İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı: 20

15 milyonluq Elektron hökumət Portalı və doğrulmayan ümidlər

27.04.2012 [18:12]

Fontu böyüt:      

2009-cu ildə,çox müəmmalı və qəribə də olsa bir xarici vətəndaşın (xanımın) rəhbərlik etdiyi qurum hansısa bir tenderdə qalib olub və Azərbaycanda “Elektron hökumət” quruculuğu ilə bağlı bu layihəni udub.
Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında İlham Əliyev “Elektron hökumət” barədə  danışıb. O, deyib ki,  Sərəncamı ilə bütün nazirliklər, dövlət qurumları “Elektron hökumət”in fəaliyyəti, biznes sahəsində icazələrin verilməsi məsələlərində şəffaflıq, operativlik, elektron xidmətlərin göstərilməsi ilə bağlı təkliflərini təqdim edib.
Ölkənin “Elektron hökumət” layihəsi ilə bağlı Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüzlə danışdıq.  O, “Elektron hökumət” portalının icrası üçün ayrılan 15 milyon manatın taleyinə aydınlıq gətirib. Müsahibədə “Elektron hökumət”in sirləri açılıb.

- Osman müəllim, elektron xidmətlərin göstərilməsi sahəsində mövcud vəziyyət nə yerdədir?

- Əlbəttə müəyyən işlər görülsə də xeyli problemlər qalmaqdadır. Bir çox dövlət qurumlarında hələ bu istiqamətdə bir irəliləyiş yoxdur.  Elektron xidmətlərin olduğu qurumların əksəriyyətində bu interaktiv deyil, əsasən informativ formadadır. Vətəndaşlar xidməti tam formada əldə edə bilmirlər, yalnız hansısa formanı doldurub, məlumat əldə edirlər. Ödəniş etmək, xidməti tam əldə etmək mümkünsüzdür. Prezidentin elektron xidmətlərlə bağlı 23 may tarixli sərəncamı vahid portalla bağlıdır. Portal çox ləngidildi və sonda məlum oldu ki , təqdim edəcək bir şey yox imiş. Hətta mövcud  olan elementar informativ xidmətləri belə Portala inteqrasiya edə bilməyiblər.

- Problem nədədir?  Nə üçün elektron xidmətlər yetərli deyil?

- İndiyədək xidmətlərin elektron formaya keçirilməsi istiqamətində büdcədən birbaşa hər hansı vəsait ayrılmayıb. Yalnız dövlət qurumları öz gücləri hesabına və ya hansısa  layihə hesabına  nəsə etməyə çalışıblar. Həm də konkret qurum rəhbərinin bu sahəyə münasibəti, kadr və maliyyədə əsas səbəblərdəndir. Xidmətin elektron formaya keçməsi bəlli bir vəsait tələb edir, elə mərkəzi icra orqanı var ki bu vəsaiti sadəcə tapa bilmirlər.

- Elektron hökumət Proqramı və bununla bağlı Layihə qəbul edilib. Onların icra olunması üçün vəsait ayrılıb…

- Yox, bu belə deyil. Bir daha vurğulayıram ki, nazirlik və dövlət komitələri, icra qurumları indiyədək xidmətlərin elektron formaya keçirilməsini, qəribə də olsa öz daxili imkanları, müəyyən layihələr hesabına  ediblər. Əgər siz 2009-cu ildən işə başlayan “Elektron hökumət dövlət informasiya sistemi” layihəsini nəzərdə tutursunuzsa, burada məsələ tamam başqa cürdür.
Bu layihəyə görə büdcədən təxminən 15 milyon manat ayrılıb, bildiyim qədər bundan dövlət qurumlarına  bir qəpik də çatmayıb. Bu layihə çərçivəsində vahid Elektron Hökumət Portalının yaradılması, dövlət qurumlarının göstərdikləri xidmətlərin vahid bir mərkəzdən idarə olunması təmin edilməli idi ki, bu da tam formada hələ ortada yoxdur. Bu səbəbdən də RTİN bir neçə dəfə  Portalın  təqdim olunma müddətlərini dəyişdirmişdi.

- Prezidentin bununla bağlı sərəncamı var və bu proses ötən il yekunlaşmalı idi.  Dövlət qurumlarının saytlarındakı xidmətlər nə üçün Portala inteqrasiya oluna bilmir?


- Real vəziyyət ondan ibarətdir ki, hansısa formada  Portal hazırlanıb, amma bir sıra dövlət qurumlarında olan xidmətlərin bura  inteqrasiyası ilə bağlı çox ciddi problemlər var. Güman edirəm ki, bunun səbəbi adı çəkilən Layihədən dövlət qurumlarına hansısa maliyyə-texniki dəstəyin göstərilməməsi, hər şeyi bu dövlət qurumlarının üzərinə qoyması və Portalın özünün qüsurları  ilə bağlıdır. Fikrimcə, RİTN Layihəyə yetərincə nəzarət edə bilmədi, vətəndaş cəmiyyətinin isə, (hətta nazir tərəfindən göstəriş verilsə də... O.G.) konkret bu proseslərdə iştirakına şərait yaradılmadı. İKT sektorunda belə fikirlər səslənir ki, bu Portal Layihəsinin arxasında böyük güclər dayanıb və belə olduqda heç RİTN-nin  bu layihəyə təsir imkanları olmayıb.

- Elektron hökumət Layihəsini  kim icra edir? Bu qurum necə müəyyən olunub?

- 2009-cu ildə, çox müəmmalı və qəribə də olsa bir xarici vətəndaşın (xanımın) rəhbərlik etdiyi qurum hansısa bir tenderdə qalib olub və Azərbaycanda “Elektron hökumət” quruculuğu ilə bağlı bu layihəni udub. Vətəndaş cəmiyyətinin təşəbbüsləri olsa da tender qalibi haqqında yetərli məlumat əldə etmək mümkün olmayıb. Artıq belə məlumatlar verilir ki, layihənin rəhbərliyi sadəcə bir saytı Portal olaraq hazırlayıb RİTN-ə verib və ölkəni tərk edib. Və RİTN məcburən bu portal üzərində özü işləməyə başlayıb. Təsəvvür edin ki, prezident sərəncamının preambulasında  elektron xidmətlərin göstərilməsində son məqsədin  məhz ölkədə şəffaflıq və informasiya açıqlığı olması qeyd edilib. Amma buna yönələn prosesin özü  qapalı aparılır. Milyonlarla vəsait ayrılan Layihənin adi bir informasiya yönümlü saytı yoxdur. Absurd bir situasiyadır. Bu sahə ilə məşğul olan şəxslər bilir ki, bizim şirkətlərimiz ayrılan pulun cüzi hissəsinə çoxdan bu portalı yüksək səviyyədə təhvil verə bilərdi.

- Siz Portalı nəzərdən keçirmisinizmi? Vətəndaşlar, hüquqi şəxslərə nə dərəcədə faydalı olacaq?

- Portal müəmmalı və qapalı bir mühitdə hazırlandı. Nəticə də göz qabağındadır. 2-3 il ərzində ortaya qoyulan budursa, sadəcə biabırçılıqdır. İlk andan görmək olar ki, vətəndaşa bəlkə gedib dövlət qurumunun ofisində xidməti almaq daha asan olacaq, nəinki portaldan. Sosial əhəmiyyətli və kütləvi xidmətlərin olmaması bir yana, portalın düz-əməlli domeni, rahatlığı, effektiv idarəetməsi, əks -əlaqə imkanı, izahat-kömək yönümlü audio-videoları, effektiv qeydiyyat mexanizmi, mobil versiyası, sosial mediaya inteqrasiyası və s yoxdur.  Heç olmasa xarici deyil, elə qonşu ölkələrin etdiklərinə baxa bilərdilər. Deyirlər ki, bu 1-ci fazadır. Bəs onda bu fazaların müddəti necə müəyyən olunub, növbətilər nə zaman olacaq. 15 milyonluq portal budursa, sonrakılar necə olacaq? RİTN -nin portalı nə üçün təqdim etmək istəmədiyini sonradan anladım.

- Bu yaxınlarda Prezident yeni bir dövlət qurumunun, Elektron hökumət Agentliyinin yaradılması haqqında sərəncam imzalayıb. Bu Elektron hökumət prosesini sürətləndirəcəkmi?

- Fikrimcə, burda düşündürücü məqamlar çoxdur.  Sərəncam təkcə məni yox, bu sahədə çalışan çoxlarını təəccübləndirib. Əksəriyyət gözləyirdi ki, bununla bağlı ya prezident, ya da ən azı Nazirlər Kabineti yanında hansısa bir Koordinasiya qurumu formalaşacaq. Çünki bu sahədə problem məhz koordinasiya, ciddi icra və maliyyə  ilə bağlıdır. Məhz  bu qurum müəyyən etməlidir ki, konkret hansı xidmət, sosial əhəmiyyətli, yoxsa adi bir xidmət,  hansı müddətdə və  formada, yəni informativ yoxsa interaktiv olaraq təqdim olunacaq? Dövlət qurumlarından bunu tələb etmək, bu prosesi koordinasiya etmək məncə Agentlik üçün  çox çətin olacaq.

- İndiyədək bu funksiyanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi icra edirdi?
 
- Əlbəttə. Daha doğrusu  RİTN-nin tabeliyində olan Məlumat hesablama Mərkəzi bu işi icra edirdi. RİTN səlahiyyətləri daxilində bu istiqamətdə müəyyən səylər göstərilirdi. Bundan artığını da gözləmək sadəlövhlük olardı. RİTN-nin problemi elektron hökumət prosesinə maliyyə dəstəyi və bu prosesə nəzarətlə bağlı idi. Dövlət qurumları  xidməti elektron formaya keçirmək üçün RİTN-dən vəsait istəyirdilər. Görünür, məhz nazirliyin təklifi əsasında büdcədən elektron hökumətlə bağlı vəsaitlərin bir mərkəzə cəmlənməsi ilə bağlı belə qurumun yaradılması təklifi verilib. Əlbəttə bununla maliyyə problemini həll edəcəklər. Amma problem təkcə bunda deyil. Bir daha bildirirəm ki, əgər bu Agentliyin dövlət qurumlarına təsir edəcək, nəzarət edəcək səlahiyyətləri olmayacaqsa, uğurlu nəticə gözləmək sadəlövhlük olardı. Burda söhbət Elektron hökumət qurmaqdan gedir. Hökuməti də necə ola bilər ki hansısısa agentlik qursun? Dünya təcrübəsi də göstərir ki bu tip metodlar effektiv olmayıb. Amma ola bilər ki, yaxın perspektivdə bu cür nəhəng və hədsiz səlahiyyətlərə malik RİTN ləğv olunaraq, onun əvəzində bir neçə qurumun yaradılması məsələləri nəzərə alınıb.

- Siz bu sahədə monitorinqlər aparırsınız. Hazırda proses nə yerdədir və son nəticələr nə zaman açıqlanacaq?

- Biz 6-cı ildir ki, dövlət qurumlarının informasiya açıqlığı məsələsini monitorinq edirik. Bu ildən isə dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin keyfiyyətini və hazırlıq vəziyyətini monitorinq edirik. Hər gün bir neçə Mərkəzi və yerli icra qurumunun internet resursunu araşdırırıq, nəticələr və tövsiyələri saytımızda yerləşdiririk. Güman ki mayın sonunda bununla bağlı geniş hesabatlar ictimaiyyətə təqdim olunacaq.

Sevinc VAQİFQIZI
Bizim Yol  qəzeti , 27.04.2012
 
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar