Fontu böyüt:
Bu günlərdə olduqca aktual bir sayta daxil olub, orada müşahidə etdiyim vəziyyətdən sonra belə bir yazını yazmağa qərara gəldim. Saytın adını reklam olmasın deyə açıqlamayacağam. Məqalənin adını isə yuxarıda artıq oxumusunuz. Beləliklə qarşılayın — onlayn marketinq.
Tanıdığımız və tanımadığımız, bildiyimizi sandığımız və əsl onlayn marketinq nədir?
Tənbəllik edib, Wikipediya-dan ötə getmədiyimizdə belə kifayət qədər yaraşıqlı bir tərifə rast gəlmək olar: Onlayn marketinq, məhsul - qiymət - satış yeri - irəlilətmə kimi marketinqin əsas komponentlərinə toxunan ənənəvi marketinqin bütün aspektlərindən İnternetdə istifadə etmə təcrübəsidir. Buradakı əsas məqsəd, İnternetdəki potensial auditoriyadan maksimal effektin alınmasıdır.
Daha çox marketinqin ənənəvi komponentlərinə öyrəşdiyimiz üçün, İnternetdə istifadə olunduqda bir qədər fərqli məna daşıyan bildiyimiz terminləri bir daha izah etməyə ehtiyac hiss edirəm.
Məhsul (product) — müştəriyə təklif etdiyiniz şeydir. Bilavasitə məhsullar və ya xidmətlər toplusu ola bilər. Saytımız – məhsul deyildir! O haqda daha aşağıda söhbət açacağıq. Burada diqqət yetiriləsi başqa bir məsələ var: İnternet vasitəsi ilə təklif etməyə, “satmağa” çalışdığınız məhsulunuz keyfiyyətli olmalıdır! Normal marketinqdə qeyri-ənənəvi marketi nəzərə almasaq da, İnternet marketinqində bu önəmli bir nöqtədir, rəqabəti sadəcə başqa onlayn “satıcılarla” deyil, eyni zamanda ənənəvi “satıcılarla” da aparmaq məcburiyyətindəyik. Məhz buna görə də növbəti hissəyə diqqət.
Qiymət (price) — Azərbaycanda bu hələ bir o qədər də hiss olunmasa da, dünyada bu fakt artıq adət halını alıb ki, İnternetdə qiymət ənənəvi satış yerindəkindən daha ucuz olmalıdır. Bunun səbəbi həm bir az əvvəl söhbət etdiyimiz ikiqat rəqabət məsələsidir, həm də İnternetdə ənənəvi məsrəflərin olmamasındadır. Malınız keyfiyyətlidir? Çox gözəl! İnternet bazarına girişmisinizsə, qiymətlərinizi ənənəvi qiymətlərdən hiss olunacaq dərəcədə aşağı tutun, davamlı kontrol edin, rəqiblərinizin qiymətləri ilə müqayisə edin ki, qiymətlər də “alıcıları” onlayn ofisinizə cəlb etsin.
Satış yeri (place) — bəyaq “onlayn ofis” adlandırdığımız, “onlayn dükan” da deyə biləcəyimiz satışlarımızı edə biləcəyimiz yerdir, yəni ki, saytımız. Saytın qrafik dizaynı, usability adı verilən istifadə rahatlığı, sürəti v.s. kimi parametrlər haqda çox eşitmisiniz, odur ki, sayt istehsalını işini bilən professional kollektivlərə buraxmağınızı tövsiyə edərək, o aspektlərə dərinləşməyəcəyəm. Burada bizim əlavə olaraq diqqət yetirəcəyimiz aspektlər müştərilərimizlə satış əvvəli və sonrası münasibət imkanları (onlayn çat, 7/24 onlayn dəstək, call-centre v.s.), məhsul (xidmətin) çatdırılma şərtləri və onlayn ödəniş vasitələrin mövcudluğu və rahatlığıdır. Sizin saytınızda bunlar varmı? Varsa, qalır axırıncı məqam.
İrəlilətmə (promotion) — həm satış yeri olan saytınızın, həm də bilavasitə məhsul və ya xidmətlərinizin tanıdılması və populyarlaşdırılması üçün imkanlar toplusudur. Bu imkanlara çoxlu sayda mövcud alətlər daxildir. Bu həm artıq öyrəşdiyimiz banner reklamıdır, həm bir tərəfdən söydüyümüz, başqa tərəfdən isə istifadə etdiyimiz və gündəlik qarşılaşdığımız e-mail marketinq, həm artıq tanımağa başladığımız məzmun (content) reklamıdır, həm təzə çıxıb tez zamanda könlümüzü alan sosial şəbəkələrdə interaktiv marketinq, həm birbaşa onlayn satış ediriksə, təbii ki, affiliativ marketinq, həm, kreativliyimiz çatırsa, virus marketinq, həm dəbə düşüb, bəlkə də mənasını tam başa düşmədiyimiz SEO, həm gündən günə çoxalan bloqlarla münasibətlər, həm onlayn aksiyalar, həm.... say-say bitməz, ona görə də burada dursam yaxşıdır.
Yuxarıdakı abzası bir də yavaş-yavaş oxuyub, hər bir “həm”-in üzərində fikirləşməyinizi tövsiyə edirəm. Əslində bunların hamısını bilirik. Gündəlik həyatda tez-tez qarşılaşırıq. Ənənəvi marketinqdə bir çoxundan istifadə edirik. Bəs, onlayn marketinqlə məşğul olduğumuzu iddia etmək üçün hansılardan istifadə etmək lazımdır? Hamısından, və ya heç olmasa çoxundan! Niyə? Çünki başdakı onlayn marketinqin tərifində onu “marketinq vasitələrinin toplusu” kimi tanımışıq. Ancaq kompleks yanaşma tərzi ilə müvəffəqiyyəti əldə etmək mümkündür. Əks halda ancaq e-mail marketinqə və ya ayrı-ayrı saytlarda bannerlərə verdiyimiz pullar boşuna sərf olunacaqdır.
Bu məqamda bir aspektə daha toxunmaq istərdim: büdcəmiz. Büdcə, hansında ki, onlayn marketinq üçün imkanların ayrılmadığını bəhanə edə bilərik. Büdcəni əvvəlcədən planlaşdıran biz deyilikmi? İlin sonudur, cənablar. Gələn ilin marketinq planına onlayn marketinq üçün büdcənin ayrılmasını unutmamısınızmı?
Nəhayət, İnternet marketinqinin bonuslarından da söz açmağın vaxtı gəldi. İnternetin ən böyük gözəlliyi tamamilə açıq və hamıya əlçatan olmasındadır. Buna görə “büdcəmiz yoxdur” bəhanələri də qəbul olunmur. İnternet marketinq arsenalında bir çox alət tamamilə pulsuzdur, ancaq bizim həvəs və bacarığımızdan asılıdır.
Sosial şəbəkədə hesab açıb, səhifə yaratmaq, auditoriyanı dəvət etmək v.s. üçün bizdən pul tələb edənmi var? Potensial müştərilərimizə məhsulu və ya xidməti tanıdmaq məqsədilə, və ya sadəcə bayramını təbrik etmək bəhanəsi ilə e-mail göndərmək üçün əlavə vəsait tələb olunur? Saytımızı kütləvi ziyarət olunan saytda tanıtmaq üçün pul lazımdır? Son suala “hə” cavabını verənlər üçün növbəti məlumat.
Müvəffəqiyyətin sirlərindən biri də Araşdırmaq və Fürsətdən İstifadə Etməkdir. Daim axtarışda olun, tapın və istifadə edin. Hamı üçün üzvlüyü açıq foruma üzv olub, post yazıb məhsulunuzu tanıdın. Korporativ bloqunuzu (və ya onun bir klonunu) açıq bloqlar sistemində aparın. Reytinq sistemlərinə və şirkət – məhsul – xidmət kataloqlarına üzv olun. Elanlar saytlarında elan verin. Və nəhayət müsabiqələrdə iştirak edin.
Yuxarıda adını açıqlamaq istəmədiyim sayt Milli Net – Milli İnternet Müsabiqəsinin saytı (www.millinet.az) idi. Artıq 3-cü il keçirilən və sayılan bu müsabiqənin Korporativ Saytlar nominasiyasında saytınız yoxdursa, tələsin. Fürsətdən istifadə edin. Saytların qeydiyyatının başa çatmasına 7 gün qalıb. Həm müsabiqədə, həm də onlayn marketinq cəhdlərinizdə uğurlar arzulayıram!
Vahid Qasımov , "Sahil" - İT