Fontu böyüt:
Dünən, özünü Milli İnternetimizə daxil edən adı və şüarı ingiliscə, özü rusca olan xəbər saytların birində Milli İnternetdə təzə peyda olmuş növbəti iddialı layihələrindən birinin icraçı direktorunun İnternetimizin vəziyyəti ilə əlaqədar davamı gələcək analitik yazısının ilk hissəsi dərc olunmuşdur. Yazıda ortaya qoyulan bəzi müddəalara öz fikrimi bildirmək üçün və verilən bəzi suallara cavab vermək üçün ağlıma gələnləri bölüşmək istəyirəm.
Müqəddimə
Hələ əsrlər öncə “Xosrov və Şirin”də Nizamimiz bir nəsihət etmişdir: “Yüz nöqsanın varkən, dinmə sus barı, Özgədə axtarma o nöqsanları”. Nəyə görə inkişafın zəif olduğundan gileylərinik? Böyüklərimizin nəsihətlərinə qulaq vermədiyimiz üçün.
İcraçının analizləri
Azərinet-i seqmentlərə bölmək fikri gözəldi. Görəsən, icraçı direktor öz layihələrini hansı seqmentə daxil etmək niyyətindədir? Qrantların yeyilməsi üçün hazırlanan saytlara? Super-meqa-kvazi-pop-realiti-şou saytlara? Yoxsa dedi-qodu sarı məbuat saytlarına?
Şəxsən mən, dəyərli milli layihələrin bir çoxunu icraçının sadaladığı seqmentlərin heç birinə aid edə bilmərəm. Yəqin ki, gözəl fikrin reallaşdırması ilkin kamilliyini qoruya bilmədi.
Azərbaycan adlanan ölkənin əcnəbi-dillilərin istilası
Dəfələrlə elə fikrə gəlmişdim ki, Azərbaycan yeganə ölkədir ki, cibində xarici ölkənin pasportunu daşıyan vətəndaşlar yerli vətəndaşlara görə daha böyük hörmətə və imtiyazlara sahibdir. Bu şəraitdə əlbəttə ki “obrazavonski” görsənmək kompleksinə qapılmışlar əcnəbicə görsənmək, əcnəbicə hərəkət etmək və əcnəbicə danışmaq üçün əllərindən gələni etməyə çalışırlar.
Bu cür kompleksli insanlara İnternetimizi uyğunlaşdırmaq qəribədir deyilmi? Səbəb kompleksdir yoxsa tənbəllik? Ona görədirmi ki, azərbaycan istifadəçiləri üçün nəzərdə tutulmuş layihənin elektron poçtun kömək bölməsi rusca olaraq saxlanılmışdır. Ona görədirmi ki, layihənin Azərbaycan dilində axtarışı rusdilli xəbərlər saytlarında yer alır. Ona görədirmi ki, həmin layihənin icraçı direktoru rusdilli saytlarda rusca silsilə yazı müəllifi olub, milli internetə iradlarını dilə gətirir?
Cherches la femme – heç hənanın yeridir?
Alexa haqqında yazılanlara mız qoya bilmərəm, yazılanların hamısı gərçəkdir. Ancaq bu söhbətin açılmasının səbəbi nədir, bir anlam verə bilmədim. Müəmma olaraq uzun müddət qalmadı, bir sonrakı abzasda hər şey aydın oldu.
PR – Paxıllığın Realizəsi
Bütün hər şeyi ümumi problemlərin çətiri altında üstü örtülü şəkildə rəqib saytlara söz atmaq. Əlimizin çatmadığı milli saytlar, rəqib belə ola bilməyəcəyimiz xarici layihələr. Hamısı turşdur.
Kor kora kor deməsə...
Növbəti daşların kimin bostanına atıldığı bilinməsə də, Azərbaycan İnternet Forumunun daşı taqqıltıyla dəyib yerə düşdü. AİF-in üzvü olaraq daşın yerdə qalmasına imkan verə bilmərəm. Hal hazırda neçə Mb İnternet bağlantınız var? 1 il əvvəl neçə idi ve neçəyə idi? Benzin, işıq, su, qazın bahalaşdığı dövrümüzdə İnternet qiymətlərinin ucuzlaşması – əsas layihəmizdi. Xeyir iş gör, dənizə at, Xaliq bilər, balıq görməsə də olar...