. Ölkədə kimi dindirsən, deyir cəmi bir parolum var, onu da yararlandığım e-mail, sosial şəbəkə, kompüterə, hətta şəxsi məlumatların qorunduğu E-hökumət portalına da tətbiq etmişəm. Parol da mobil telefonunun nömrəsidir. LastPass, KeePass kimi etibarlı parol qoruyucu proqramlarını az adam tanıyır. Yararlanan isə ondan da azdır.

E-hökumət portalında video təlimatlardan az istifadə edilir. Olan təlimatlar isə o qədər aydın deyil, üstəlik video təlimatda səs yoxdur. Təlimatı daha parlaq, cəlbedici etmək olardı: səs, animasiya elementləri vacibdir. Niyə? Çünki müasir insan informasiya dünyasında yaşayır, hər gün 100-lərlə məlumatı həzm etməlidir. Bütün günü telefonla oynayan gəncin ən azı diqqətini cəlb etmək özü də çətin məsələdir.

Maarifləndirici prosesdə mümkün olan hər vasitədən yararlanmalıyıq. Zaman ötdükcə E-hökumətə tərəf dönənlərin sayı artacaq, sadə və anlaşıqlı imkanlar yaradılmalıdır. İstər təlimat, istər hesabat, istərsə də müraciətlərin dolduruması baxımından.

Amma 100 təlimat olsa belə, bu iş yenə də kiməsə çətin görünəcək, kiməsə ASAN…

İsmayıl Rafiqoğlu

ismayilrafig (a) gmail. com


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar