Microsoft şirkəti Facebook sosial şəbəkəsi ilə axtarış və kontekst reklam üzrə yeni sazişin imzalanması barədə elan edib. Sazişin şərtlərinə əsasən, Facebook Microsoft Live Search axtarış servisini öz saytında yerləşdirəcək və axtarışın nəticələrində Microsoft-un reklamlarını təqdim edəcək.
Cari ilin sonunadək dünya əhalisinin təxminən dörddə bir hissəsi, yəni 1.4 milyarda yaxın insan müntəzəm qaydada İnternet Şəbəkəsindən istifadə edəcək. Bu göstəricilər IDC şirkətinin yeni araşdırmalarında qeyd olunub. 2012-ci ilədək isə Şəbəkə imkanlarından, 1.9 milyarddan çox, yəni dünya əhalisinin təxminən 30% bəhrələnəcək.
«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin Azərbaycan dilinə tərcüməsi başa çatdırılıb. «Sinam» şirkətinin prezidenti Elçin Əliyevin verdiyi məlumata görə, şirkət üzərinə düşən bütün işləri artıq yekunlaşdırıb: «Hesab edirəm ki, əməliyyat sistemi və ofis paketinin Azərbaycan dilinə lokallaşdırılmış versiyaları yaxın zamanda geniş ictimaiyyət kütləsinə təqdim olunacaq».
Biri-birinin ardınca sayca 7-ci uğursuz rübdən sonra Advanced Micro Deviced (AMD) şirkəti baş direktor Qektor Ruizin hazırda prezident və baş əməliyyat direktoru Dirk Meyerlə əvəz olunması qərarına gəlib. Q.Ruiz isə öz növbəsində icraçı səlahiyyətli direktorlar şurasının sədri vəzifəsinə təyin olunub.
Biz artıq dünyada ən tanınmış axtarış sistemləri arasında baş verən sərt mübarizələrə öyrəşmişik. Bizlər, Google, Yahoo, MSN, Altavista, AOL və digərlərinin, bazarın hətda balaca hissəsi uğrunda ciddi döyüşlərə belə hazır olmalarına vərdiş etmişik. Ötən gün Hitwise şirkəti, ABŞ-da ən tanınmış axtarış sistemləri siyahısını yeniləşdirib. Hesabat ayı kimi, iyun ayı götürülüb.
Layihənin rəhbəri Osman Gündüz Layihə haqqında və Layihə çərçivəsində keçiriləcək məşğələlərin mövzuları və Trenerlər haqqında Jurnalistlərə məlumat verib. O, Layihənin əsas məqsədinin jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərmək, İnformasiya Cəmiyyətinin tələblərinə cavab verən jurnalistlər hazırlamaq, media subyektlərinin fəaliyyətini müasir tələblər baxımından təkmilləşdirmək üçün metodiki–informasiya dəstəyi verməkdən ibarət olduğunu qeyd edib. Mətbuat Şurasının sədr müavini Umud Rəhimli , BDU –nun Mətbuat Tarixi kafedrasının müdiri Cahangir Məmmədli və ekspert Azər Həsrət çıxış edərək Jurnalistlərin peşəkarlığı üçün İKT bacarıqlarına malik olmağın mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər və onlara Treninqlərdə uğurlar arzulayıblar.
Britaniya polisi, internet vasitəsi ilə 12 milyon dolların oğurlanmasında günahlandırılan, yenizellandiya xakeri Ouen Tor Uokerin istedadını xeyirli işə yönəltmək qərarına gəliblər. İndi xaker, “ümumdünya torunda” baş verən cinayətləri araşdıran bölmədə çalışacaq.
Bu gün, iyulun 11-də üçüncü nəsil mobil şəbəkələrdə işləyən Apple iPhone 3G mobil telefonlarının satışına başlanılıb. iPhone-un yeni modeli Apple rəhbəri Stiv Cobs tərəfindən iyunun 9-da təqdim edilib. Aparat şəbəkələrdə GSM/EDGE, UMTS/HSDPA standartlarının işini dəstəkləyir, həmçinin simsiz Wi-Fi (802.11b/g) və Bluetooth 2.0 şəbəkələrində işləyir. Özundən əvvəlki modeldən fərqli olaraq, iPhone 3G GPS peyk naviqasiya sisteminin inteqrasiya edilmiş qəbuledici ilə təchiz edilib. iPhone 3G-nin 8 qB yaddaşı olan modifikasiyasının dəyəri 199 dollar və 16 qB informasiya yerləşən versiyanın dəyəri 300 dollardır.
Vaşinqton və Kaliforniya universitetlərinin tədqiqatçıları oğurlanmış noutbukların axtarılması üçün nəzərdə tutulmuş Adeona sistemini yaradıblar. Pulsuz təqdim olunan açıq kodlu proqramla təchiz olunmuş yeni sistem noutbuka quraşdırılır və avtomatik sürətdə, noutbukun yerləşdiyi ərazi barədə OpenDHT serverinə şifrlənmiş məlumat göndərir. Proqram yalnız İnternetə qoşulduqda işləyir.
Sun şirkəti, gedişatında 1500-2500 əməkdaşının ixtisar edələcəyi struktur dəyişikliyi haqda fikirləşir. 1000 nəfərə yaxın əməkdaş Kanada və ABŞ-da ixtisar olunacaq. Məhz bu ölkələrdə, şirkətin ən “bahalı” əməkdaşları çalışır. Şirkətin etdiyi bəyanata görə, ixtisara nəinki fəhlə və mühəndislər düşəcəklər, ixtisar olunanlar arasında hətda top-menecment belə olacaq. Kimlərin şirkətin direktorlar şurasında kürsüsü ilə vidalaşacağı da dəqiqləşməyib. Həyata keçiriləcək struktur dəyişikliyii nəticəsində, 2008-ci ilin sonuna dək, Sun əməkdaşlarının 7%-i işdən azad ediləcək.
İlk üç satış günü ərzində dünya üzrə 1 milyondan çox iPhone 3G smartfonları satılıb. Milyonuncu telefon iyul ayının 13-də, bazar günü satılıb. Xatırladaq ki, yeni qurğu eyni zamanda 21 ölkədə ötən cümə günü satışa çıxarılıb. Ötən il, ilk üç satış günü ərzində cəmi 270 min birinci nəsil iPhone satılıb. Bir milyon iPhone satmaq üçün Apple şirkətinə 74 gün lazım olub.
Braziliyada İnternet-provayderlər bütün müştərilərinə dosyelər açacaqlar. Bu təklif, kibercinayətkarlıqla və internet şəbəkədə baş verən qanun pozuntuları ilə mübarizə üzrə yeni qanun layihəsi tərəfindən müəyyən olunub. Yeni qanuna əsasən, internet-provayderlər müştərilərinin şəbəkəyə qoşulmaları haqda informasiyanı üç ilə dək gizli saxlamağa borcludular və hüquq mühafizə orqanları onu istədiyi təqdirdə təqdim etməlidirlər. Bundan əlavə xidmət göstərənlər, internet şəbəkəsində baş verən istənilən cinayət barədə xəbər verməyə borcludular.
Facebook – ümumdünya sosial şəbəkəsi azərbaycan dilinə tərcümə olunur. Bu bərədə məlumat verən, könüllü tərcüməçilərdən biri Turxan Kərimov qeyd edib ki, hazırda bütün saytın tərcümə işləri başa çatmaq üzrədir. Şəbəkənin azərbaycan dilinə tərcüməsi nəticəsində saytda, ingilis dilini bilməyən azərbaycanlı istifadəçilərinin sayı artacaq, 1news yazır. Qeyd edək ki, hazırda Facebook-un dəstəklədiyi dillərin sayı 17-yə çatıb.
Bakı şəhəri, Teymur Əliyev küçəsi, 25 ünvanında yerləşən yeni Nar Mobile VİP Satış Mərkəzi istifadəyə verilib. Tədbirdə çıxış edən “Azərfon” MMC-nin baş direktoru Gido Helbix bildirib ki, yeni mərkəzi digərlərindən fərqləndirən əsas xüsusiyyət bu mağazada fiziki şəxslərlə yanaşı hüquqi şəxslərə də xidmətlərin göstərilməsidir. Mərkəzdə bütün mobil ödəmələrin qəbulu, eləcə də böyük çeşiddə ən yeni mobil telefon modellərinin satışı həyata keçirilir.
Fujitsu Siemens şirkəti özünün ucuz qiymətli noutbukunu təqdim etməyə hazırlaşır. Yaxın aylarda satışa çıxarılması nəzərdə tutulan noutbukun qiyməti 470-630 ABŞ dolları intervalında olacaq. Noutbukun texniki xüsusiyyətləri istehsalçı tərəfindən açıqlanmır. Yalnız məlumdur ki, yeni portativ kompüter 8.9 düym diaqonallı ekranla təchiz olunub, Windows XP əməliyyat sistemi ilə işləyir və Amilo istehsalat xəttinin bir hissəsi olacaq.Fujitsu Siemens-in noutbuklarının, ötən il buraxılan Asus şirkətinin Eee PC seriyasından olan ucuz qiymətli portativ kompüterləri ilə rəqabət aparacağı gözlənilir. Bundan əlavə artıq satışa həmçinin ucuz qiymətli hesab olunan MSI Wind və НР 2133 Mini-Note PC noutbukları çıxarılıb.